Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Uşaqlarda metabolik xəstəliklər ilə bağlı epilepsiyalar” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan direktorun elm və tədris işləri üzrə müavini Adil Nuriyev iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb.
Daha sonra professor Şərif Mahalov çıxış edərək, mövzunun aktuallığını və epilepsiyanın öyrənilməsində Azərbaycanda da savadlı mütəxəssislərin olduğunu vurğulayıb.
Seminarın davamında İstanbul Medipol Universiteti Xəstəxanasının Pediatrik Nevrologiya şöbəsinin həkimi, professor Kürşat Aydın “Uşaqlarda metabolik xəstəliklər ilə bağlı epilepsiyalar” mövzusunda çıxış edib.
Son on ildə daha çox metabolik xəstəliklərlə məşğul olduğunu deyən, professor, bunun uşaqlar arasında geniş yayıldığını bildirib.
“Epillepsiya nevrologiyanın ən sıx rast gəlinən bir problemidir. Bu xəstələrdə problemleri müəyyənləşdirdiyimiz zaman həkim olaraq, çox sevinirik. Çünki, elə insanlar var ki, bu xəstəliyin müayinə və müalicəsi onlarda çətin olur. Bu zaman ağlımıza gələn ilk şey metabolik problemlərlə bağlı olur. Amma yüzlərlə metabolik xəstəlik olduğu üçün bu zaman diqqətli olmaq lazımdır. Epilepsiya zamanı arxasında metabolik xəstəliklər dayanana bir çox problemlər ortaya çıxa bilər”.
O qeyd edib, son vaxtlar uşaqlar arasında gec danışma problemi çox yayılıb.
“Bədəndə hansısa maddənin çatışmazlığı uşaqlar arasında bu kimi problemlərə yol açır. Bəzən valideynlər buna o qədər də ciddi fikir vermirlər. Əgər atada, anada bu problem olubsa, uşaqda da olması normaldır prinsipi ilə yanaşırlar. Amma onlar bu zaman çox diqqətli olmalı və vaxtında həkimə müraciət etməlidirlər”.
K.Aydın metabolik xəstəliklərin müalicə olunan və olunmayan növləri haqqında da məlumat verib.