11-12 may 2018-ci il tarixlərində Rusiya Federasiyasının Stavropol şəhərində Stavropol Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb tələbələrinin V Beynəlxalq “Asklepiy 2018" olimpiadası keçirilib. Olimpiadada ATU-nun “AMU fires" (“ATU alovları”) adlı komandası da iştirak edib.
Komandanın tərkibinə Beynəlxalq əlaqələr şöbəsinin Mübadilə proqramları üzrə koordinatoru, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Müşfiq Orucov (rəhbər), Mirzeynal Hüseynov (II MPF, 5-ci kurs, komandanın kapitanı), Bəşir Bağırov (I MPF, 6-cı kurs), Emin Eyvazov (II MPF, 5-ci kurs), İsmayıl Əliyev (I MPF, 5-ci kurs), Məhərrəm Alimli (II MPF, 5-ci kurs) və Şamil Rəşidovdan (I MPF, 3-cü kurs) daxil olub.
Olimpiadanın əsas mövzusu müxtəlif bədbəxt hadisələr və qəzalar zamanı həkiməqədər ilkin tibbi və təxirəsalınmaz yardımın göstərilməsi olub. Turnirdə Azərbaycan, Çin və Rusiyanın müxtəlif şəhərlərinin tibb universitetlərini təmsil edən 15 komanda yarışıb. Olimpiadanın 1-ci gününün tapşırıqları “Tibbi biatlon", “Situasiya məsələlərinin həlli", “Kapitanların müsabiqəsi”, “Universitet haqqında təqdimat" və “Ekstremal kvest”, 2-ci günün tapşırıqları isə “Fövqəladə vəziyyətdə təcili və təxirəsalınmaz yardımın göstərilməsi”, “Hərbi əməliyyatlar zonasında təxirəsalınmaz yardımın göstərilməsi” olub. Qeyd etmək lazımdır ki, sonuncu tapşırıqlar hərbi poliqonda və hava limanında həyata keçirilib.
Universitetimizin komandası olimpiadada yaxşı nəticə göstərib, “Ən yaxşı psixoloji yardımın göstərilməsi” nominasiyasında Fəxri Fərmana layiq görülüb.
Tədbirin bağlanış mərasimində Stavropol Dövlət Tibb Universitetinin rektoru, professor V.İ.Koşel ATU-nun rektoru, professor G.Ç.Gəraybəyliyə komandamızın bu tədbirdə iştirakını təmin etdiyi və universitetlərimiz arasında əməkdaşlıq münasibətlərini dəstəklədiyi üçün təşəkkür etmiş və minnətdarlıq məktubu təqdim edib.