ATU-nun əməkdaşları qida təhlükəsizliyi simpoziumunda çıxış ediblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə qida təhlükəsizliyi simpoziumu keçirilib.

ADA Universitetində baş tutan tədbirdə layihə çərçivəsində görülən işlərə dair hazırlanan tanıtım videoçarxının nümayişi olub. Simpoziumda Agentlik sədrinin müavini Zəkiyyə Mustafayeva ölkədə qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. Bildirib ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.

Tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, II tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyini qeyd edib. ADA Universitetinin Kənd təsərrüfatı və qida fakültəsinin dekanı Matteo Vittuari çıxışında Agentliklə universitet arasında əməkdaşlıq perspektivlərindən danışıb.

Tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan paneldə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov, həkim-diyetoloq Tutu Zeynalova və qida üzrə mütəxəssis Fərid Səfərov çıxış edib. “Şəkər istehlakının azaldılması yolları” mövzusunda baş tutan ikinci paneldə isə Agentliyin tabeliyində olan AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, ÜST-ün ölkəmizdəki nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramlarının rəhbəri dr. Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, araşdırmaçı marketinq eksperti Orxan Şahbaz, Azərbaycan Tibb Universitetinin əməkdaşları - II Uşaq xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, həkim-pediatr Qoşqar İsmayılov və ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva çıxış ediblər.

Qeyd edilib ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.