Professor Musa Qəniyev: AST-nin ən qorxulu əlavə effektlərindən biri daxili qanaxma törətməsidir

Aspirini hər gün qəbul etmək xeyirli yox, ziyanlıdır

“Asetilsalisil turşusu (AST) və AST tərkibli preparatlar günümüzdə ən çox istifadə olunan dərman maddələrindən biridir. Əksər insanlar tromboz riskinə görə həkimlərin təyinatı və ya ikinci şəxsin məsləhətilə bu preparatı profilaktik olaraq, hətta gündəlik qəbul edir. Halbuki, təsirinin molekulyar mexanizminin incələnməsi təsdiq edir ki, onun profilaktik məqsədlə uzunmüddətli qəbulu əsassız və çox qorxuludur. Yəni aspirinin istifadə imkanları heç də deyildiyi və bizim beyinimizə yeridildiyi kimi deyil”.

Bu fikirləri ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev özünün sosial şəbəkə hesabında yazıb. Əsl həqiqətin fərqli olduğunu bildirən professorun sözlərinə görə, aspirin 1899-cu il fevral ayının 1-də “Bayer” firması tərəfindən istiliksalıcı, iltihabəleyhinə və ağrıkəsici dərman maddəsi kimi tibdə istifadəyə tövsiyə olunub: “Ötən əsrin 60-cı illərindən başlayan, xüsusən 1980-90-cı illərdə aparılan tədqiqatlar AST-nin trombositlərin aqreqasiyasını blokada etdiyini və tromb mənşəli infarkt və insult kimi xəstəliklərin baş verməsi və bu xəstəliklərdən ölüm faizini azaltdığını üzə çıxardı. Nəticədə AST antitrombotik terapiyada “qızıl standart” elan olundu və “qanı durulaşdıran maddə” kimi gündəlik istifadəsi bu gün də davam edən ənənə halını aldı.

Preparatın antitrombotik təsiri - trombosit mənşəli siklooksigenaza fermentini blokada etməsinin nəticəsi kimi, trombositlərin zədələnmiş damar endotelinə aqreqasiyasının qarşısını alması ilə əlaqədardır.

İlkin tədqiqatlarda müəyyən olundu ki, preparat trombositlərin aqreqasiyasına yüksək dozalarda (gündəlik 1-1,5 qram) təsir göstərir. Sonralar antitrombotik təsirinin 30-50 mq dozada başladığı, 100 mq dozada optimallaşdığı və dozanın artırılması (1500 mq-a qədər) fonunda yüksələn xətt üzrə getdiyini təsdiqlədi. Daha sonra meta-analiz, 300-325 mq dozada preparatın antitrombotik potensialının yüksək dozasına ekvivalent olduğunu sübut etdi”.

Professor M.Qəniyev vurğulayıb ki, gündəlik qəbulda aspirinin ən qorxulu əlavə effektlərindən biri məlum fermentin blokadası fonunda trombun içərisindəki polimorfnuklear leykositlərin aktivləşməsinin nəticəsi olan mədə-bağırsaq traktı mənşəli daxili qanaxma törətməsidir. Bu hal bir qayda olaraq, preparatın permanent (fasiləsiz, gündəlik) qəbulu fonunda müalicənin ilk 3 ayından sonra meydana çıxır. Belə ki, AST ilə müalicə alan, normal şəxslərin 50-70%-də gün ərzində 1-6 ml miqdarında gizli mədə qanaxması baş verir. Hərgah, qanın laxtalanması kritik səviyyəyə enərsə, qəflətən baş verən güclü daxili qanaxma ölümlə nəticələnir. Odur ki, dozasından asılı olmayaraq, aspirinin gündəlik istifadəsi yolverilməzdir.

AST-nin yüksək effektiv antitrombotik dozasının 300-325 mq olduğunu, bu dozada trombosit mənşəli siklooksigenaza fermentini daxilə qəbuldan 1 saat sonra geridönməz şəkildə blokada etdiyini diqqətə çatdıran həkim-farmakoloq qeyd edib ki, trombositlər çəyirdəyə (nüvə) malik olmadığından, fermentin fəallığı yalnız 7-10 gündən, yəni yeni trombositlər əmələ gələndən sonra bərpa olunur: “Başqa sözlə desək, söylədiyim dozada AST-nin tromboz əleyhinə təsiri 7-10 gün müddətinə saxlanılır. Bu səbəbdən, profilaktik məqsədlə AST-nin ən tezi 5 gündən bir qəbul edilməsi məsləhətdir”.

Amerika alimlərinin hələ 2007-ci ildə aspirinin təyini dozasından asılı olmayaraq gündəlik qəbulunu məsləhət görmədiyini xatırladan mütəxəssis, amma məlum maraqlar səbəbindən, ÜST və USPSTF-in protokol və tövsiyə sənədlərində aspirinin profilaktik məqsədlə gündəlik istifadəsinin məqbul hesab edildiyini söyləyib: “İddia olundu ki, hazırda profilaktik məqsədlə istifadə olunan aspirin preparatları (məsələn, Aspirin Kardio), bağırsaqlarda həll olan dərman formasında buraxılır və qorxusuzdur. Halbuki, bu halda AST ilkin qaraciyər baryerini keçərkən müəyyən faiz nisbətində inaktivləşsə də, analoji mexanizmlə daxili qanaxma törədə bilir. Digər tərəfdən, bağırsaqlarda Ph-ın uzunmüddətli turşuluğa doğru dəyişməsi həm də yoğun bağırsaq lokalizasiyalı onkoloji fəsadlara səbəb ola bilər. Odur ki, aspirindən istifadə bütün hallarda effektivlik və risk faktorlarının müqayisəli təhlili əsasında, yalnız fasiləli qəbul formasında və mütləq şəkildə həkim nəzarəti altında aparılmalıdır”.