ATU-da 20 əcnəbi tələbə rezidenturaya qəbul olunub

 

Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşların rezidenturaya qəbul imtahanları keçirilib. Ənənəvi olaraq iki mərhələdən ibarət imtahanın birinci hissəsində dil bilikləri yoxlanılıb. Növbəti mərhələdə isə namizədlər komissiya üzvləri ilə müsahibədən keçiblər.

Rezidentura üzrə imtahan komissiyasına müxtəlif ixtisaslara dair mütəxəssislər daxildir. Müsahibədən sonra  komissiyanın yekun rəyi nəticəsində Bu il ATU-nun rezidentura şöbəsinə 20 xarici vətəndaş qəbul edilməsinə dair qərar verilib.

Yeni əcnəbi rezidentlər müxtəlif ixtisaslar – mama-ginekologiya (5 nəfər), dermatovenerologiya (3 nəfər), oftalmologiya (3 nəfər), ortodontiya (2 nəfər), üz-çənə cərrahiyyəsi (2 nəfər), onkologiya, endokrinologiya, şüa diaqnostikası, ortopedik stomatologiya, fizioterapiya və tibbi bərpa ixtisasları üzrə rezidenturaya qəbul olublar.

Qeyd edək ki, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevin sədr olduğu qəbul komissiyasının üzvləri Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov,Rezidentura və magistratura şöbsəinin müdir müavini Kəman Əlizadə, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, baş müəllim Nigar Ələkbərova və Rezidentura və mgistratura şöbəsinin müdir müavini assistent Əfsanə Məmmədovadır.