Qələndər Asdan oğlu Aslanov 01 oktyabr 1975-ci ildə anadan olub. 1992-ci ildə Respublika Olimpiya Ehtiyatı Məktəbinin (idman təmayüllü məktəb) 11-ci sinfini bitirib.
1993-1997-ci illərdə həqiqi hərbi xidmətdə olub. I Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranıdır.
1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İlkin hərbi və fiziki təlim fakültəsinə daxil olub. 2002-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.
Pedaqoji fəaliyyətə 2003-cü ildə Binəqədi rayon 83 saylı məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi başlamışdır. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Bədən tərbiyəsi və idman kafedrasına müəllim, 2017-ci ildə rektorun Sərəncamı ilə Stomatologiya fakültəsinə tədris məsləhətçisi, 2021-ci ildə “Təbib” idman klubunun sədri vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildən Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin üzvüdür.
2009-2012-ci illərdə Ukraynanın Kiyev şəhərində “Praktiki Psixologiya” üzrə Magistratura təhsili alıb. 2013-cü ildə Aspiranturaya qəbul olub, 2017-ci ildə “Ali Tibb Müəssisəsi tələbələrində sağlamlığa dəyərli münasibətin formalaşdırılması” mövzusunda dissertasiya müdafiə etmişdir.
2008-2019-cu illərdə Təhsil Nazirliyində Fiziki tərbiyə fənni üzrə “Dərsliklərin və Müəllim üçün Metodik Vəsaitlərin qiymətləndirilməsində ekspert kimi çalışmışdır.
Dövri mətbuatda İdmanın insan həyatındakı rolu mövzusunda çoxsaylı çıxışları olub. 20-dən çox elmi məqalənin, 1 monoqrafiya və 1 tədris proqramının müəllifidir.
Uşaq yaşlarından peşəkar idmanla məşğul olub. Məşğul olduğu müddətdə bir çox uğurlar qazanıb. Yunan-Roma güləşi üzrə SSRİ idman ustasıdır. Kyokuşin karate üzrə dəfələrlə Respublika və müxtəlif beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının mükafatçıları sırasında olmuşdur.
1999-2005-ci illərdə Kyokuşin Karate Federasiyasının texniki direktoru və baş məşqçisi işləyib. Hakimlik dərəcəsinin artırılması məqsədilə dünyanın bir çox ölkələrində təşkil edilmiş seminarlarda iştirak etmişdir. Kyokuşin Dünya Birliyi Assosiasiyasının azərbaycanda rəsmi nümayəndəsi, “Samuray” idman klubu ictimai birliyinin sədridir. Beynəlxalq dərəcəli hakim, IV Dan qara kəmər ustasıdır. 2012, 2018, 2019-cu illərdə Avropa və müxtəlif beynəlxalq yarışlarda “Ən Yaxşı Hakim” seçilmişdir. 2015-ci ildə ilk dəfə Bakıda keçirilən “Bakı - I Avropa Oyunları”nda məşəldar olub.
2012-ci ildə Respublika üzrə keçirilən “İlin Ən Yaxşı Müəllimi” müsabiqəsinin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adına, 2021-ci ildə “Fədai” medalına layiq görülüb.
Ailəlidir, bir övladı var.