Azərbaycan Tibb Universitetində (ATU) “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan Tələbə Kartı” layihəsi həyata keçirilir. Dövlət Proqramının 6.7.1. “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması” bəndinə əsasən, 29.05.2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xəzər İnvestisiya Mərkəzi tərəfindən verilən kartlar Azərbaycanda təhsil alan bütün tələbələr üçün nəzərdə tutulub. Tələbə kartları tələbələrə pulsuz təqdim olunur. Tələbələr bu kart vasitəsi ilə EYCA-nın endirim şəbəkələrində imtiyaz və güzəştlərdən istifadə edə biləcəklər. Endirim şəbəkəsinə təkcə Azərbaycanda deyil, Avropanın 30-dan çox ölkəsində 80.000-dən çox müxtəlif məişət və iaşə obyektləri daxildir.
“Azərbaycan Tələbə Kartı” çərçivəsində Gənclər və İdman Nazirliyi ilə yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə də əməkdaşlıq edilir. Bu layihə zamanı Azərbaycanda təhsil alan bütün tələbələr “Azərbaycan Tələbə Kartı” əldə etməklə yanaşı, ölkə üzrə endirim şəbəkəsinin qeyd olunduğu kataloqları da əldə edirlər (www.eyca.az).
Qeyd edək ki, sözügedən kartların qeydiyyatı və tələbələrə paylanılması ATU TGT tərəfindən həyata keçirilir. Ötən il qeydiyyatdan keçən 700 tələbədən 400 nəfərinə kartlar təqdim olunub. Bu il də 6 maydan etibarən qeydiyyat başlayıb. Qeydiyyat üçün yaradılan mərkəzdə təşkilatın fəal üzvləri prosesi təmin edirlər. Mərkəz universitetin əsas korpusunun 5-ci mərtəbəsində, 525-ci otaqda fəaliyyət göstərir. Qeydiyyatdan keçmək üçün tələbə bileti və şəxsiyyət vəsiqəsi tələb olunur.
Qeydiyyat bu həftənin sonuna qədər davam edəcək.