Qulaqcıqdan gün ərzində maksimum 2 saat istifadə etmək məqsədəuyğundur

Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti Şirazi İbrahimov: "Qulaqcıqdan gün ərzində maksimum 2 saat istifadə etmək məqsədəuyğundur"

Müasir dövrdə texnologiyaların inkişafı müsbət nəticələri ilə yanaşı, zərərli xüsusiyyətləri ilə də diqqətimizi cəlb edir. Son illər qulaqcıqlardan istifadə edənlərin sayı getdikcə artmaqda davam edir. Bunu nəzərə alaraq, qulaqcıqlar haqqında qısaca ümumiləşdirilmiş məlumat vermək istərdim.

İlk baxışda qulaqcıqların ictimai məkanlarda, nəqliyyat vasitələrində, yolda və s. yerlərdə istifadəsi müsbət amil kimi dəyərləndirilə bilər. Çünki hər kəs asayişi nəzərə alaraq musiqi və ya digər səsləri heç kimi narahat etmədən özü dinləyir. Amma bu texniki vasitədən həddindən artıq istifadə edənlər yavaş-yavaş tərki-dünya olur, sosial mühitdən, ətraf aləmdən uzaqlaşırlar. Nəticədə onların əsəb-sinir sistemində, psixikasında mənfi dəyişiklik, insanlarla ünsiyyət qurmalarında problemlər yaranır. Yanlarında baş verən hadisələrdən xəbərsiz olur, öz aləmlərində yaşayır, bir müddətdən sonra reallıqdan uzaqlaşmağa başlayırlar.

Eyni zamanda, yüksək səslə musiqi dinləmək daxili qulaqda eşitmə siniri hüceyrələrinə mənfi təsir edir, belə hal uzun müddət davam edərsə, qulaqlarda küy, eşitmə zəifliyi, hətta karlıq yarana bilər. Qulağında xəstəliyi və eşitmə zəifliyi olanların qulaqcıqdan istifadə etməsi məsləhət görülmür. Sağlam insanların isə qulaqcıqlardan gün ərzində aşağı səslə, maksimum 2 saat istifadə etməsi məqsədəuyğundur. Hər bir insanın xarici qulaq keçəcəyinin öz xarakterik ölçüsü var. Ona görə də qulaqcıqlar ölçülərə uyğun seçilməlidir ki, istifadəçilər sonradan əlavə problemlərlə üzləşməsinlər.

Qulaqxarici qulaqcıqlardan fərqli olaraq, qulaqiçi qulaqcıqlardan istifadə etdikdə, təbil pərdəsinə daha yaxın yerləşdiyi üçün yüksək səslə dinləmələr eşitmə üzvlərinə daha çox zədələyici təsir göstərir. Qulaqcıqlardan mütəmadi olaraq istifadə etmək tədricən asılılıq yaratmaqla yanaşı, həm də bir müddət keçdikdən sonra həmin səs qulağa kifayət etmədiyi üçün tədricən səsi artırmaq ehtiyacı yaranır.

Xəstəliklərin statistikası göstərir ki, qulaqcıqlardan nizamsız istifadə nəticəsində zəifeşitmə və karlıq getdikcə cavanlaşmaqdadır.

Normada insanlar 16 Hers ilə 20.000 Hers tezliyi aralığında olan səsləri eşidirlər. Səsin gücü isə desibellə ölçülür. 110-130 desibeldən yuxarı səslər insanlara çox pis təsir göstərir. 500-4000 Hers tezliyində və 25-30 desibel gücündə olan səslər insanlar üçün ən optimal səslər hesab olunur. Səsin gücünü artırmaq, yəni 60 və daha çox desibel səslə uzun zaman musiqi dinləmək sensonevral ağır eşitmələrə səbəb ola bilər.

Bütün bunlarla yanaşı, qulaqcıqlar keyfiyyətli olmaqla bərabər, eyni adam tərəfindən istifadə olunmalı, istifadədən əvvəl nəm salfetlə silinməli, hər yarım saatdan bir 5-10 dəqiqə müddətinə qulaqdan çıxarılmalı və 30 desibelə qədər səslə dinlənilməlidir.

Göstərilənlər nəzərə alınmaqla qulaqcıqlardan istifadə edilərsə, tərləmələrin, infeksiyaların və daxili qulaq xəstəliklərinin əmələ gəlməsinin qarşısını qismən də olsa ala bilərik.