ATU-da “Məndən başlanır Vətən” adlı ədəbi-bədii tədbir keçirilib

Çingiz Əlləzov: ATU gənclərin hərtərəfli inkişafı sahəsində həmişə öndə olub

Müdafiə Nazirliyi və İRƏLİ İctimai Birliyinin təşəbbüsü həyata keçirilən “Əsgərin kitab rəfi” kitabtoplama aksiyası çərçivəsində adıçəkilən qurumların və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Məndən başlanır Vətən” adlı ədəbi-bədii tədbir baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, media mənsubları və tələbələr iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin dekanı, əməkdar həkim Çingiz Əlləzov “Məndən başlanır Vətən” adlı silsilə tədbirlərin birincisinin ATU-da keçirilməsinə görə İRƏLİ İctimai Birliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Tibb Universiteti gənclərin hərtərəfli inkişafı sahəsində həmişə öndə olub. Ordu sıralarında xidmət göstərən hərbi qulluqçuların savadlı, intellektual, vətənpərvər yetişdirilməli və Vətənə, dövlətə sadiq tərbiyə olunmalı olduğunu bildirən Çingiz Əlləzov bu istiqamətdə böyük əhəmiyyətə malik “Əsgərin kitab rəfi” aksiyasına uğurlar arzu edib.

Daha sonra çıxışçılar – Vətən müharibəsi iştirakçısı, Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilmiş İRƏLİ İB-nin sədri Şahin Rəhmanlı, Azərbaycan Ordusunun polkovniki, Əməkdar incəsənət xadimi, Zəfər və Qələbə paradının ssenari müəllifi və aparıcısı Abdulla Qurbani gənclərin hərbi-vətənpərvərlik mövzularında təşkil olunan müxtəlif layihələrdə iştirakından söhbət açıblar. Natiqlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindən sonra xalqımızın yeni dövrə qədəm qoymasında gənclərin hərtərəfli inkişafı böyük rol oynayır. Ötən ilin sentyabr ayında baş tutan antiterror tədbirlərində də Azərbaycan gəncliyinin bir daha öz sözünü deməsi bu istiqamətdə görülmüş işlərin bariz nümunəsidir.

Çıxışçılar bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbələr yaşayacağımıza və müstəqilliyimizin əbədi olacağına əminliklərini ifadə ediblər. Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin nəzdində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, əməkdar artist, polkovnik Cahangir Qurbanov, vokal qrupu və mahnı-rəqs ansamblının ifasında ədəbi, musiqili, xoreoqrafik konsert proqramı təqdim olunub. Daha sonra ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində Teatr Klubunun üzvləri "Əlvida" tamaşasını nümayiş etdiriblər. Tədbirin sonunda xatirə şəkli çəkdirilib, Azərbaycan Tibb Universiteti tərəfindən “Əsgərin kitab rəfi” aksiyası üçün toplanmış kitablar İRƏLİ-yə təhvil verilib.

Xatırladaq ki, bu aksiyasının keçirilməsində əsas məqsəd əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, eləcə də gənclər arasında mütaliəyə marağı artırmaqdır. Ötən il aksiya çərçivəsində 12 mindən çox kitab toplanaraq işğaldan azad olunmuş ərazilərdəki hərbi hissələrə göndərilib.