Ənənələr və innovasiyaların vəhdəti.
Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir.
Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır.
ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir.
ATU-nun gerbi və loqosu:
ATU-nun Böyük Elmi Şurasının 27 yanvar tarixli 6 saylı iclasının qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib.
Azərbaycan Tibb Univesitetinin yeni gerbi dairəvi formadadır.
Dairənin mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə Hippokrat camı, yəni ilan sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi sayılır.
Kitabın altında ərəb rəqəmləri ilə 1930 - universitetin yaranma tarixi əks olunub. Kitabı, tarixi və Hippokrat camını iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun - Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi kimi qəbul edilib.
Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar məhz Azərbaycan Respublikasına məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır.
ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında universitetin yaranma tarixi yenə də ərəb rəqəmləri ilə qeyd olunub.
NAİLİYYƏTLƏRİMİZ
Səhiyyənin gələcəyi bizdən başlayır!
1996-cı ildə Cənubi Qafqaz Respublikalarının ali məktəbləri arasında ilk olaraq məhz bizim universitetimiz Londonda çapdan çıxan beynəlxalq təhsil birliyinin reyestrinə daxil edilmişdir. Universitetimiz 1998-ci ildə Qara dəniz hövzəsi ölkələrinin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir.
Ötən əsrin 90-cı illərindən hal-hazıra qədər ATU-nu bitirən gənc həkim kadrları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Türkiyədə, Kanadada, İran İslam Respublikasında, Rusiya Federasiyasında, İsveçrədə və digər ölkələrdə uğurla fəaliyyət göstərirlər. Hər il Tibb Universitetini bitirən onlarla məzun yuxarıda qeyd olunan ölkələr də daxil olmaqla, bir çox inkişaf etmiş xarici ölkələrdə komissiya qarşısında yoxlama sorğusundan keçərək, ATU-da aldıqları diplomları təsdiq etdirir və orada işə qəbul olunurlar.
Doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş alimlərimizin əksəriyyəti uzun illər ərzində səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif kafedraların, elmi-tədqiqat müəssisələrinin, klinikaların rəhbəri kimi respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Heyət arasında çoxsaylı elmi əsərlərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, patent və səmərələşdirici təkliflərin müəllifləri vardır.
TƏDRİS SİSTEMİ
Azərbaycan Tibb Universiteti dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Bolonya prosesində kredit sisteminin tətbiqi tələbə və müəllim mobilliyinin genişlənməsinə, tələbələrin fənn və müəllim seçiminə və öz maraqlarına görə ixtisaslaşmalarına imkan verir.
2006/2007-ci tədris ilindən etibarən Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika, əczaçılıq fakültələrində, 2009-2010-cu tədris ilindən etibarən stomatologiya, 2010-2011-ci tədris ilindən isə müalicə-profilaktika və pediatriya fakültələrində tibb təhsilinin tədrisi kredit sistemi ilə aparılır.
2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının “Təhsil qanunu”nun qəbul edilməsi təhsilin kredit sisteminə keçidinə, həmçinin diplomdan sonrakı hazırlığın rezidentura sistemi ilə aparılmasına əlverişli şərait yaratmışdır. Bu qanun elmi və pedaqoji kadrların hazırlığını yeni qaydalar üzrə aparmağa istiqamət verir.
ATU-da kredit sisteminin tətbiqi ilə əlaqədar yeni tədris planları, fənn modulları hazırlanmış, tələbələr və valideynlərin müəllimlər və digər əməkdaşlarla birgə müşavirələri keçirilir. Kredit sistemi ilə tədrisin koordinasiyası üçün fakültələrdə tədris məsləhətçiləri - tyutorlar fəaliyyət göstərir.
Ümumiyyətlə, Azərbaycan Tibb Universitetinin tədris hissəsi gündəlik fəaliyyətində Azərbaycan Respublikasında “Təhsil haqqında” Qanuna, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanına, habelə Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliklərinin müvafiq əmr və sərəncamlarına istinad edir.
Yeni tədris sistemi tələbələrin respublikamızda və xarici ölkələrin universitetlərində Yay məktəblərində iştirakına da geniş imkanlar açmışdır. Universitetin beynəlxalq əlaqələri sayəsində bir çox tələbələr xarici ölkələrin universitetlərində Yay məktəblərində ixtisas fənləri üzrə kredit toplamaq imkanı əldə etmişdir. Eyni zamanda, xarici ölkələrin, o cümlədən, Rusiya, ABŞ, Ukrayna, Almaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin universitetlərinin tələbələri də ATU-nun Yay məktəblərində iştirak edərək kredit toplayırlar.
YATAQXANALARIMIZ
Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar digər iki yataqxana isə xarici tələbələr üçündür.
Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunmuşdur.
Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün kompüter stolları quraşdırılmışdır. Yataqxanalara istilik, qaz, işıq, telefon və internet xətləri çəkilmişdir.
Yataqxana tələbələrinin asudə vaxtlarını mənalı və faydalı keçirtmələri üçün müxtəlif gəzintilər, idman və mədəniyyət proqramları,
xarici ölkələrdən gələn tələbələrimizin Azərbaycan mədəniyyətini, adət və ənənələrini yaxından tanımaları üçün müxtəlif tarixi yerlərə ekskursiyalar təşkil olunur.
Klinikalar
TƏDRİS STOMATOLOJİ KLİNİKA
ATU-nun Tədris Stomatoloji Klinikası stomatologiyanın inkişafına nail olmaq, xəstələrə keyfiyyətli tibbi yardım göstərmək, həmçinin peşəkar stomatoloqlar yetişdirmək məqsədilə 2002-ci ildə yaradılmışdır.
Tədris Stomatoloji klinikada terapevtik, ortopedik, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası kafedraları və müalicə-profilaktika və digər fakültələrin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər, terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir.
Tədris Stomatoloji yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələbələrə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidməti təmin edir.
ATU-nun Tədris Stomatoloji klinikasının nəzdində tədris mərkəzi də fəaliyyət göstərir. Burada fantom tədris kabinetləri, həmçinin 13 iş-oturacaq yerləri vardır. Burada stomatologiya üzrə bütün rezidentlər və yuxarı kurs tələbələri klinik təcrübə aparır, xəstə qəbul edirlər.
Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər. Onlar stomatologiyada istifadə olunan ən son model ləvazimat və materiallardan istifadə edirlər.
ONKOLOJİ KLİNİKA
ATU-nun nəzdindəki Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir. Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir.
Klinikanın histoloji laboratoriyası, kompüter tomoqrafiyası otağı, ultrasəs müayinəsi otağı, digər müalicə - diaqnostika şöbələri, elmi-tədqiqat və müalicə sektorları, ginekologiya şöbəsi, cərrahi şöbə və başqa şöbələr ən yeni cihazlarla, müasir avadanlıqlarla təchiz edilərək, tələbələrin və bu klinikaya müraciət edən xəstələrin, həmçinin müəllim və həkimlərin ixtiyarına verilmişdir.
Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılmışdır. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır.
Onkoloji klinika həmçinin xəstələrin müasir kimyəvi dərman terapiyasını həyata keçirir.
Klinikanın əməliyyat və anestezioloji şöbəsi 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.
TƏDRİS TERAPEVTİK KLİNİKA
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ildən fəaliyyət göstərir. Klinikada efferent terapiya mərkəzi, endekrinologiya, endoskopiya, hematologiya, heriatriya, kardiologiya, klinik diaqnostik laboratoriya, kansultativ-diaqnostik poliknika, nevrologiya, pulmonologiya, allerqologiya və nefrologiya, reanimasiya və intensiv terapiya, revmatologiya və qastroenterologiya, şüa diaqnostika, təcili tibbi yardım, ürək-damar mərkəzi, uşaq kardio-revmatologiya, uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbələri fəaliyyət göstərir.
Klinikada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə tibbi xidmət göstərilir.
Tədris Terapevtik Klinikada tibb elminin ən son nailiyyətləri və müasir tibbi texnologiyalardan istifadə olunaraq qabaqcıl, mütərəqqi müalicə üsulları tətbiq edilir.
Klinikada 12 klinik kafedra yerləşdirilmişdir. Bu tibb ocağında eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağı var. Bir gün ərzində klinikada 3500-ə yaxın tələbə dərs keçir. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir.
Müasir maddi-texniki bazaya malik Klinika tamamilə kompüterləşdirilmişdir. Kompüter şəbəkəsi bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləmə və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir.
Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür.
TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur.
On üç mərtəbəli binada yerləşən Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstərilir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.
Klinikanın mərkəzi laboratoriyası yüksək səviyyədə qurulmuş. Burada biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir. Laboratoriyada dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar vardır. Bu isə istənilən laborator müayinələri maksimum az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir. Klinikanın hər cür lazımi avadanlıq, o cümlədən yumşaq və bərk inventarla təchiz edilmiş palataları müasir səviyyədədir. Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reanimasiya zalı, 18 əməliyyatxana yaradılmışdır. Reanimasiya zallarında Avropa istehsalı olan çoxfunksiyalı elektrik yataqlar, mərkəzləşdirilmiş qaz sistemləri, monitorlar, süni tənəffüs cihazları quraşdırılmışdır.
Burada quraşdırılan xüsusi çoxfunksiyalı işıqlandırma sistemi və kamera vasitəsilə əməliyyat prosesləri dərs otaqlarına, tədris və konfrans zallarına, həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb müəssisənin arxivinə yüklənir.
Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılmışdır.
ATU-nun KİTABXANASI:
Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası universitetin 5 saylı tədris binasında yerləşir. Burada dərslik fondu, xarici ədəbiyyat fondu, jurnal fondu, qəzet fondu, avtoreferatlar və dissertasiyalar fondu, əsas fond və əməkdaşlara xidmət şöbəsi mövcuddur.
Əsaslı Kitabxanada 260 nəfərlik 3 oxu zalı var. Zallardan birində fərdi noutbuklar üçün 32 yer quraşdırılıb. Oxuculara 9 kompüterlə xidmət edilir. Kitab fondu 805 min nüsxəyə çatmış, hər il kitabxanamızdan 10 mindən çox oxucu istifadə edir və oxuculara 600 mindən çox kitab verilir.
Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın "medlib.aznet.orq" saytı açılmışdır.
Kitabxanamız özünün http://search.ebscohost.com, http://www.webofknowledge.com, http://onlinelibrary.wiley.com, http://www.springerlink.com, http://www.clinicalkey.com, http://onlinelibrary.wiley.com/, http://www.journals.cambridge.org, http://www.royalsocietypublishing.org, http://www.eifl.net/sage-research-methods, http://www.bioone.org, http://www.emeraldinsight.com/, http://www.doaj.org, http://www.iop.org/EJ, http://med.polpred.com, elektron bazalarında virtual mübadilə işi həyata keçirir.
I və II MÜALİCƏ-PROFİLAKTİKA FAKÜLTƏLƏRİ
Azərbaycan Tibb Universitetinin ən böyük fakültələri – I və II Müalicə-profilaktika fakültələridir. Burada “müalicə işi” üzrə həkim ali peşə-ixtisas dərəcəsi olan kadrlar hazırlanır.
Fakültənin I-III kurslarında əsasən təbabətin təməl fənləri, IV-VI kurslarda isə klinik fənlər tədris olunur.
Müalicə profilaktika fakültələrini bitirən məzunlar rezidenturada təhsilini davam etdirərək, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, travmatologiya-ortopediya, otorinolarinqologiya, oftalmologiya, onkologiya, mamalıq-ginekologiya, urologiya, terapiya, kardiologiya, nefrologiya, qastroenterologiya, hematologiya, dermatovenerologiya, revmatologiya, endokrinologiya, nevrologiya, psixiatriya, narkologiya, ftiziatriya, yoluxucu xəstəliklər, immunologiya, allerqologiya, fizioterapiya və tibbi bərpa, şüa diaqnostikası, şüa terapiyası, mikrobioloq, patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza, genetika ixtisaslarına yiyələnə bilərlər.
Hazırda I Müalicə-profilaktika fakültəsində 18 kafedra və 2 kurs, II Müalicə-Profilaktika fakültəsində isə 17 kafedra və 1 kurs fəaliyyət göstərir. Kafedralarda tədrislə yanaşı, təbabətin müxtəlif problemləri və onların həlli yollarının araşdırılması istiqamətində elmi-tədqiqat işləri də aparılır.
İCTİMAİ SƏHİYYƏ FAKÜLTƏSİ
Ictimai Səhiyyə fakültəsinin “tibbi-profilaktika” ixtisası üzrə həkim ali peşə - ixtisas dərəcəsi olan kadrlar hazırlanır. Fakültənin I-II kurslarında təbabətin təməl fənnləri, III-VI kurslarda isə ixtisas fənnləri tədris olunur.
Tibbi profilaktika fakültəsini bitirən məzunlar rezidenturada təhsillərini davam etdirərək, gigiyena, mikrobiologiya, laboratoriya işi, epidemiologiya, yoluxucu xəstəliklər, sosial gigiyena və səhiyyənin təşkili ixtisaslarına yiyələnə bilərlər. Kafedrada tədrislə yanaşı, əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsinin əsaslarının öyrənilməsi və ölkədə ekoloji şəraiti yaxşılaşdırmağa xidmət edən elmi-tədqiqat işləri də aparılır. Hazırda fakültədə 10 kafedra və elmi - tədqiqat mərkəzi fəaliyyət göstərir.
HƏRBİ TİBB FAKÜLTƏSİ:
25 may 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən “Hərbi tibb” fakültəsi yaradılıb. Bu fakültədə hərbi həkimlərlə birlikdə, orta tibb təhsilinə yiyələnən feldşerlər də təhsil alır.
ƏCZAÇILIQ FAKÜLTƏSİ
Əczaçılıq fakültəsində təhsil alanlara əczaçılıq elminin əsasları öyrədilir. Tələbələrə əczaçılıq üzrə ixtisas fənnləri ilə yanaşı, nəzəri təbabətin təməl fənnləri də tədris edilir. Burada tələbələr dərmanların keyfiyyətini yoxlamaq üzrə praktik vərdişlər əldə etməklə bərabər yeni dərman preparatlarının alınması üzrə təcrübi vərdişləri və nəzəri biliklərini təkmilləşdirirlər.
Fakültənin tələbələri kimyəvi analizin müasir metodlarının həyata keçirilməsi və yeni dərman preparatlarının alınması üzrə bilik və təcrübə toplayır, dərmanların orqanizmə təsirini, eləcə də onların keyfiyyətini öyrənmək üçün ətraflı məlumatlar əldə edirlər. Tələbələr, həmçinin dərman vasitələrinin yaratmaq sahəsində aparılan elmi-tədqiqat işlərində də iştirak edirlər.
Əczaçılıq fakültəsi müxtəlif illərdə nəinki Azərbaycan, həmcinin keçmiş SSRİ-nin bir sıra respublikaları (o cümlədən Türkmənistan, Qazaxıstan, Gürcüstan və Ermənistan) üçün kadrlar hazırlayıb. Hazırda bu fakültədə Azərbaycan vətəndaşlarından başqa Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan, İraq, Əfqanıstan və b. ölkələrin gəncləri də təhsil alır. İndi Azərbaycanda 5000-dən artıq ali təhsilli əczaçı bakalavr və magistr var ki, onların demək olar ki, hamısı ATU-nun əczaçılıq fakültəsinin məzunlarıdır.
Əczaçılıq fakültəsində 8 kafedra fəaliyyət göstərir. İndiyə kimi fakültənin ixtisas kafedralarında 11 nəfər doktorluq, 44 nəfərdən artıq əməkdaş əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. AMEA-da çalışan bir çox aparıcı kimya və biologiya elmləri doktorları bu təhsil ocağının yetirmələridir.
Hazırda fakültənin 400-ə yaxın tələbəsi var. Məzunlar arasında ən fəalları əczaçılıq texnologiyası, əczaçılıq kimyası, toksikoloji kimya və farmakoqnoziya, əczaçılıq işinin təşkili ixtisasları üzrə magistraturada təhsillərini davam etdirirlər. Magistraturada təhsil müddəti 2 ildir.
STOMATOLOGİYA FAKÜLTƏSİ
Stomatologiya fakültəsində “stomatologiya” ixtisası üzrə həkim ali peşə - ixtisas dərəcəsi olan kadrlar hazırlanır. Tələbələrə təbabətin təməl fənləri ilə yanaşı, ixtisas fənləri - stomatoloji xəstəliklərin profilaktikası, terapevtik stomatologiya ortopedik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası, ortodontiya, implantologiya tədris olunur.
2002-ci ildə yaradılan Universitetin Tədris - Stomatoloji Klinikasının bazasında ixtisas fənləri yüksək səviyyədə aparılır. Bu klinikada müasir stomatoloji qurğularla təchiz edilmiş tədris kabinetlərində, rentgen - diaqnostika şöbəsi və diş texniki laboratoriyalarında tələbələr təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər.
Stomatologiya fakültəsini bitirən məzunlar rezidenturada təhsilini davam etdirərək, stomatologiya, üz-çənə cərrahiyyəsi və sosial gigiyena və səhiyyənin təşkili ixtisaslarına yiyələnə bilərlər. Hazırda stomatologya fakültəsində 8 kafedra fəaliyyət göstərir. Kafedralarda tədrislə yanaşı, stomatoloji xəstəliklər və onların ağırlaşmalarının diaqnostika, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsinə yönəlmiş elmi-tədqiqat işləri də aparılır.
BEYNƏLXALQ ƏLAQƏLƏR
Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinin əsasında müasir tələblərə cavab verən yüksək ixtisaslı tibb kadrlarının hazırlanması üçün yaxın və uzaq xarici ölkə universitetlərinin təcrübəsini öyrənmək, ümumavropa təhsil məkanına inteqrasiya etmək, müasir bilik və texnologiyaların, tələbə və müəllimlərin mübadiləsini təmin etmək dayanır.
Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər Birliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetimiz bir sıra xarici təhsl, elmi və tibb müəssisələri, beynəlxalq təşkilatlar, cəmiyyətlər və assosiasiyalar ilə (USAID, Amerika-Avstriya Fondu (AAF), Almaniya Akademik Mübadilə Xidməti (DAAD), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Dünya Bankı, British Council və s.) əməkdaşlıq edir. Universitetimizin tələbələri Tibb Tələbələri Assosiasiyasının Beynəlxalq Federasiyasının (IFMSA) fəal üzvləridir.
Azərbaycan Tibb Universiteti ABŞ Dövlət Departamentinin Fulbright, Avropa İttifaqının Erasmus+, Türkiyənin Mevlana proqramları ilə əməkdaşlıq edir. Bu proqramlar çərçivəsində hər iki tərəfdən olan professor-müəllimlər elmi ezamiyyətlərdə olur, seminarlar keçirir, tələbələr isə qarşılıqlı mübadilədə iştirak edirlər.
Hazırda universitetimiz 21 ölkənin 62 universiteti, tədqiqat müəssisələri və klinikaları ilə sıx əməkdaşlıq edir. Hər il onlarla müəllimimiz təcrübə mübadiləsi məqsədi ilə tərəfdaş universitetlərə səfər edir, yüzlərlə tələbəmiz və rezidentimiz xarici ölkə universitetlərində və klinikalarında yay təcrübəsi və rotasiya keçirlər. Bununla yanaşı, dünyanın tanınmış alimləri, yüksək ixtisaslı mütəxəssisləri mütəmadi olaraq universitetimizə dəvət olunur, onların mühazirələri, yerli mütəxəssislərlə birgə konsiliumları, həmçinin onlayn konfranslar təşkil olunur.
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ
1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.
ASUDƏ VAXTIN TƏŞKİLİ
ATU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Universitetin nəzdində idman-sağlamlıq kompleksi, örtülü üzgüçülük hovuzu, “Nabran” sağlamlıq-istirahət düşərgəsi, Elmi-Tədqiqat Mərkəzi, İnternet mərkəzi və s. fəaliyyət göstərir.
Universitetin nəzdində “Çinar” qızlar rəqs ansamblı, “Şən və hazırcavablar” qrupu və s. mədəni-kütləvi birliklər fəaliyyət göstərir. Hər tədris ilinin sonunda ATU-nun buraxılışına həsr edilmiş “Məzun günü” keçirilir, məzunlar həkimlik andı içir və estafeti - həkimliyin rəmzlərindən olan ağ xalatı, kalpakı və fonendoskopu birinci kurs tələbələrinə verirlər.