Malyariya hər il 300 milyon insanı xəstələndirir, yarım milyonun həyatına son qoyur

Ölkəmizdə bu xəstəliyə yerli yoluxma halları olmasa da, mütəmadi əks-epidemik tədbirlər aparılır

Hər il aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul edilib. Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Hər il dünyada təxminən 300 milyondan çox şəxs malyariyaya yoluxur, yarım milyona yaxın şəxs həyatını itirir.

Bəs ölkəmizdə bu istiqamətdə vəziyyət necədir, malyariyaya qarşı mübarizə necə aparılır? Bu barədə suallarımızı Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının dosenti Elman Vahabov cavablandırır.

Onun bildirdiyinə görə, malyariya hazırda ölkəmizdə ləğv olunma mərhələsindədir: “Çünki yerli yoluxma yoxdur. Ancaq xaricdən gələnlər hesabına tək-tük yoluxma halları qeydə alınır. Yəni yerli yoluxma olmadığına görə, biz elminasiya mərhələsindəyik. Təqribən 2013-cü ildən bu yana bizdə yerli yoluxma halları qeydə alınmır. Amma buna rəğmən arxayınlaşmırıq, bu istiqamətdə hər il əks-epidemik tədbirlər aparılır”.

Dosent E.Vahabov ölkəmizdə Aran bölgəsinin malyariya ilə bağlı təhlükəli zona hesab olunduğunu diqqətə çatdırıb. Çünki bu zonada malyariyanın yayılması üçün əlverişli mühit var: “Bu ilk növbədə iqlim şəraiti ilə bağlıdır. Aran zonasında kifayət qədər bataqlıqlar, gölməçələr mövcuddur. Məsələ burasındadır ki, nə qədər bataqlıqlar, gölməçələr və ağcaqanadlar olsa belə, havanın temperaturu 16 C-dən yuxarı qalxmırsa, malyariyaya yoluxma mümkün deyil. Malyariyanı anofeles cinsindən olan ağcaqanadlar yayır. Dünyada 100-dən artıq növü olan bu cinsin bizdə 11-dək növü mövcuddur. Ona görə də ölkəmiz malyariyaya görə endemik ərazi hesab olunur. Yəni həm iqlim şəraiti, həm də ağcaqanadların çoxlu növlərinin olması imkan verir ki, yoluxma halları baş versin. Bu səbəbdən əks-epidemik tədbirlər həmişə aparılır”.

E.Vahabov bu tədbirlərin bir neçə qrupa bölündüyünü, bunlardan birincisinin müalicə-profilaktika tədbirləri olduğunu bildirib: “Əhali arasında daim yoxlamalar aparılır, qan analizləri götürülür, xəstəxanaya müraciət edən malyariya şübhəsi olan şəxslər müayinə olunur. Yəni dalaq və qaraciyər böyüməsi, anemiyası, yüksək temperaturu olan və endemik ərazidən gələn şəxslərdən qan analizləri götürülür. Temperaturu yüksək olan istənilən şəxsdən mütləq malyariya ilə bağlı qan götürülür ki, xəstəlik aşkar olunarsa, müalicə edilsin. İkinci qrup isə ağcaqanad əleyhinə tədbirlərdir. Dezinseksiya adlanan bu tədbir hər il dövlət səviyyəsində gigiyena və epidemiologiya mərkəzləri tərəfindən aparılır. Ağcaqanad çox olan binaların zirzəmiləri dərmanlanır. Bundan başqa, göllərin və gölməçələrin dərmanlanması da aparılır ki, buna da delarvasiya deyilir. Əlavə tədbirlərdən biri də bioloji xarakterlidir. Belə ki, qambuziya balığı gölməçələrə buraxılır. Olduqca acgöz və məhsuldar olan bu balıqlar gölməçələrdə ağcaqanadların süfrələrini yeyir. Çox effektli mübarizə formasıdır”.

Dosent malyariyanın növləri, inkubasiya dövrü, xəstəliyin əlamətləri barədə geniş məlumat verib: “Malyariyanın üçgünlük, dördgünlük və digər növləri mövcuddur. Üçgünlük malyariyada hər 3 gündən bir xəstədə malyariya tutmaları baş verir. Əvvəlcə inkubasiya dövrü olur. Yoluxandan sonra bir müddət xəstədə hiss olunmur. İnkubasiya dövrü bitdikdən sonra klinik əlamətlər dövrü başlayır. Tutma necə olur? Əvvəlcə möhkəm titrədir, sonra temperatur 40-41C dərəcəyə qalxır. Bir neçə saat titrətmə, bir neçə saat da yüksək hərarət baş verir. Xəstədə çoxlu tərləmə olur, sonra hərarəti qəflətən düşür. Bu proses bir günün içərisində baş verir. İkinci gün heç bir əlamət hiss olunmur. Elə bil insan yenidən dünyaya gəlir, üçüncü gün isə tutma yenidən baş verir”.

Dünyada malyariyaya yoluxma hallarının 90 faizinin Cənubi Afrika və Saxaranın payına düşdüyünü əlavə edən mütəxəssisin sözlərinə görə, həmin ərazilərdə aparılan tədbirlər demək olar ki, heç bir nəticə vermir.