Qanazlığının ən böyük səbəbi dəmir çatışmazlığıdır

Əlamətləri isə çoxdur: halsızlıq, və təngnəfəslikdən tutmuş, yüksək nəbz və saç tökülməsinədək

Sağlamlığımızla bağlı problem yarananda, “qanını yoxlatdır”, “qan analizi ver”, “bəlkə qanın azdır?” kimi ifadələri tez-tez eşidirik. Qanın insan orqanizmi üçün müstəsna əhəmiyyətini tibbi savadı olmayanlar da yaxşı bilir. Bəs tibbi nöqteyi-nəzərdən qanazlığı nədir? Bu haqda mütəxəssislər nə deyir?

“Hemoqlobin və hemotokrit səviyyəsinin normadan aşağı olması qanazlığı kimi bildiyimiz anemiya halıdır. Hemoqlobin qanda oksigen daşımaq funksiyasını yerinə yetirən, qırmızı qan hüceyrəsi adlanan eritrositin əsas hissəsidir. Yetərincə qırmızı qan hüceyrəsinin sintezlənməməsi, qanama nəticəsində Hg itkisi, hemolitik anemiyalarda eritrosit ömrünün qısa olması, bəzi mikroelement və vitamin çatışmazlığı nəticəsində yaranan anemiyalar qanazlığının əsas səbəblərindəndir” – ATU-nun Tədris Terapevtik Klinikasının Hemotologiya şöbəsinin müdiri, I Daxili xəstəliklər kafedrasının əməkdaşı Şəhla Şabanova bildirir.

Onun sözlərinə görə, dünyada, eləcə də Azərbaycanda qanazlığının ən böyük səbəbi dəmir azlığıdır. Bu bütün qanazlığının təxminən 75%-ni təşkil edir. Adət görən gənc qadınlarda dəmir azlığının əsas səbəbi hər ay tsikl müddətində qanla birgə itirilən dəmirdir. Hamiləlik, südəmər, pubertat dövrlərdə dəmir istifadəsinin yüksəlməsi də qanazlığına səbəb ola bilir. Kişi cinsində izlənilən dəmir çatışmazlığında ilk olaraq ağla mədə-bağırsaq qanamaları gəlməlidir. Belə ki, bəzən bəsit dəmir çatışmazlığı mədə-bağırsaq sisteminin bədxassəli xəstəliyinin ilkin əlaməti ola bilir: “Bundan başqa, vitamin B12, fol turşusu çatışmazlığında megaloblastik anemiyaya rast gəlinir. Qırmızı ətin az istifadəsi vitamin B12, dəmir azlığına, tərəvəzin məhdud istifadəsi fol azlığına səbəb ola bilir. Həmçinin anadangəlmə qanazlıqları olan talassemiya, oraqhüceyrəli anemiyalar ölkəmizdə çox yayılıb. İrsi qanazlığı olan talassemiya üçün ölkəmiz endemik zona sayılır. Talassemiyanın ağırlıq dərəcəsinə görə əsasən 3 növü var. Ağır forma - Mayor Talassemiya, ara - Talassemiya İntermedia, yüngül forma - Talassemiya Minor (talassemiya əlamətini daşımaq) olaraq tanınır. Son illər nikah öncəsi talassemiya skrininqi aparılır ki, bu da talassemiyalı xəstələrin çoxalmasının qarşısını alır”.

Halsızlıq, tez yorulma, təngnəfəslik, baş dönməsi, ürək ritminin pozulması, yüksək nəbz, yuxuya meyillilik, saç tökülmə və bir çox ümumi şikayətlərin qanazlığının əsas əlamətləri olduğunu söyləyən müsahibimiz qeyd edir ki, ildə 1-2 dəfə qanın kontrol məqsədli ümumi analizinə baxılmalı, mümkün qan azlığı vaxtında aşkarlanmalı, müalicəsi aparılmalıdır. Əsasən yeniyetmə və gənc qadınlarda aylıq dönəmə bağlı qan azlığı dərinləşə bilər. Qan azlığının verə biləcək şikayət yelpazəsi çox genişdir. Belə ki, bəzən təngnəfəslik, bəzən ürəkdöyünmənin yüksəlməsi, bəzən isə saçtökülmə və ya dırnaq qırılması kimi şikayətlərlə özünü göstərir.

Qan azlığının fəsadlarından danışan həkim xatırladıb ki, qırmızı qan hüceyrələri orqanizmdə oksigen daşımaq funksiyasına sahibdir, anemiya   zamanı toxumalara yetərli oksigen təminatı pozulur və bu səbəbdən də daxili orqanlarda, əzələlərdə funksional pozğunluq yarana bilir. Dərin qan azlıqları zamanı (Hg-7 g/dl aşağı) beyin, ürək, böyrək toxumasının zədələnməsi orqan disfunksiyasına gətirib çıxarır.

Qanazlığının onlarla müxtəlif səbəbi olduğunu bildirən Ş.Şabanovanın fikrincə, anemiyanın ilkin müalicəsi altda yatan səbəbin araşdırılmasıdır: “Çünki anemiya bir xəstəlik deyil, şikayət və əlamətlər toplusudur. Sümük iliyi və ya xronik xəstəliklər, onkoloji xəstəliklər, irsi və ya qazanılmış hemoliz (qan parçalanması) də qanazlığının səbəblərindən hesab olunur. Ancaq gündəlik həyatımızda qanazlığının ən çox rast gəlinən növü dəmir defisitli anemiyadır ki, profilaktik olaraq qırmızı ət, meyvə-tərəvəz qidalanması məsləhət görülür. Bu qədər müxtəliflik göstərən anemiyaların müalicəsi həkim-hematoloq nəzarəti olmadan aparılmamalıdır”.