AZƏRBAYCAN TIBB UNIVERSITETINƏ ƏCNƏBI VƏTƏNDAŞLARIN QƏBULU ILƏ BAĞLI MƏLUMAT

Azərbaycan Tibb Universitetində təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün qəbul prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

🟢 1. Elektron müraciət və qeydiyyat:
Əcnəbi vətəndaşlar Azərbaycan Respublikasında təhsil almaq üçün www.portal.edu.az  rəsmi elektron platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı namizədlər sistemə tələb olunan sənədlərin elektron surətlərini əlavə etməlidirlər.

Tələb olunan sənədlər

  • •   Pasportun surəti;
  • •   Transkript (notarial təsdiqli və tərcümə olunmuş);
  • •   Orta təhsil haqqında attestat (notarial təsdiqli və tərcümə olunmuş);
  • •   Tibbi arayış (Hepatit B, Hepatit C və QİÇS virusuna dair analiz nəticələri);
  • •   3x4 ölçülü foto

🟢 2. Müsahibə mərhələsi:
Müraciət etmiş namizədlərin sənədləri yoxlanıldıqdan sonra onlar onlayn müsahibəyə dəvət olunurlar. Müsahibə zamanı namizədin fizika, kimya, biologiya və təhsil almaq üçün müraciət etdiyi dil üzrə bilikləri qiymətləndirilir.
Müsahibədə iştirak üçün rüsum 100 ABŞ dolları (bank rüsumları nəzərə alınmır) təşkil edir.

🟢 3. Qəbul haqda qərar:
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarına əsasən, namizədin müsahibə zamanı verdiyi cavablar və hazırlıq səviyyəsi qəbul komissiyası tərəfindən qiymətləndirilir.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq namizəd:

  • •   Hazırlıq kursuna, və ya
  • •   Birinci kursa (ixtisas üzrə bilikləri kifayət qədər olduqda)

qəbul ola bilər.

Müsahibənin nəticəsi barədə məlumatı 24 saat ərzində alacaqsınız. 

ATU sizə təhsil vizası (ASAN Viza ilə daxil olan əcnəbi ölkə vətəndaşları istisna olmaqla) əldə etmək üçün dəstək olacaqdır. Bu, Azərbaycanla vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları üçün lazım olmayacaqdır (https://evisa.gov.az/en/countries). 

🟢 4. Sənədlərin ATU-ya təqdim edilməsi və müqavilənin imzalanması:

Müsahibədən uğurla keçmiş namizədlər əvvəlcədən onlara bildirilmiş tarixədək ödənişi tam şəkildə həyata keçirdikdən sonra ödəniş çeki ilə birlikdə Azərbaycan Tibb Universitetinə (ATU-ya) şəxsən müraciət edərək sənədlərinin orijinalını təqdim etməli, müqavilə imzalamalıdırlar.