Xarici tələbələrin Azərbaycan Tibb Universitetinə qəbulu 1968-ci ildən başlayaraq aparılır. Tələbələrlə iş üzrə müvafiq dekanlıq 1970-ci ildə yaradılmışdır. Hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbə Azərbaycan Tibb Universitetinə qəbul olmaq məqsədilə universitetə müraciət edirlər. Hal-hazırda universitetdə dünyanın 47 ölkədən 2318 tələbə, 81 rezident, 2 magistr və bir nəfər doktorantura səviyyəsində təhsil alır. Azərbaycan Tibb Universitetində tədris 3 dildə aparılır: azərbaycan, rus və ingilis. Bunlardan 1178 nəfər azərbaycan bölməsində, 1073 ingilis bölməsində və 67 nəfər rus bölməsində təhsil alırlar. Xarici tələbələrin tədrisi 2 mərhələyə bölünür. İlk öncə Hazırlıq şöbəsində qəbul olduqdan sonra dinləyicilər tədris ilinin sonunda keçirilən imtahanlardan müvəffəqiyyətlə keçdikdə tələbə adını qazanırlar. Xarici tələbələr universitetə daxil olduqda müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakultələrindən birini seçə bilərlər.
Xarici tələbələrlə iş üzrə dekanlığın vəzifələri:
Universitetin müvafiq bölmələri ilə birlikdə xarici tələbələrin Universitetə qəbulu və təhsilinin təşkilində iştirak etmək;
Universitet və xarici tələbələr arasında müqavilələrin bağlanılmasına və nəzərdə tutulmuş şərtlərə əməl olunmasına nəzarət edilməsi;
Universitetə qəbul olunmuşxarici tələbələrin yataqxanada yerləşdirilməsi, onlar tərəfindən Universitetin daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Xarici tələbələrin tədris prosesinə, tərbiyə və maarifləndirmə işinə, elmi-tədqiqat fəaliyyətinin yerinə yetirilməsinə və tədris proqramlarının dövlət təhsil standartlarının tələbələrinə uyğun həyata keçirilməsini təmin etmək;
Xarici tələbələrin semestr imtahanlarına nəzarət edilməsi;
Xarici tələbələrin semestrdən-semestrə və kursdan-kursa keçirilməsi, habelə tələbələr sırasından xaric olunması və ya təkrar kursda saxlanılması, dərs intizamının və ya daxili intizam qaydalarının pozulması ilə əlaqədar tədbirlərin görülməsi barədə Universitetin rektoruna təqdimatların verilməsi;
Xarici tələbələrin davranış qaydalarının işlənib hazırlanması, onların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması və rəhbərlik qarşısında müvafiq vəsadətin qaldırılması;
Xarici tələbələrin ölkələrinin səfirlikləri ilə əlaqə saxlanılması və həmin ölkələrin tələbələr haqqında səfirliklərə müvafiq məlumatların çatdırılması;
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi alınmasında Dövlət Miqrasiya Xidməti ilə mütəmadi əlaqə saxlamaq;
Xaric olunan tələbələr haqqında məlumatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vaxtında məlumatların çatdırılmasına nəzarət;
Xarici tələbələr üçün Azərbaycan Respublikasının və xarici ölkələrin milli bayramları ilə əlaqədar mədəni-kütləvi tədbirlərin, habelə Azərbaycan Respublikasının tarixinin və mədəniyyətinin öyrənilməsi ilə bağlı tədbirlərin təşkil edilməsi;
Xarici tələbələrlə bağlı məlumatların və hesabatların müəyyən olunmuş formada və qaydada Universitetin rəhbərliyinə təqdim edilməsi.