Sonsuzluğa aparan səbəblər – nəyə diqqət yetirməli?

Mütəxəssis abortun sonsuzluğa səbəb ola biləcəyini istisna etmir

Bəzən evli cütlüklər uzun müddət uşaq sahibi ola bilmirlər. Bir il ərzində qorunmadan cinsi həyat yaşayan qadının hamilə qala bilməməsi sonsuzluq kimi qiymətləndirilir. Bəzən isə artıq bir dəfə hamilə qalmış, uşaq sahibi olmuş ailələr sonradan buna nail ola bilmir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mamalıq ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu, uzman Dr. Əzəmət Qurbanova sonsuzluğun yaranması səbəbləri arasında ən çox ehtimal olunanları, ikincili sonsuzluq və ümumiyyətlə ginekologiya ilə bağlı bir sıra sualları cavablandırıb.

- Doktor, adətən belə fikirlər səslənir ki, ilk hamiləliyin abortla sonlandırılması sonradan sonsuzluğa səbəb olur. Bu iddia düzdürmü?

- Əgər abort xəstəxana şəraitində, peşəkar həkim tərəfindən qaydalara uyğun və düzgün üsullarla icra olunubsa, sonsuzluğa səbəb ola bilməz. Hətta abortdan cəmi bir necə ay sonra hamilə qalmaq mümkündür. Lakin qeyri-peşəkar abort zamanı yumurtalığın qaşınmasından sonra uşaqlığın çapıqlaşması, yaranmış digər problemlər sonsuzluğa səbəb ola bilər.

Ümumiyyətlə, xanımlarımız bilməlidir ki, abort hamiləlikdən qorunma yolu deyil. Əgər abortun səbəbi arzuolunmaz hamiləlikdirsə, həkimin təyin etdiyi kontraseptivləri istifadə edərək hamiləlikdən qorunmaq olar.

- Bəzən isə heç abort etməmiş, normal şəkildə uşağı olmuş ailələr də sonradan uşaq sahibi ola bilmir.

- Bunu biz ikincili sonsuzluq adlandırırıq. İkincili sonsuzluq əvvəllər normal yolla hamilə qalmış, doğum keçirmiş qadınların 6 ay ərzində qorunmadan cinsi əlaqədə olması qarşılığında hamilə qala bilməməsidir. İkincili sonsuzluğu doğuran əsas səbəblərdən biri hormonal balansın pozulması (xüsusilə də tiroid hormonların və prolaktin yüksəkliyi), yumurtalıqlarda yaranmış problemlərdir. Digər səbəb qeysəriyyə yolu ilə doğuşdan və ya qarın nahiyəsində keçirilən hər hansı cərrahi müdaxilədən sonra endometriozis - qarın boşluğu və çanaq boşluğu orqanlarının iltihabı prosesi ilə əlaqədardır. Yumurtalıqda yeni yaranmış poliplər və miomalar da hamiləliyə maneə yarada bilər. Kişilərin siqaret çəkməsi, istifadə etdiyi dərmanlar, keçirdiyi infeksiyalar nəticəsində sperma dəyərlərində şəkil və morfoloji dəyişikliklərin yaranması da ikincili sonsuzluğa səbəb olur. Və nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, abortlardan sonra icra olunan bəzi qeyri-peşəkar əməliyyatlar da belə problemlərə gətirib çıxara bilər.

- Uşaq sahibi olmaq istəyən cütlüklər nə zaman həkimə müraciət etməlidir?

- Əgər evli cütlük bir il ərzində həftədə minimum iki dəfə cinsi əlaqədə olmasına baxmayaraq, hamiləlik baş tutmursa, onda həkimə müraciət etmək lazımdır. Bəzi istisna hallarda bir il gözləmək lazım deyil, artıq 6 aydan sonra yoxlamaya getmək məsləhətdir. Məsələn, əgər qadının yaşı 35-dən yuxarıdırsa, aybaşı düzənsizliyi olursa, yaxın qohumlarında erkən klimaks varsa, bir qədər tələsmək lazımdır.

- Hamiləlik zamanı ikili test hansı hallarda icra edilir?

- İkili test hamiləliyin 10-14-cü həftələrində uşaqda Daun, Edvards və Patau sindromu, həmçinin digər fərqli xromosomal genetik xəstəliklərin mövcudluğu riskini dəyərləndirmək üçün aparılır. Anadan alınan qan nümunələri müxtəlif parametrlər üzrə qiymətləndirilir, həm də eyni zamanda ultrasəs müayinəsi ilə dölün böyümə və inkişafına baxılır.

USM zamanı ana bətnindəki uşağın kəllə sümükləri, beyninin içi, üz profili, ürəyinin 4 kamerası, şah damarları, ağ ciyərləri, mədəsi, sidik kisəsi, eləcə də qarın ön divarı və digər orqanları müayinə edilir. Eyni zamanda, plasentada dölətrafı mayenin, uşaqları qidalandıran damarlar və uşaqlıq boynunun müayinəsi aparılır. Müayinə və test nəticələrini əks etdirən xüsusi forma doldurulur. Bura ananın yaşı, kilosu, neçənci hamiləliyinin olması, ananın zərərli vərdişlərinin olub-olmaması, təbii və ya süni yolla hamiləliyin əldə olunması haqqında məlumatlar əlavə edilir. Qan analizinin nəticələri, əldə olunan məlumatların hamısı kompüter proqramına yüklənilir və kombinə testinə əsasən risk amilləri araşdırılır. Qeyd edək ki, ikili testin dəqiqliyi 85 faizdir. Test nəticəsində uşaqlarda yüksək risk olduğu müəyyən edilərsə, digər testlərin aparılmasına dair qərar verilir.

- Və sonda, ana olmağa hazırlaşan xanımları ən çox maraqlandıran suallardan biri - normal doğuş, yaxud qeysəriyyə əməliyyatına üstünlük vermək? Siz analığa namizədlərə hansını məsləhət görürsüz?

- Bəli, hamiləlik müddəti sona yaxınlaşdıqca, xanımları, xüsusilə ilk hamiləliyi olanları ən çox maraqlandıran sual budur. Hər kəs ənənəvi doğuşa əngəl olub-olmadığını soruşur. Lakin bu sualın birmənalı cavabı yoxdur. Çünki doğumun hansı formada aparılacağı hamiləlikdən, ana olmağa hazırlaşan xanımın orqanizmindən çox asılıdır. Belə ki, çox hallarda normal doğuşa hazırlaşdırsaq da, bəzən bir sıra səbəblərdən anaları qeysəriyyə əməliyyatına yönəldirik. Burada ən əsas məsələ sağlam uşağın dünyaya gətirilməsi, doğuşdan sonra sağlam ana ilə körpənin qovuşmasına yardımçı olmağımızdır. Bu, bizim əsas məqsədimizdir.