Ağciyərlərdəki “qalıq dəyişikliklər” nədir?

Ağciyərlərdəki “qalıq dəyişikliklər” nədir?

Bu suala ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov özünün feysbuk hesabında aydınlıq gətirib:

“Son zamanlar, əsasən də koronavirus pandemiyasından sonra müxtəlif müayinələr, xüsusilə də döş qəfəsi orqanlarının kompüter tomoqrafik müayinələrinin nəticələrində “ağciyərlərdə müxtəlif ölçülü düyünlər, fibroz dəyişikliklər və s. müəyyən edilir” kimi qeydlərlə tez-tez rastlaşırıq. Bu dəyişikliklər aşkar edilən pasiyentlərin bəziləri müxtəlif bronx-ağciyər şikayətləri (məsələn, öskürək, bəlğəm ifrazı, təngnəfəslik və s.) olanlar, bəziləri isə heç bir ciddi bronx-ağciyər narahatlığı olmadan, koronavirus pandemiyası dönəmindən, hətta həkim təyinatı olmadan çox istifadə edilən kompüter tomoqrafik müayinədən keçənlərdir”.

Onun sözlərinə görə, 200-ə yaxını səpələnmiş, ümumilikdə isə 800-ə yaxın olan bronx-ağciyər patologiyalarının əksəriyyətində sağaldıqdan sonra müxtəlif ölçülü dəyişikliklər (çapıq, fibroz, kalsinat, düyün və s.) qala bilər. Ancaq bəzi hallarda pasiyentlərdən keçirdiyi ağciyər xəstəlikləri haqqında dolğun məlumat toplamaq mümkün olmur və kompüter tomoqrafik müayinədə aşkar edilən “qalıq dəyişikliklər”in mənşəyini təyin etmək çətin olur. Bu bəzi hallarda xəstəliyin öz-özünə sağalması nəticəsində də baş verə bilər. Ancaq bəzi “qalıq dəyişikliklər”in diqqətdən qaçırılmaması və nəzarətdə saxlanılması lazımdır. Xüsusilə “düyün” formasında olan “qalıq dəyişiklikllər” bir sıra ağciyər patologiyalarının sağalması nəticəsində qalan qeyri-aktiv dəyişiklik olsa da, bəzi hallarda müxtəlif patologiyaların başlanğıc və ya kiçik mərhələsi də ola bilər.

“Bu qalıq dəyişikliklərin sayından və xüsusilə də ölçüsündən asılı olaraq, yanaşma taktikası haqqında protokollar mövcuddur” – bildirən mütəxəssis, qeyd olunan dəyişikliklər aşkar edilən pasiyentlərə təşvişə düşməməyi, ancaq təkcə kompüter tomoqrafik deyil, həmçinin kompleks klinik-laborator müayinə ilə dəyişikliyin mənşəyini müəyyənləşdirməyi və nəzarətdə saxlamağı tövsiyə edib.