Böyük Elmi Şurada

Mayın 29-da Böyük Elmi Şuranın genişləndirilmiş iclasını açan universitetin rektoru, professor Gəray Gəraybəyli əvvəlcə şura üzvlərini və professor-müəllim heyətini, tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik etdi, xalqımıza, ölkəmizə daha böyük tərəqqi arzuladı.

Bundan sonra iclasın gündəliyini diqqətə çatdıraraq “Azərbaycan Tibb Universitetində 2017/2018-ci tədris ilində Buraxılış Dövlət Attestasiyasına və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, imtahanların mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verdi.

Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ən vacib təhsil sahəsi olan ali təhsilin xüsusi əhəmiyyət daşıdığını  vurğulayan prorektor bildirdi ki, rektorluq, tədris hissəsi və fakultə dekanlıqları tələbələrin dərsə davamiyyətini gündəlik olaraq diqqətdə saxlayıb: “Tədris binalarında və klinik  bazalarda vaxtaşırı reydlər keçirilmiş, tələbələrin dərsə davamiyyəti isə dekanlıqların və rektorluq şurasının bütün iclaslarının müzakirə predmeti olmuş, ayrı-ayrı fakültələrin elmi şuralarında semestr ərzində bir neçə dəfə müzakirəyə çıxarılmışdır. Əsasən universitetdə təhsil alan tələbələrin böyük əksəriyyətinin dərsə davamiyyəti qənaətbəxşdir. Lakin bir qrup tələbə “Ali təhsil müəssisələrinin bakavlariat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın imkan verdiyi həddə qədər - fənn üzrə 25%-ə qədər dərs buraxmağa başlamışlar”.

Məruzəçi uzun illərdən bəri Tibb Universitetinin təhsil proqramında mövcud olan ənənəvi bir problemə də toxundu: “ Bu problem ondan ibarətdir ki, müxtəlif fənlərdə öyrədilən mövzular təkrarlanır. Bu ilk növbədə fənlər üzrə tədris proqramının tərtibatı və təhsil proqramına daxil olan fənlər arasında əlaqələrin çox zəif olması ilə əlaqəlidir, yəni hər hansı bir fənnin proqramı tərtib edilərkən əvvəlki fənn proqramları nəzərə alınmır. Bunu aradan qaldırmaq üçün, eləcə də təhsil proqramlarından istifadəni asanlaşdırmaq üçün Azərbaycan Tibb Universitetinin Təhsil Proqramı kitab şəklində nəşr edilmiş və kafedralara paylanılmışdır”.       

 

S.Əliyev onu da qeyd etdi ki, kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları universitetdə yaradılmış Virtual Test Mərkəzinin köməyi ilə mərkəzləşdirilmiş şəkildə kompyüter vasitəsilə test üsulu ilə aparılır: “Cari tədris ilinin yaz semestrinin imtahan sessiyası da kredit sistemi ilə təhsil alan tələbələr üçün həm semestr, həm də dövlət imtahanları kompyüter vasitəsilə test üsulu ilə həyata keçiriləcəkdir. Universitetin axırıncı kurs tələbələri dövlət imtahanı qabağı son sessiya imtahanlarına başlamışlar. Bu günə olan məlumatlara görə, imtahana buraxılanlardan 19 nəfər imtahanlarda iştirak etməmiş, 4 nəfər imtahana buraxılmamışdır. Belə demək mümkünsə, kompyterlər vasitəsilə test üsulu ilə imtahanın nəticələri onların hazırlıqlarına müvafiq olmuşdur. Qeyd etməliyəm ki, cari tədris ilindən I kursdan başlayaraq kompyüter vasitəsilə test üsulu ilə imtahanların aparılmasında müəyyən dəyişikliklər edilmişdir. Belə ki, sualların sayı 50-dən 25-ə endirilmişdir. Hər tələbəyə 10 açıq sual təqdim olunacaq ki, bu da tələbədən gizli saxlanılır və çalışırıq ki, tələbələrin imtahanda qazandığı nəticələr reallığa daha yaxın olsun, başqa sözlə desək, «əzbərçilikdən» real biliyə devizini həyata keçirək”. 

 

Çıxışında xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ilbəil artmasına da toxunan natiq dedi ki, 2017/2018-ci tədris ilinin II semestrində ATU-da 23 ölkədən 1159 nəfər tələbə (bu tələbələrdən 4 nəfəri-İordaniya vətəndaşları dövlət xətti ilə təhsil alır), hazırliq kursunda isə 16 ölkədən 606 dinləyici təhsil alır. Bundan əlavə, Universitetdə 1 nəfər ixtisasartırma kursunda, 30 nəfər rezidenturada və 5 nəfər isə magistraturada təhsil alırlar.

 

Rezidenturanın  qəbul imtahanları  haqqında da bəhs edən prorektor qeyd etdi ki, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra tibb təhsili əsas və rezidentura təhsilinə ayrılmışdır:  “Ənənəvi olaraq rezidenturaya qəbul imtahanları Dövlət Attestasiyasından sonra aparılırdı. Artıq bir neçə ildir ki, rezidenturaya qəbul imtahanları 2 mərhələdə aparılır və hər mərhələ 100 balla qiymətləndirilir. Cari tədris ili üçün I mərhələ - baza tibb fənləri üzrə 06 aprel 2018-ci ildə aparılmış, II mərhələ - klinik fənlər üzrə 2018-ci il iyul ayının 8-nə planlaşdırılır.

 

Rezidenturaya 2018-ci il qəbulu üçün 1096 nəfər sonuncu kurs tələbəsi və əvvəlki illərin məzunları müraciət etmişdir ki, onlardan 31 nəfəri xarici ölkədə təhsil müəssisələrini bitirənlərdir. Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq I mərhələ üzrə müsabiqə şərti 40 bal saxlanılmışdır. Sənəd verənlərin böyük əksəriyyəti universitetimizin məzunları və ya sonuncu kurs tələbələridir. Ən yüksək toplanan bal 84 bal olmuşdur”.

 

Universitetdə 2018-ci il məzun buraxılışı və «Azərbaycan həkiminin andı»nın qəbulunun iyun ayının üçüncü ongünlüyünə təyin olunacağını söyləyən S.Əliyev çıxışının sonunda

 

imtahanların mütəşəkkil qaydada keçiriləcəyinə, universitet kollektivinin bu məsul və çətin işin öhdəsindən bacarıqla gələcəyinə əminliyini bildirdi.

 

 

Məruzə ətrafında çıxış edən insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski tədris prosesinə nəzarət, semestr ərzində imtahana hazırlıq, proqramların müəllimlərə paylanması, açıq dərslərin aparılması və ingilis dili qruplarında dərs deyən müəllimlərin sayının artırılması məsələlərinə toxundu.

 

Patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov isə bir çox yeniliklərə yol açan test üsulunun daha da təkmilləşdirilməsinin, tələbələrin kitabdan, dərslikdən uzaq düşməməsinin vacibliyini söylədi.

 

Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva 1998-ci ildən 2 pilləli təhsil sisteminə keçən əczaçılıq fakültəsində qazanılan uğurlar və mövcud problemlərlə bağlı fikirlərini şura üzvləri ilə bölüşdü.

 

Ayrı-ayrı kurslar üzrə tələbələrin təkliflərini dinlədiklərini deyən II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli kafedralardan gələn yekun qiymətləndirmədə çoxlu səhvlərin, düzəlişlərin olduğunu, hətta bəzi müəllimlərin yekun qiymətləndirmənin meyarlarını bilmədiklərini təəssüflə qeyd etdi.

 

Çıxışlarda səslənən fikirlərə münasibət bildirən rektor nitqinə ritorik bir sualla başladı: “Dekan deyir ki, cədvəlləri bunu bacaran müəllimlərə verin. Ədalət müəllim deyir ki, rus dilində dərs deyən müəllimlər Azərbaycan dilində dərs deməkdən imtina edirlər. Mən sual vermək istəyirəm: adi cədvəli düzgün doldura bilməyən və ya Azərbaycan dilində dərs aparmaq istəməyən müəllim XXI əsrdə Tibb Universitetində neyləyir? Nəyə görə biz və sizlər bu müəllimləri saxlayırıq? Bunların tələbələrə dərs deməyə mənəvi haqları varmı?”

 

G.Gəraybəyli tələbənin imtahandan xeyli vaxt sonra yekun nəticəni bilməsinin təəssüf doğurduğunu da vurğuladı . Qeyd etdi ki, gələn il I kursdan tələbə imtahan test mərkəzində imtahan verən zaman son düyməni basarkən artıq yekun nəticəni görəcək.

 

Yeni testlərdə açıq sualların 10-a çatdırılmasını irəliyə atılan böyük bir addım kimi dəyərləndirən rektor bununla kifayətlənmədiklərini, hər bir kafedranın təkliflərini eşitməyə hazır olduqlarını bildirdi. Gələn ildən tələbələrin qəbul sayının xeyli azalacağını da söyləyərək universitetin professor-müəllim heyətinin saxlanılması, maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə xarici tələbələrə daha böyük imkanlar yaradılacağını dedi: “Son 2 ildə xarici tələbələrin qəbulunu məhdudlaşdırırdıq. Artıq bu həftə xarici tələbələrin qəbulunda da yenilik olacaq. Onlar internet üzərindən onlayn müsahibə yolu ilə universitetimizə qəbul ola biləcəklər”.

 

Rektor tələbələrin dərsə gecikmə halları haqqında səslənən fikirlərə də aydınlıq gətirdi: “Şəxsən mənim fikrim budur ki, tələbə dərsə gecikməməlidir. Ancaq bu şərtlə ki, müəllimlər dərsə gecikməsin. Əgər müəllim özü auditoriyaya 15-20 dəqiqə gec girirsə, onun tələbəyə irad bildirməyə haqqı yoxdur”.

 

Əsas priorietin keyfiyyətin yaxşılaşdırılması olduğunu vurğulayan rektor  bildirdi ki, Azərbaycan vətəndaşı həkimliyi burada qazanmalıdır: “Bu gün universiteti bitirən məzunların əsas problemlərindən biri praktiki vərdişlərinin zəif olmasıdır. Səhiyə Nazirliyində gedən iclaslarda səslənən fikirlər də  təsdiq edir ki, nəzəri cəhətdən məlumatlı olan məzunlarımız praktiki nöqteyi-nəzərdən bacarıqsızdır”.

 

Uşaq ölümlərinin cəmiyyətdə haqlı olaraq çox mənfi qarşılandığını xatırladan G.Gəraybəyli pediatriya sahəsində böyük problemlərin yaşandığını şura üzvlərinin nəzərinə çatdırdı.

 

Daxili nizam-intizamın möhkəmləndirilməsi üçün görülən tədbirlər haqqında da danışan rektor universitetdə İctimai Nəzarət Şurasının və nizam-intizam komissiyasının fəaliyyət göstərdiyini dedi:  “Bütün kafedralara mənim xahişimlə müvafiq qurumların məsul şəxsləri gedəcək. Məqsəd tədris prosesini yaxşılaşdırmaqdır. Başqa qərəzli məqsədimiz yoxdur. Dərs yükünün düzgün bölünməsi prinsipinə əməl edilməlidir. Hansı müəllimin bacarıqlı, hansı müəllimin bacarıqsız olduğunu siz daha yaxşı bilirsiniz. Məsuliyyətimizi artırmalıyıq. Heç kəs rəhbərlikdən inciməsin. Ətrafınızda aparılan islahatlara baxın. Ölkə də, universitet də 30 il əvvəlki deyil. İstər tədris, istər qiymətləndirmə, istər tələbəyə yanaşma, istərsə də nizam-intizam prosesinə yeni baxış olmalıdır”.

 

Universitetdə elektron sistemin tətbiqinə başlanması ilə əlaqədar tədris prosesində bəzi dəyişiklər barədə də şura üzvləri məlumatlandırıldı.

 

Beynəlxalq məsələlər üzrə prorektor, dosent Nadir Zeynalov ingilis dilində tədris aparan müəllimlər barəsində məlumat verərək bildirdi ki, müəllimlərin dil bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə aparılmış imtahanın birinci mərhələsi martın əvvəlində olmuşdur: “Müəyyən nəticələr var və indi həmin qiymətləndirmənin ikinci, yəni şifahi mərhələsi planlaşdırılır, Üzürlü səbəbdən birinci mərhələdə iştirak etməyən müəllimlərimiz qiymətləndirmənin hər iki mərhələsindən keçəcəklər. Qiymətləndirmənin ikinci mərhələsi iyun ayının 22-dən iyul ayının 2-dək istirahət və bayram günlərini çıxmaq şərti ilə 6 iş günü ərzində aparılacaq”.

 

Qiymətləndirmənin iş vaxtı, günün birinci yarısında olacağını diqqətə çatdıran prorektor qeyd etdi ki, hər bir kafedra əməkdaşının qabaqcadan deyilmiş  vaxtda işlədiyi binada imtahan verməsinə şərait yaradılacaq, digər bazalarda çalışan müəllimlər isə ayrıca dəvət ediləcək.

 

Universitetin hesabına dil kurslarının təşkil olunacağını da söyləyən prorektor imtahandan keçən müəllimlər üçün daha yüksək maaşın nəzərdə tutulduğunu dedi.

 

Elmi şuraya daxil olan müraciətlərə də baxıldı. “Farmakoqnoziya və botanika” kafedrasının “Farmakoqnoziya”, “Mikrobiologiya və immunologiya”  kafedrasının “Tibbi mikrobiologiya və immunologiya”, “Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası” kafedrasının “Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı”, “Rezidentura” şöbəsinin isə “Rezidentura və magistratura” adlandırılmasına razılıq verildi. Eyni zamanda gizli rəyin nəticəsi müsbət olan, düzəlişlərə ehtiyacı olmayan, eləcə də  düzəlişlər edildikdən sonra müsbət rəy alan dərslik, dərs vəsaitləri və və metodik vəsaitlərin əlyazmaları təsdiqlənərək çapa tövsiyə edildi.

 

Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusunu, elmi məsləhətçiləri, elmlər doktoru işində elmi məsləhətçilərin dəyişdirilməsini, elmlər doktoru işinin adında dəyişiklik edilməsini təsdiqləməklə və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.