Erkən aparılan düzgün müayinə ölüm faizini azaldır

Süd vəzi xərçənginin erkən aşkarlanmasının əhəmiyyəti haqqında fikirlərini bölüşən ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistenti Günel Əliyeva əvvəlcə bu istiqamətdə qazandığı elmi və praktik təcrübədən söhbət açıb. Uzun illər Moskva şəhərində yerləşən N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində çalışdığını bildirərək qeyd edib ki, bura Avropanın ən böyük elmi mərkəzlərindən biri hesab olunur. Çünki xəstələr mərkəzdə təkcə onkoloji müalicə, kimya terapiyası almır, həmçinin burada böyük bir radioloji institut fəaliyyət göstərir.

Bu radioloji institutda ordinaturanı bitirən və süd vəzi diaqnostikası şöbəsində çalışan G.Əliyeva, Qalina Korjenkova kimi məşhur bir mütəxəssisin, professorun rəhbərliyi altında çalışmağı özünün ən böyük uğuru hesab edir: “Bu mütəxəssisin rəhbərliyi altında süd vəzinin erkən xərçəngi növlərinin kompleks  müayinəsinə həsr olunmuş elmi işimi müdafiə etdim və vətənə qayıtdım. Hal-hazırda ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistentiyəm. Eyni zamanda Bakı Sağlamlıq Mərkəzində radiologiya şöbəsində şüa diaqnostikası üzrə həkim kimi çalışıram. Məqsədimiz xalqımıza xidmət etmək, qadınlarımızı maarifləndirmək, vaxtında apardığımız düzgün müayinələr nəticəsində süd vəzində olan bu və ya digər xəstəliklərin erkən aşkarlanmasına nail olmaqdır. Çünki erkən aparılan düzgün müayinə tədbirləri, əlbəttə ki, ölüm faizini azaldır. Yəni məqsəd 1 sm-ə qədər olan erkən xərçəngləri aşkar etməkdir. Bu halda proqnoz ölüm göstəricisinin 98-99 faiz azaldığını göstərir. Xərçəngin erkən aşkar edilməsinin əsas üstünlüyü odur ki, həm asan və yüngül müalicələrlə kifayətlənir, həm də kiçik əməliyyatlarla əlilliyə gətirib çıxarmayan müsbət nəticədə əldə edirik”.

Qadın bədəninin 18 yaşdan sonra tam formalaşdığını, hormonal statusunun stabilləşdiyini, ona görə də qızların 18, 20 yaşdan etibarən müayinəyə cəlb olunduğunu deyən həkim onu da bildirib ki, 20-40 yaş arası qadınları mammoqrafik müayinə etmək olmaz: “Çünki mammoqrafiyanın yüksək effektivliyinə baxmayaraq, cavan qadınlarda, hansı ki, süd vəzləri bu və ya digər səbəbdən yüksək sıxlığı ilə seçilir, onun nəticələri düzgün olmaya bilər. Biz mammoqrafik müayinə zamanı həmin yüksək toxuma fonunda dəyişikliyi görə bilmirik. Ona görə də 20 yaşdan yuxarı qızlarımız ancaq ultrasəs müayinəsindən keçməlidir. Ultrasəs müayinəsinin fiziki əsasları ionlaşdırıcı şüalar deyil, exo, yəni səs siqnalları olduğu üçün bədənə heç bir ziyanlı təsiri yoxdur. Bunu nəzərə alaraq biz qadınlarda erkən aparılan müayinəni USM müayinəsi ilə başlayırıq. Lakin burada bir müstəsna var, genlərdə olan müxtəlif mutasiyalar, xəstələrdə irsi faktorlara meyllilik, yəni ana, xala və digər qohumlarda təkrarlanmış süd vəzi xərçəngi və yaxud yumurtalıq xərçəngi varsa, biz bu qadınları mütləq gen analizinə göndəririk. Gen analizində mutasiya aşkarlanarsa, USM-dən əlavə MRT müayinəsinə də zərurət yaranır. Dünyada artıq bu praktika çoxdan və geniş tətbiq olunur. Bu qadınlarda USM və MRT mütəmadi aparılır, 35 yaşdan etibarən isə gen mutasiyası daşıyan xanımlara artıq mammoqrafik müayinə əlavə olunur. Toxuma sıxlığından və yaxud hansısa bir patologiyanın yayılması səbəbindən dəqiqləşdirici müayinə lazım olduqda, kontraslı MRT-yə müraciət edirik. Əldə etdiyimiz bütün radioloji məlumatdan sonra isə son sitoloji nəticəni patoloq-anotom deyir. Bunlar artıq invaziv müayinələrdir. İnvaziv metodlar vasitəsilə gördüyümüz törəmələrdən əldə etdiyimiz materialları histoloji müayinəyə göndərərək son nəticəni histoloqdan gözləyirik. Alınan nəticəyə uyğun olaraq müalicə və cərrahi əməliyyat taktikaları seçilir”.

Mammoqrafik müayinə zamanı müasir rəqəmsal aparatların rolundan da danışan G.Əliyevanın sözlərinə görə, müasir rəqəmsal sistemlərin klinik təcrübədə tətbiqi adi rentgenoqrafiyanın mənfi xüsusiyyətini kompensasiya etməyə imkan verir: “Belə ki, həm şəklin keyfiyyəti yaxşılaşır, həm də eyni zamanda bir neçə proyeksiyada alına bilər, kontrastlıq və parlaqlığı dəyişmək mümkündür, müəyyən hissəni böyüdərək baxmaq olur və s. Həmçinin plyonkadan fərqli olaraq bu sistemdə məlumatlar daha etibarlı qorunur. Unutmamalıyıq ki, hər bir radioloq üçün müqayisəli təhlil çox vacibdir. Əgər xəstə müəyyən müddətdən sonra gəlirsə, həkim 1 il, 6 ay əvvəlki nəticələri tutuşduraraq yeni bir törəmənin yaranıb-yaranmamasını dəqiqləşdirir. Yəni müxtəlif metodları müxtəlif şəkildə kombinə etdikdə, məlumat çox olur və düzgün diaqnoz qoymaq asanlaşır.