Azərbaycan Tibb Universiteti dünyanın bir çox ölkələrinin aparıcı ali məktəbləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbə və rezidentlərin mübadiləsi aparılır, universitetlərin mütəxəssislərinin mühazirələri təşkil olunur. Mart ayında daha belə bir nümunə ortaya qoyulur.
Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin 10 nəfər II kurs magistrantlarının mart ayında ATU-da elmi işlərin qurulması, aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçmələrinə dair razılıq əldə olunub.
Həmin universitetin “İctimai səhiyyə”, “Tibbi profilaktika işi” və “Tibb” ixtisasları üzrə 2-ci kurs tələbələri mart ayında təcrübə keçəcəklər. Onlar “İnfeksion xəstəliklərin yayılmasının epidemioloji analizi”, “Tibbdə elmi-tədqiqat işlərinin aparılması:prinsiplər, metodologiya və praktika” mövzusunda təcrübə keçəcəklər.
Bununla əlaqədar bu gün Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbələrinin magistrları ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun və beynəlxalq əlaqələr üzrə prorektor dosent Nadir Zeynalovun qonağı olublar.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov magistrlara Qazaxıstan və Azərbaycan arasında sıx münasibətlərin mövcudluğu haqqında məlumat verdi: “Bizim ölkələr arasında daima dostluq əlaqələri olub. Bu münasibətlər özünü Azərbaycanın dar günündə də göstərib. Mən özüm də təhsil aldığım müddət Qazaxıstanda praktikada olmuşam, xalqlarımız arasında qarşılıqlı hörmətin şahidi olmuşam”.
Prorektor R.Bəylərov həmçinin qonaqlara ATU-nun tarixi və fəaliyyəti haqqında da geniş məlumat verdi: “Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir. Hazırda ATU Azərbaycanın ən qədim ali məktəbi olması ilə yanaşı, həm də ən nüfuzlu təhsil müəssisələrindən biridir”.
Görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Nadir Zeynalov universitet daxilində fəaliyyət göstərən klinikalar haqqında da qonaqlara geniş məlumat verdi. Bildirdi ki, hazırda ATU-nun 4 müasir klinikası fəaliyyət göstərir: Tədris Stomatoloji Klinika, Onkoloji Klinika, Tədris Terapevtik Klinika və Tədris Cərrahiyyə. Klinikaların hər biri zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edilib. Özünü maliyyələşdirmə ilə fəaliyyət göstərən bu klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik bilgilərə yiyələnirlər.
Daha sonra görüş iştirakçıları qazaxıstanlı magistrantların 11 günlük staj proqramı haqqında fikir mübadiləsi aparıldı, bəzi məqamlara aydınlıq gətirildi. Görüşdə iştirak edən magistrantlar da özləri haqqında məlumatı ATU rəhbərliyini diqqətinə çatdırdılar.