Elmi istiqamət

Hesabat ilində kafedrada aparılan elmi problemlər davam etdirilmiş və plan əsasında tədqiqat işləri aparılmışdır. Bətnxarici inkişaf dövrünün müxtəlif yaş dövrləri üzrə insan bədənin antropometrik xüsusiyyətləri, topoqrafiyası, kəllənin kraniometrik prinsipləri tədqiq edilmişdir. Bu mövzu hissəinə müvafiq 5 elmi-tədqiqat işi aparılmışdır.

I elmi-tədqiqat işi (mərhələ 3): Bətnxarici inkişafda kəlləsi müxtəlif formaya malik insanlarda göz yuvasının aşağı yarığının morfoloji və ölçü göctəricilərinin xüsusiyyətləri

Elmi rəhbər:    RTEA-nın akademiki, ə.e.x., t.ü.e.d., professor V.B.Şadlinski

          İcraçı:                                                                       ass. S.D.Qarayeva

Dissertasiya işinin mövzusu  və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 22 may 2014-cü il tarixli iclasında (protokol № 08) təsdiq olunub.

İşin əhəmiyyəti: Göz yuvasında aparılan müxtəlif oftolmoloji, cərrahi və neyrocərrahi müdaxilələr kəllənin bir sıra tipoloji xüsusiyyətlərinin yenidən işlənilməsini gündəmə gətirir. Bu baxımdan göz üçün yuva funksiyası yerinə yetirən və qonşu törəmə və boşluqlarla çoxsaylı əlaqəyə girən gözyuvasının, eləcə də onun göz yuvasıaltı yarığının morfoloji ölçü göstəricilərinin individual, yaş aspektində əldə etdiyi dəyişikliklərin öyrənilməsi əhəmiyyətlidir.

İşin aktuallığı: Göz yuvasıaltı yarığın forma, ölçü dəyişiklikləri və yaş xüsusiyyətinin cins baxımdan öyrənilməsi müasir üz-çənə cərrahiyyəsinin tələblərinə müvafiq olub, aktuallığa malikdir.

İşin məqsədi: Bətnxarici inkişafda müxtəlif kəllə formalarına malik insanlarda gözyuvasıaltı yarığın forma, ölçü göstəricilərinin yaş və cinsi xüsusiyyətini müəyyənləşdirməkdir.

İşin tədqiqat obyekti:ATU-nun insan anatomiyası kafedrasının fundamental muzeyində saxlanılan, müxtəlif yaş qruplarını əhatə edən pasportlaşdırılmış, müxtəlif cinslərə malik insan kəllələrindən istifadə olunacaqdır. 

İşin üsulları: Qarşıya qoyulan məqsədə çatmaq üçün kraniometriya, fotometriya və alınmış nəticələrin riyazi analizi – variasion-statistik üsullardan istifadə olunacaqdır. 

İşin nəticəsi: 2013-cü ildən götürülmüş işin2017- ci ilə uyğun 4-cü  mərhələsində dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyat məlumatları və tədqiqatın ilkin materialları toplanılmış, bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid olan insan kəllələrinin üz şöbəsində kraniometrik göstəriciləri ölçülmüş, alınmış nəticələr protokollaşdırılmışdır. Tədqiqat nəticəsində əldə olunmuş dəlillər əsasında 2017-ci ildə 1 tezis dərc olunmuşdur. Dissertasiyanın “Ədəbiyyat icmalı” və “Tədqiqatın material və metodu”, “Şəxsi tədqiqatın nəticələri”, “Tədqiqatın nəticələrinin müzakirəsi ”, “Ədəbiyyat siyahısı” fəsillərinin ilkin variantı hazırlanmışdır.

İşin elmi yeniliyi: Tədqiqatda ilk dəfə olaraq bətnxarici inkişafın  erkən, I və II uşaqlıq, yeniyetmə , gənclik, I və II yetkinlik, ahıl yaşı dövrlərinə və hər iki cinsə aid insan kəllələrində gözyuvasıaltı yarığın morfometrik ölçülərinin sağ və sol tərəfdə müqayisəsi aparılacaq, fərqli tipləri müəyyənləşdiriləcək.

İşin tətbiq sahəsi: insan anatomiyası kafedrası (mühazirə materialları), operativ cərrahlıq və topoqrafik anatomiya, məhkəmə təbabəti, patoloji anatomiya, üz-çənə cərrahlığı və otolaringologiya kurslarında mühazirə və seminarlar.

 

II elmi-tədqiqat işi (II mərhələ):   Postnatal ontogenezdə qanadabənzər - əng yarığının morfologiyası

Elmi rəhbər:                RTEA-nın akademiki, ə.e.x., t.ü.e.d., prof. V.B.Şadlinski

İcraçı:                                                                                      ass. K.C. Quliyeva

Dissertasiya işinin mövzusu  və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 20 may 2016-cı il tarixli iclasında (protokol № 08) təsdiq olunub.

İşin əhəmiyyət və aktuallığı: Qanadabənzər-əng yarığının özünün və onunla qonşu sümük strukturlar arasındakı məsafənin yaş, tipoloji və fərdi dəyişkənliklərinin öyrənilməsi qanadabənzər-damaq çuxurunda yerləşən damar-sinir dəstələri üzərində aparılan cərrahi əməliyyatların seçilməsində xüsusi əhəmiyyət kəsb edir.

İşin məqsədi: Postnatal ontogenezin müxtəlif mərhələlərində insan kəlləsinin kraniotiplərindən asılı olaraq qanadabənzər-əng yarığının fərdi, tipoloji və yaş xüsusiyyətlərini, eləcə də həmin törəmənin onu əhatə edən anatomik strukturlarla (girdə dəlik, əsas-damaq dəliyi, damağın böyük kanalının yuxarı dəliyi, almacıq qövsü və göz yuvasının aşağı-bayır bucağı) qarşılıqlı münasibətini öyrənməkdən ibarətdir.  

İşin tədqiqat obyekti:Tədqiqat obyekti kimi ATU-nun insan anatomiyası kafedrasının fundamental muzeyində saxlanılan, müxtəlif yaş qruplarını əhatə edən pasportlaşdırılmış insan kəllələrindən istifadə olunacaqdır. İşin gedişi zamanı 150 insan kəlləsinin tədqiq olunması nəzərdə tutulmuşdur.

İşin üsulları: Qarşıya qoyulan məqsədə çatmaq üçün kraniometriya, fotometriya və alınmış nəticələrin riyazi analizi – variasion-statistik üsullardan, kraniometriya və müasir rəqəmli fotometriya metodlarından istifadə olunacaqdır. 

İşin nəticəsi:  İşin2017- ci il  I mərhələsində dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyat məlumatları və tədqiqatın ilkin materialları toplanılmış, tədqiqat üsulları texnikası mənimsənilmiş, kafedranın fundamental muzeyində saxlanılan, müxtəlif yaş qruplarını əhatə edən pasportlaşdırılmış insan kəllələrinin tədqiqatı nəticəsində əldə olunmuş dəlillər əsasında məqalə və tezislər dərc olunmuşdur. Dissertasiyanın “Ədəbiyyat icmalı” və “Tədqiqatın materialı və üsulları”, eləcə də şəxsi tədqiqata əsaslanan fəsillərinin fraqmentlərinin ilkin variantı hazırlanmışdır. 2017-ci ildə mövzuya dair 2 tezis (1 yerli və 1 xarici) və 1 məqalə (“Морфологические ведомости” jurnalı)  dərc olunmuşdur. İş davam etdirilir.

İşin elmi yeniliyi: Bu tətqiatın əvvəlkilərdən fərqi ondan ibarətdir ki, işin gedişi zamanı postnatal ontogenezin müxtəlif mərhələlərində qanadabənzər-əng yarığının morfo-topometrik ölçülərinin yaş, tipoloji və fərdi dəyişkənliklərinin xüsusiyyətləri kompleks şəkildə öyrəniləcək. Qanadabənzər-çənə göstəricisinin hündürlüyündən asılı olaraq ilk dəfə ontogenezin müxtəlif mərhələlərində qanadabənzər-əng yarığının tipləri aşkar olunacaq.

İşin tətbiq sahəsi: insan anatomiyası kafedrası (mühazirə materialları), operativ cərrahlıq və topoqrafik anatomiya, məhkəmə təbabəti, patoloji anatomiya, üz-çənə cərrahlığı və otolaringologiya kurslarında mühazirə və seminarlar

III elmi-tədqiqat işi (I mərhələ): İnsanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin asimmetriyası

Elmi rəhbər:            RTEA-nın akademiki, ə.e.x., t.ü.e.d., professor V.B.Şadlinski

İcraçı:                                                                                          ass. S.A.Əliyeva

 

Dissertasiya işinin mövzusu  və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol № 08) təsdiq olunub.

İşin əhəmiyyəti: Bütün dövrlərdə üzdə müşahidə edilən asimmetriya əlamətləri incəsənət xadimləri, anatomlar, psixoloqlar, üz-çənə cərrahları, stomatoloqlar, dermatoloqlar üçün böyük maraq kəsb etmişdir. Müasir dövrdə isə üzün asimmetriyası barədə olan məlumatlardan həm də şəxsin eyniləşdirilməsinə əsaslanan yüksək etibarlı müdafiə sistemlərinin yaradılmasında istifadə olunur, onun rastgəlmə tezliyi və etiologiyası haqqında alimlərin fikirləri müxtəlifdir.   İndiki zamanda isə plastik və üz-çənə cərrahlarının fəaliyyəti üzdə yaranan deformasiyaların, defektlərin, disproporsiyaların  erkən aradan qaldırılmasına yönəlmişdir, müxtəlif yaş dövrlərinə aid insan kəllələri üzərində üzün asimmetriyasının öyrənilməsinə hal-hazırda da ciddi ehtiyac duyulur.

İşin aktuallığı: Tədqiqatda ilk dəfə olaraq bətnxarici inkişafın  erkən, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaşı dövrlərinə və hər iki cinsə aid insan kəllələrində morfometrik ölçülərin sağ və sol tərəfdə müqayisəsi aparılacaq və bununla da üz kəlləsinin asimmetriyasının hansı yaşda aktiv formalaşması müəyyənləşdiriləcəkdir. Tədqiqatdan alınacaq nəticələr üz  skeletinin yaş anatomiyasına dair bilikləri daha da zənginləşdirəcək, üzün asimmetriyasının formalaşmasının qanunauyğunluqları barədə mövcud təsəvvürləri genişləndirəcəkdir.

İşin məqsədi: Tədqiqatın məqsədi insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində üz kəlləsinin quruluşunda asimmetriyanın təzahür dərəcəsini öyrənməkdir.

İşin tədqiqat obyekti: ATU-nun insan anatomiyası kafedrasının əsaslı muzeyinin kranioloji kolleksiyasından xüsusi olaraq seçilib götürülmüş bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid insan  kəllələri.

İşin üsulları: Tədqiqatda kraniometriya, fotoşəkildə üz nahiyəsinin asimmetriyasının müəyyən edilməsi kimi tədqiqat və telerentgenoqrafiya, kompyuter, maqnit-rezonans tomoqrafiyası kimi müayinə üsullarından istifadə edilir. Tədqiqat nəticəsində alınacaq rəqəm göstəricilərinin «Statistical» (Statsoft, 1999) və Microsoft Excel Windows-7 tətbiqi proqramlar paketindən istifadə etməklə, variasion statistik üsulu ilə hesablanma aparılır.

İşin nəticəsi: İşin2017- ci il  I mərhələsində dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyat məlumatları və tədqiqatın ilkin materialları toplanılmış, tədqiqat üsulları texnikası mənimsənilmiş, bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə aid olan insan kəllələrinin üz şöbəsində kraniometrik göstəriciləri ölçülmüş, alınmış nəticələr protokollaşdırılmışdır. Tədqiqat nəticəsində əldə olunmuş dəlillər əsasında 2 tezis çap olunmuş, 2 məqalə çap üçün məqalə çapa təqdim edilmişdir. Dissertasiya mövzusunun təsdiqi. Mövzu üzrə elmi ədəbiyyat materialları üzərində işin başa çatdırılması. Dissertasiyanın “Ədəbiyyat icmalı” və “Tədqiqatın materialı və üsulları” fəsillərinin ilkin variantının hazırlanmışdır.  Hal-hazırda təqvim-mövzu planına uyğun olaraq elmi-tədqiqat işi davam etdirilir.

İşin elmi yeniliyi: Aparılacaq tədqiqatın əvvəlkilərdən fərqi ondan ibarətdır ki, üz kəlləsinin asimmetriyası insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində (erkən, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaş dövrlərində) ardıcıl olaraq və həmin nahiyənin yumşaq toxumalarının asimmetriyası ilə müqayisəli şəkildə öyrəniləcəkdir.

İşin tətbiq sahəsi: neyrocərrahiyyə, üz-çənə cərrahlığı və otolarinqologiya, insan anatomiyası, operativ cərrahlıq və topoqrafik anatomiya, məhkəmə təbabəti, patoloji anatomiya üzrə kurs, mühazirə və seminarlar.

IV elmi-tədqiqat işi (I mərhələ): Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının və onun bəzi orqanlarının morfometrik, topoqrafik xüsusiyyətləri

 Elmi rəhbər:                                                            t.ü.e.d., professor E.Ə. Xıdırov

 İcraçı:                                                                                  ass. Ş.F. Qanbayeva

Dissertasiya işinin mövzusu  və iddiaçının elmi rəhbəri Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinin 24 aprel 2017-ci il tarixli iclasında (protokol № 08) təsdiq olunub.

İşin əhəmiyyəti: Yaş dövrlərindən asılı olaraq kiçik çanağın ölçülərinin və çanaq boşluğu orqanlarının (yumurtalıq, uşaqlıq) ölçü, forma və topoqrafik dəyişkənliyinin öyrənilməsinin nəticələri mama-ginekoloji praktikada və məhkəmə tibbi ekspertizasında praktik əhəmiyyət kəsb edir.

İşin aktuallığı: Çanağın formasının müxtəlifliyi haqqında mövcud olan fikirlər alınan nəticələrin müqayisə və analizində çətinliklər törədir. Kiçik çanağın standart ölçü göstəricilərinin minimal və maksimal qiymətlərinin müxtəlifliyi, çanağın digər anatomik indekslərinin öyrənilməsi zərurətini yaradır. Müasir tədqiqat metodlarından, xüsusilə, maqnit rezanans tomoqrafiya, ultrasəs müayinə üsulları ilə canlı insanların çanağının hər hansı anatomik göstəriciləri və çanaq boşluğunda yerləşən orqanların topoqrafik xüsusiyyətləri haqqında dürüst fikir söyləmək mümkündür. Bu istiqamətdə kiçik çanağın və orada yerləşən orqanların morfometrik topoqrafo-anatomik xüsusiyyətlərinin yaş dövrlərindən asılı olaraq kompleks şəklində öyrənilməsinə elmi ədədəbiyyatda rast gəlinməmişdir.

İşin məqsədi: Müxtəlif yaş dövrlərində qadın kiçik çanağının  morfometrik ölçülərinin və çanaqda yerləşən bəzi orqanların topoqrafo-anatomik xüsusiyyətlərinin araşdırılması.

İşin tədqiqat obyekti: 75 insan çanağı və 50 canlı insan.

İşin üsulları: Maqnit-rezanans tomoqrafiya. morfometriya metodları ilə kiçik çanağın girəcəyinin və çıxacağının morfometrik göstəricilərinin təyini.USM müayinə metodu ilə kiçik çanaq boşluğunda yerləşən bəzi orqanların morfometrik göstəricilərinin təyini.Anatomik təşrih metodu.Statistik təhlil metodu.

İşin elmi yeniliyi: Normada yaş dövrlərindən asılı olaraq qadın kiçik çanağının və çanaq boşluğunda yerləşən bəzi orqanların müasir metodlarla morfometrik, topoqrafo-anatomik xüsusiyyətləri araşdırılacaqdır.

İşin yerinə yetirilmə dərəcəsi: Dissertasiyanın mövzusuna dair elmi ədəbiyyat məlumatları toplanılmış, ATU-nun insan anatomiyası kafedrasının əsas müzeyinin tam skelet və çanaq kolleksiyasından götürülmüş material üzərində tazometr vasitəsilə ölçmələr, eyni zamanda “Med Era” klinikasında müxtəlif yaşlı qadınlarda yumurtalığın ölçüləri təyin edilmiş, ilkin analiz aparılmışdır. Tədqiqat nəticəsində əldə olunmuş məlumatlara görə 2 tezis (“Features of norrowfemale pelvis”, Euromedica Hannover – 2017, p.15-16; “Gənc qızlarda dar çanağın anatomik xüsusiyyətləri, Bakı, 2017, s. 33-34) çap olunmuş və 2 məqalə (Анатомические особенности таза у азербайджанок зрелего возраста по пелвиометрическим индекс, «Журнал анатомии и гистопатологии»; Некоторые остеометрические признаки таза азербайджанских женщин, «Şağlamlıq» jurnalı) çapa təqdim edilmişdir.

İşin tətbiq sahəsi: insan anatomiyası, operativ cərrahlıq və topoqrafik anatomiya, məhkəmə təbabəti, patoloji anatomiya, mama-ginekoloji sahə üzrə kurs, mühazirə və seminarlar.

V elmi-tədqiqat işi (Imərhələ): Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri

Məsul icraçı:                                                  t.ü.e.d., professor M.Q. Allahverdiyev

İcraçı:                                                                                    ass.  Ə.K. Kəsəmənli

İşin əhəmiyyəti və aktuallığı: Hazırda anatomo-antropometrik profilli elmi-tədqiqat işlərinin sayının kifayət qədər çox olmasına baxmayaraq,  müxtəlif yaş və cins qrupları nümayəndələrinin, xüsusilə də keçid yaşı dövründə orqanizmi daha çox zəifləmiş qızların bədən quruluşunun konstitusional xüsusiyyətləri müasir elmi ədəbiyyatda öz əksini lazımi dərəcədə tapmayıb. Hal-hazırda, əlbəttə ki, həmin yaş qrupu (16-20 yaş) çərçivəsində ardıcıl intervallı illər üzrə (16-yaşlı, 17-18-19-20- yaşlı qızların dəlillərinin qiymətləndirilməsi) ayrı-ayrılıqda müvafiq tədqiqatlar aparılması daha münasib hesab edilir. Etno-regional spesifikliyin mövcudluğunun müasir anatomo-antropoloji tədqiqatlarla dəfələrlə sübuta yetirilməsi müvafiq ədəbiyyat nümunələrində öz əksini tapmışdır.Bütün bunların təhlilindən belə nəticəyə gəlmək olur ki, müəyyən qrup azərbaycanlı qızların fiziki inkişaf dərəcəsi haqqında təsəvvürə malik olmaq üçün müasir üsullarla təftiş aparılmasının vacibliyi göz qabağındadır.     

İşin məqsədi: İşin məqsədi 16-20 yaş dövrünə aid qızların somatotiplər üzrə bədən quruluşlarının hansı somatotipə mənsubluğunun anatomik xüsusiyyətlərini müəyyənləşdirməkdən, eləcə də onların fiziki inkişafının antropometrik göstəricilərinin əldə olunmasından və təhlil edilib qiymətləndirilməsindən ibarətdir.

İşin tədqiqat obyekti: Bakı şəhərində yaşayan və təhsil alan 16-20 yaşlı qızlar. İşin metodları - Kompleks antropometriya üsulu ilə (24) 16-20 yaşlı qadın və qızlarda fiziki inkişafı səciyyələndirən geniş spektrli antropometrik parametrləri müəyyənləşdirmək planlaşdırılır. Bu baxımdan onların boyu (bədəninin uzunluğu) səhər saatlarında boyölçənlə, bədənin kütləsi – tibbi tərəzi (РП-150 МГ) ilə təyin ediləcək. Bədənin və onun hissələrinin boylama, köndələn və dairəvi ölçülərini təyin etmək üçün böyük yoğun və sürüşən pərgarların, parça-ölçü lentlərinin vasitəsilə В.В.Бунак üsulundan (1925; 1941) istifadə etməklə aparılacaqdır. Bədənin komponent tərkibinin təhlili zamanı “АБС-01 Meдacc” cihazından istifadə edərək bioimpedansometriya üsulu ilə sümük, əzələ və piy toxumalarının mütləq (kq-larla) və faiz (bədənin ümumi kütləsinə olan nisbəti üzrə) miqdarları təyin ediləcək (Котлярова 15).

İşin üsulları:

1. Anatomo-antropometrik ölçü üsulları – В.В.Бунак üsulu;

2. “ABC-1 Meдacc” cihazından istifadə etməklə bioimpedansonmetriya üsulu (sümük, əzələ və piy toxumalarının kütləsinin mütləq və faizlə miqdarının təyini) – Л.В.Котлярова üsulu;

3. Bədən kütləsi indeksinin Pinye üsulu ilə təyini;

4. М.В.Чернруцкий tərəfindən tərtib olunan konstitusional diaqnostika sxemləri;

5. Б.А.Никитюк - В.П.Чтецов normativ cədvəli.

Tədqiqatda morfometrik, antropometrik, bioimpedansometriya kimi müayinə üsullarından istifadə ediləcəkdir. Tədqiqat nəticəsində alınacaq rəqəm göstəricilərinin «Statistical» (Statsoft, 1999) və Microsoft Excel Windows-7 tətbiqi proqramlar paketindən istifadə etməklə, variasion statistika üsulu ilə hesablanması aparılacaqdır.

İşin nəticəsi: İşin2017- ci il  I mərhələsinə uyğun olaraq dissertasiya mövzusu üzrə müasir elmi ədəbiyyat məlumatları və tədqiqatın ilkin materialları toplanılmışdır.

İşin elmi yeniliyi: Planlaşdırılmış elmi-tədqiqat işinin elmi yeniliyinin əsas müddəalarından biri ondan ibarətdir ki, ilk dəfə Azərbaycan Respublikasında gənclik yaşında olan praktiki sağlam qadınların kompleks anatomo-antropometrik və bioelektrik tədqiqi əsasında bədən quruluşunun, eləcə də bədənin komponent tərkibinin qiymətləndirilməsi aparılacaqdır. Bakı şəhərindəki qadın kontingentindən olan 16-20 yaşlı bir qrup azərbaycanlı qızların müxtəlif somatotiplərə aid nümayəndələrində bədənin bəzi komponentlərinin (sümük, əzələ və piy toxumalarının) tərkibinin spesifikası haqqındakı dəlillərin elmi yenilik baxımından prioritetlik təşkil edəcəyi gözlənilir.

İşin tətbiq sahəsi:   insan anatomiyası, operativ cərrahlıq və topoqrafik anatomiya üzrə kurs, mühazirə və seminarlar.