Elmi - praktik konfransda iştirak etmək istəyənlərin nəzərinə!

30-31 mart tarixlərində Azərbaycan Tibb Universitetində Şüa diaqnostikası və şüa terapiyası kafedrasının “Tibbin görən gözü” mövzusunda elmi praktik konfransı keçiriləcək

 

Sizi Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə müasir şüa diaqnostikasının aktual və maraqlı məqamlarını özündə birləşdirəcək «Tibbin görən gözü» adlı beynəlxalq elmi-praktik konfransa dəvət edirik. Əsas məqsədimiz hər kəsin bir araya gəlib tanış olması, səmimiyyətlə biliklərimizi bölüşmək və artırmaqdan ibarətdir.

 

Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsində aparılan uğurlu islahatların və müasir tələblərə cavab verən tibbi avadanlıqların təminatı ilə bağlı görülmüş işlərin nəticəsində səhiyyəmizin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Bu irəliləyiş Şüa diaqnostikası sahəsində xüsusilə göz önündədir. Konfransın adının belə seçilməsi də təsadüfi deyildir və həqiqətən bu gün yüksək həlledicilik qabiliyyətinə malik vizuallaşma metodları tibbin bütün sahələrinin «görən gözləri» hesab edilir.

 

Konfrans müxtəlif xəstəliklərin radioloji diaqnostikasına həsr olunmuş 5 iclas və kursda işini davam etdirəcəkdir. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və Qazaxıstan Respublikasından dəvət olunan aparıcı mütəxəssislər bu sahədə əldə etdikləri elmi yeniliklərə həsr edilmiş məruzələrlə çıxış edəcəklər.

 

Konfransa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının qərarı ilə 16 davamlı tibbi təhsil krediti (bal) verilmişdir.

 

Etiraf edək ki, ”kiçik səhvlər qaçılmazdır və hər şeyi bilmək mümkün deyildir” ifadəsi bizi rahat etməməlidir. Konfrans şüa diaqnostikası sahəsində fəaliyyət göstərən həkim və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırlmasına xidmət edəcəkdir və 30-31 mart tarixlərində Azərbaycan Tibb Universitetinin Böyük Konfrans zalında keçiriləcəkdir (ATU, 5 saylı tədris binası, Səməd Vurğun, 163).