Azərbaycan Tibb Universitetinin İntizam komissiyası

      İntizam komissiyası- Azərbaycan Tibb Universitetinin  əməkdaşları və təhsilalanları tərəfindən yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün   daim   fəaliyyət göstərən kollegial orqandır.  İntizam komissiyasının fəaliyyətinin və işinin təşkili qaydalarını  onun Əsasnaməsi ilə müəyyən edir.         

  Azərbaycan Tibb  Universitetinin İntizam komissiyası öz fəaliyyətində Azərbaycan Respublikası  Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Tibb Universitetinin  Nizamnaməsini, “Azərbaycan Tibb Universitetinin daxili intizam qaydalarını” və öz  Əsasnaməsini rəhbər tutur. İntizam komissiyasının  fəaliyyətinin əsas məqsədləri  Azərbaycan Tibb Universitetinin  “Daxili intizam qaydaları”-nın əməkdaşlar və təhsilalanlar tərəfindən əməl olunmasına nəzarətin həyata keçirilməsi, həmin qaydaların pozulmasının qarşısının alınması və pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiq edilməsi sahəsində Azərbaycan Tibb Universitetinin işinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.  

 İntizam komissiyasının üzvləri eyni hüquq və vəzifələrə malikdirlər.          

İntizam komissiyası öz fəaliyyətində aşağıdakı prinsipləri əsas götürülür:  

    a) bərabərlik prinsipi: intizam qaydalarını pozmuş  əməkdaş və ya təhsilalan irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar;    

    b) ədalət prinsipi: intizam qaydalarını pozmuş əməkdaşa və ya təhsilalana tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 

 c) humanizm prinsipi: intizam qaydalarını pozmuş  əməkdaş və ya təhsilalana tətbiq edilən intizam tənbehi insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.        

 Məsuliyyət məsələsinə baxılan əməkdaş və yaxud təhsilalana iclasın günü barədə müvafiq  qaydada  dəvət edilir.  İnzibati tənbehi tətbiq etməzdən  əvvəl əməkdaşdan və ya təhsilalandan yazılı formada izahat tələb olunur.  İşçinin və yaxud tələbənin izahat verməkdən boyun qaçırması inzibati tənbehi tətbiq edilməməsi üçün əsas ola bilməz.

 İntizam pozuntusu ilə bağlı hər hansı bir qərar iclasda iştirak edən komissiya üzvlərinin  say coxluğu ilə qəbul olunur.  

İntizam komissiyası aşağıda qeyd olunan intizam tənbehlərinin verilməsi barədə qərar qəbul edilə  bilər:    

 Əməkdaşlara:    

 -töhmət;    

 - sonuncu xəbərdarlıqla siddətli töhmət;    

 - kollektiv müqavilədə tutulmuşdursa, aylıq əmək haqqının ¼-I məbləğindən çox olmamaq şərti ilə cərimə  etmək;    

- əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə ləğv etmək.

Təhsilalanlara:       

-töhmət;      

-şiddətli töhmət;

-Universitetdən xaric olunma.    

İntizam  komissiyasının qərarı dərhal elan edilir.