(+99412) 597-38-98

Elmi istiqamət

Son illərdə bütün dünyada yeni texnologiya və müalicə üsullarının insan ömrünün uzanmasına şərait yaratdığı müşahidə edilir, bu da yaşlıların sayının artmasına səbəb olur. Uzun ömürlülük nəticə etibarilə yaşlı insanların sayını cəmiyyətdə artırır və bəzi problemlərə yol açır. Belə ki, müalicəsi dövlət proqramı ilə qarşılanan xəstələrin artması nəticəsində  büdcədən böyük maliyə vəsaitinin xərclənməsinə səbəb olur.

Ailə təbabəti kafedrasının elmi araşdırmalarının istiqaməti yaşlı əhalinin xəstəliklərinin erkan aşkarlanması, müalicə və profilaktikasına yönəlib. Əməkdaşlarımız, başda kafedra müdiri M.S.Salihov olmaqla bu mövzu ilə bağlı müxtəlif seminar və simpoziumlarda iştirak edərək, Azərbaycanda yeni yaradılacaq olan İcbari Tibb Sığorta konsepsiyasının yaradılmasında məsləhətçi qismində yer almışlar. Müasir təbabətin digər aktual məsələsi isə sağlamlıq və əmək qabiliyyətinin qorunmasıdır. Məlum olduğu kimi 55-60 yaş arası  kişilərin orqanizmi hormonal dəyişikliyə məruz qalır və mərhələ andropauza dövrünə təsadüf edir. Bu da öz növbəsində bir sıra somatik (arterial hipertenziya, ÜİX, prostat adenoması, ateroskleroz, tip 2 Şəkərli diabet və s.) və psixoloji xəstəliklərə yol açır. Analoji vəziyyət müəyyən yaşdan sonra qadınlarda da müşahidə edilir, hətta qeyd etmək lazımdır ki, onlarda kişilərə nisbətən hormomonal dəyişikliklər daha ağır gedişat alır. Bu dövr qadınlarda menopauza adlanır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Ailə təbabəti kafedrasında andro və menopauzanın mənfi təzahürlərinin azalmasına yönəlik tədqiqatlar aparılır. Aparılan araşdırmalar yaşlı əhalinin hormonal statusundakı dəyişikliklərini aşkarlayaraq somatik xəstəliklərin profilaktikası və müalicəsi məsələlərini mükəmmələşməsinə şərait yaradır. Müşahidələr Bakı şəhərinin poliklinikaları və Təcili yardım stansiyalarında həyata keçirilir.