Fizioterapevtlərin ilk konfransı keçirilib

Aprelin 26-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad olunub. Sonra ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti Maral Dadaşova sözü universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərova verib. Prorektor xatırladıb ki, universitetin rəhbəri, professor Gəray Gəraybəylinin əmrinə əsasən, 2020-ci ildə təşkil olunan İctimai sağlamlıq kafedrasında fizioterapiya ixtisası yaradılıb: “II Qarabağ müharibəsi zamanı  yaralanmış hərbçilərimizin reabilitasiyası və normal həyata qaytarılması üçün belə bir ixtisasın yaranmasına zərurət var idi. Bu istiqamətdə bu gün ilk konfrans keçirilir. Bir xoş məqam da ondan ibarətdir ki, konfransda tanınmış alimlərimizlə yanaşı, tələbələrimiz də çıxış edəcək. Bu da olduqca təqdiredici haldır”.

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova öz çıxışında bu sahənin tibbin digər sahələri kimi sürətlə inkişaf etdiyini bildirib: “Məqsəd bu sahədə çalışan həkimlərin məlumatlılığını artırmaq, biliklərini təkmilləşdirməkdən ibarətdir. Keçirilən konfransın əhəmiyyəti danılmazdır və bəllidir ki, kafedramızda bu istiqamətdə kadrların hazırlanması tibbi reabilitasiyanın müxtəlif sahələri üzrə ixtisaslı mütəxəssis qıtlığını aradan qaldıra biləcək”.

Konfransın işinə uğurlar arzulayan TƏBİB sədrinin müşaviri Pərvin Əkbərov  uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə təkliflər hazırladıqlarını bildirib: “Bu ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığına yönəlik, fizioterapiya və tibbi reabilitasiya xidmətlərindən daha əlçatan və keyfiyyətli şəkildə yararlanmağa böyük təkan olacaq. Onu da diqqətə çatdırım ki, ölkə üzrə reabilitasiya mərkəzlərinin yenidən qurulmasına başlamışıq. Bu da tələbələrimizin daha keyfiyyətli təhsil almasına, daha müasir xəstəxanalarda işləməsinə imkan verəcək”.

ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev uzun müddət bu sahədə işləyənlərin bu ixtisasın üstünlük və çətinliklərini yaxşı bildiyini dilə gətirib: “Ölkəmizdəki mövcud təbii müalicə amilləri haqda hər birimizin məlumatı olmalıdır. Bunlardan palçıq vulkanları, Naftalan nefti, Naxçıvandakı Duz mağarası, Culfadakı mərgümüş tərkibli sular, Kəlbəcərin İstisuyunu və s. misal çəkmək olar. Bu sahələrin daha da inkişaf etdirilməsi, praktikada effektiv tətbiqi baxımından mütəxəssislərə ehtiyac var. Uzun müddət mütəxəssislərin hazırlanması və ixtisaslaşmış şəkildə xəstələrin müalicəsi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu məşğul olub. 2018-ci ildə təmir olunan institutda hazırda xəstələr çox rahatlıqla müalicə ala bilirlər.

Bu gün kadr hazırlığı deyəndə göz önünə ilk gələn ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasıdır. Məlumat üçün deyim ki, tibbi reabilitasiya ilə bağlı tədris proqram hazırlanıb. Artıq 20-dən çox rezident fizioterapevt və tibbi reabilitasiya üzrə ixtisaslaşıb”.

Kafedra müdiri onu da qeyd edib ki, hazırda fizioterapistlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər var: “Onlara həm xəstə qəbul etmək, həm diaqnoz qoymaq, həm də müayinələrə göndərə bilmək səlahiyyəti verilməlidir. Belə olarsa, bu sahədəki müəyyən çətinliklər aradan qalxar”.

Sonra panel iclaslara start verilib. Mütəxəssislərin və tələbələrin çıxışları maraqla qarşılanıb.