Ümummilli lider, böyük öndər Heydər Əliyevin uzaqgörənliyi, müstəqilliyimizin qorunub saxlanmasi üçün bütün sahələrdə olduğu kimi ordu quruculuğuna verdiyi töhfələrdən biri də onun yaratdığı Hərbi Tibb Fakültəsidir.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Ulu Öndərin 25 may 2000-ci il tarixli 425 nömrəli Sərəncamına əsasən yaradılmış və Hərbi tibbi təhsilinin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində mərkəziləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2000-ci il 0128 nömrəli əmri ilə Tibb Heyətinin təkmilləşdirilmə kursları və Hərbi Tibb məktəbi (2017-ci ilin aprel ayından Feldşer Hazırlığı kursu adlandırılmışdır) də Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tərkibinə daxil edilmişdir.
Respublikamızda tibbi təhsilin iki pilləliyə keçidi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 №-li qərarına müvafiq olaraq Müdafiə nazirinin 22 oktyabr 2011-ci il tarixli 297 nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezidentura şöbəsi də yaradılmışdır.
Hərbi Tibb Fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim mütəxəssislər və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir.
Hərbi Tibb Fakültəsinin tabeliyində 4 kafedra fəaliyyət göstərir: Hərbi cərrahiyyə kafedrası, Hərbi terapiya kafedrası, Tibbi-profilaktika kafedrası və Tibb xidmətinin təşkili və taktikası kafedrası.
Bu günə kimi Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 57 nəfər həkim-mütəxəssis, Hərbi həkim hazırlığı kursunda 559 nəfər Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün, 71 nəfər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üçün, ümumilikdə 630 hərbi həkim hazırlanmış və Silahlı Qüvvələrin sərəncamına verilmişdir. Feldşer Hazırlığı kursunda isə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün 550 hərbi feldşer hazırlanmışdır.
Hərbi Tibb Fakültəsində 535 nəfər (378 zabit, 157 mülki qulluqçu) müxtəlif tibb ixtisasları üzrə Təkmilləşdirmə kursunda təhsil almışdır.
Hal Hazırda Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 60 rezident, Hərbi Həkim hazırlığı kursunda 388, Feldşer hazırlığı kursunda 39 nəfər tələbə və kursant təhsil alır.