Bu gün Azərbaycan Tibb Universitetində (ATU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin dəstəyi ilə "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov bildirib ki, bu ildən ATU-da “Ailə həkimi” ixtisası üzrə rezidenturaya qəbul keçiriləcək: “Bu ixtisas üzrə rezidentlərin təhsil alması təmin ediləcək. Rezidenturanı bitirənlər “Ailə həkimi” ixtisasına yiyələnəcəklər”. Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova bildirib ki, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var. Nazirlik rəsmisi qeyd edib ki, regionlarda çalışan səhiyyə kadrlarının həvəsləndirilməsi üçün tədbirlər genişləndiriləcək, məsələ ilə bağlı təkliflər hazırlanır.
İTSDA-nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova bildirib ki, 2005-ci ilə kimi ölkənin tibbi kadr potensialı yetərincə olub: "O zaman Azərbaycanda həkimlərin sayı yüksək idi. Lakin hazırda Azərbaycanda həkimlərin sayı Avropa İttifaqı (Aİ) ölkələrindəki orta həkim sayından aşağıdır. Orta tibb işçilərinin sayı da azdır. Əgər lazımi tədbirlər görülməsə, müəyyən müddətdən sonra ölkə tibbi kadr çatışmazlığı ilə üzləşə bilər". Dünya standartlarına görə, bir “Ailə həkimi”nə 2000 vətəndaş düşür. Azərbaycanda ailə həkimlərinin minimum 2000, maksimum 2500 nəfərə təhkim olunması nəzərdə tutulub. Onlar “Ailə həkimi”nin sığortalı vətəndaşlarıdır.
Tədbirdə həmçinin qeyd olundu ki, ailə həkimləri dövlət, özəl və bələdiyyə xəstəxanalarında fəaliyyət göstərə biləcəklər.