İctimai Səhiyyə fakültəsi - əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik (qabaqlayıcı) tədbirlər sistemini işləyib hazırlamaqla insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və uzadılmasını təmin edir. İctimai sağlamlığın qorunmasında profilaktika aparılması prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir. İctimai Səhiyyə fakültəsi məhz bu keyfiyyətlərə malik, dərin bilik və səmərəli bacarıqlara yiyələnmiş, xüsusən ekoloji təhlükəsizliyi sahəsində təmin edən tibb işçiləri hazırlayır.
Fakültənin prioriteti - əhalinin saglamlığının qorunması və yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği, ictimai səhiyyə, tibb bacısı işi və fizioterapiya və tibbi reabilitasiya ixtisasları üzrə kadrların hazırlanması məqsədilə tibb təhsilinin və elminin inkişafını təmin edilməsidir. Bu məqsədlə fakültə, tədris prosesinin idarə edilməsinin səmərəliliyinin artırılması, tələbələrin peşə hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının rəqabət qabiliyyətinin artırılması üçün çalışır.
Tarixi - Azərbaycan Tibb İnstitutu təşkil edilərkən (1930-cu il), onun fakültələrindən biri Sanitariya-profilaktika fakültəsi olmuşdur. İlk illər ərzində bu fakültədə qida gigiyenası, kommunal gigiyena, istehsalat müəssisələrinin sanitariyası və epidemiologiya üzrə mütəxəssislər hazırlanırdı. 1932-ci ildə institutda tropik təbabət fakültəsi təşkil edilmiş və 1933-cü ildə həmin fakültə sanitariya-profilaktika fakültəsi ilə birləşdirilmişdir. Birləşmiş fakültə Sanitariya-gigiyena fakültəsi adlandırılmışdır. 1936-cı ildə bu fakültə dövrün tələbi nəzərə alınmadan, yuxarı təşkilatların sərəncamı ilə bağlanmışdır. Lakin bu qərarın məqsədəuyğun olmadığı tezliklə özünü göstərmiş və 1938-ci ildən etibarən fakültənin fəaliyyəti bərpa edilmişdir. Çünki, o vaxtlar respublikada sanitariya həkimlərinə və epidemioloqlara böyük ehtiyac var idi. 1938-ci ildə sanitariya-gigiyena fakültəsinə 50 nəfər tələbə qəbul edilmiş, sonrakı illər ərzində tələbə qəbulu artırılmışdır.
Həkimin vəzifələri və əsas faəliyyətlərinin genişləndirilməsi ilə təhsil proqramı dəyişdirilib və Fakültəyə 1991-ci ildən etibarən «Tibbi profilaktika fakültəsi» adı verilmişdir. Tibbi profilaktika ixtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq mikrobiologiya, epidemiologiya, infeksion xəstəliklər, gigiyena, laboratoriya işi, və sosial gigiyena və səhiyyənin təşkili üzrə həkim kadrları hazırlanırdı.
Səhiyyənin idarə edilməsi, iqtisadiyyatı və tibbi yardımın təşkili sahəsində peşəkar kadr hazırlığına ehtiyac, ölkədə yeni müasir ixtisasların yaranması zərurəti nəzərə alınaraq, 26.09.2017-ci ildə Universitetin Elmi Şurasının qərarı ilə fakültənin adı İctimai səhiyyə fakültəsinə dəyişdirilib.
Fakültəsinin ilk dekanlarından biri prof.C.Y.Hüseynov olmuşdur. Sonrakı illər ərzində fakültəyə dosent N.C.Bağırov (1944-1949-cu illər); dosent A.O.Şıxlinski (1950); dosent Ə.H. Abdulov (1950-1962); dosent Ə.M.Məmmədov (1963-1966); prof.T.Ə.Tağızadə (1966-1968); dosent Ə.Ə.Əhmədov (1969); prof.Ə.M.Məmmədov (1969-1973); dosent Ş.N.Həsənov (1973-1980); dosent R.M.Yusifov (1981-1982); professor Ə.T.Ağayev (1982-1985); dosent A.M.Məmmədov (1985-1992); prof.H.H. İbrahimov (1992-1995); dosent A.M.Məmmədov (1995-2017); professor A.Ə.Ağayev (2017-2022) rəhbərlik etmişlər. 2022 - ci ildə fakültənin dekanı vəzifəsinə dosent Q.S.Qəniyeva seçilmişdir.
2020-ci ildən fakültədə yeni ixtisaslar açilıb: İctimai səhiyyə, Tibb bacısı işi, Fizioterapiya və tibbi reabilitasiya və ixtisaslar üzrə qəbul hər il artır. Hazırda İctimai Səhiyyə fakültəsində 645 tələbə təhsil alır.
Fakültədə Elmi Araşdırmalar Mərkəzi və 9 kafedra fəaliyyət göstərirlər:
Hazırda İctimai Səhiyyə fakültəsinin professor-müəllim heyəti 160 nəfərdən ibarətdir. Bunlar arasında 20 professor, 57 dosent, 27 nəfər baş müəllim və 56 assistent fəaliyyət göstərir.
İctimai Səhiyyə fakültəsinin qarşısında duran əsas elmi problem - əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsinin əsaslarının öyrənilməsindən ibarətdir. Kafedraların əməkdaşları ölkədə ekoloji şəraiti yaxşılaşdırmağa xidmət edən elmi-tədqiqat işləri aparırlar. Ətraf mühitin istehsalat tullantıları ilə, aqrokimyəvi maddələrlə çirklənmə səviyyəsinin və əmək şəraitinin fizioloji-gigiyenik baxımdan qiymətləndirilməsinə, böyüməkdə olan gənc nəslin sağlamlığının vəziyyətinin və iş qabiliyyətinin öyrənilməsinə dair elmi-tədqiqatlar aparılır; əhaliyə tibbi yardımın təşkilinin əsasları tədqiq edilir; irinli-iltihabi xəstəliklərin və xəstəxanadaxili yoluxmaların strukturu, Azərbaycanda bağırsaq infeksiyaları və invaziyalarının və eyni zamanda qeyri yoluxucu xəstəliklərin epidemiologiyası məsələləri öyrənilir. Bu tədqiqat işlərində tələbələr də iştirak edirlər.
Fakültədə Elmi şura, Elmi-problem və Metodik komissiyaları mövcuddur və 2023-cü ildən fakültədə ATU-nun 2023-30-cü illər inkişaf strategiyasının həyata keçirilməsi üçün komissiya yaradılıb.
Fakültədə əməkdaşların həmkarlar təşkilatı, tələbələrin həmkarlar təşkilatı, tələbə gənclər və idman təşkilatı, tələbə elmi cəmiyyəti, müxtəlif idman və özfəaliyyət bölmələri fəaliyyət göstərirlər. Tələbələr arasında ən populyar olan “Səhiyyə klubun” fəallığı çərçivəsində - Capacity building club (2020) və “İxtisasını tanıt” müsabiqəsi (2022).
Email: [email protected]
https://www.facebook.com/publichealthamu
https://www.instagram.com/public_health_amu
Telefon: (994 12) 597 37 23