“Klinik Laborator Diaqnostika” kitabı təqdim olundu

Azərbaycan Tibb Universitetinin (ATU) mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları dosent Ramin Bayramlı və baş müəllim Yavər Hacısoyun “Klinik Laborator Diaqnostika” adlı yeni kitabı çapdan çıxıb.  Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında kitabın təqdimatı keçirilib.

 

Mərasimin əvvəlində çıxış edən Klinikanın tədris işləri üzrə direktor müavini Davud Pənahov qeyd edib ki, kitabda ən çox rast gəlinən xəstəliklərin diaqnostikası,  diaqnostika zamanı izlənilən immunoloji və digər müayinələr haqqında məlumat var. Kitab tibb sahəsində işləyən mütəxəssislər üçün zəruri bir vəsaitdir.

 

Daha sonra ATU-nun bioloji kimya kafedrasının müdiri, professor Arif Əfəndiyev yeni nəşrin bu sahənin mütəxəssisləri üçün əvəzsiz vəsait olacağından əminliyini bildirib. Onun sözlərinə görə, dərs vəsaitində praktik həkim üçün lazım olan xəstəliklərin mikrobioloji, immunoloji və biokimyəvi göstəricilərinə dair məlumatlar toplanaraq sistemləşdirilib.

 

ATU-nun mikrobiologiya və immunologiya kafedrasının əməkdaşı, dosent Ramin Bayramlı kitab haqqında geniş məlumatla çıxış edib. Onun sözlərinə görə, kitabın əvvəlində analiz nəticələrinin xətalı və qeyri-düzgün çıxmasına səbəb ola biləcək preanalitik faktorlara xüsusi yer ayrılıb: “Bu, klinisistlərin öz xəstələrini müayinəyə hazırlamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Kitabda verilmiş məlumatlar yalnız ATU-nun tələbələri üçün deyil, eyni zamanda, klinik biokimya və klinik mikrobiologiya mütəxəssisləri, tibbi genetika sahəsində çalışanlar, ümumiyyətlə, həkim klinisistlər, rezidenturada təhsil alanlar və elmi işçilər üçün nəzərdə tutulub”.

 

Vəsaitdən istifadə edəcək oxucular-tələbələr, rezidentlər, həkim mütəxəssislər, hətta orta tibb işçiləri əlifba sırasına uyğun olaraq istədikləri mikrobioloji, immunoloji, biokimyəvi, molekulyar-genetik testi asanlıqla tapa bilərlər. Burada hər bir testin adı, sinonimləri, analiz üçün tələb olunan nümunənin növü və miqdarı, iş prinsipi, referens dəyərləri, klinik praktikada istifadəsi və analiz üçün götürülən nümunədən laboratoriyanın imtinaetmə kriteriyaları hərtərəfli və sadə dildə şərh olunub.

 

Kitabın sonunda klinik mikrobioloji müayinənin əsas prinsiplərinə və əksər laborator analiz parametrlərinin şərh olunduğu cədvəllərə yer verilib.

 

Qeyd edilib ki, bu nəşrin tələbələrin, həkim-rezidentlərin, orta tibb işçilərinin, ümumiyyətlə həm diaqnostika, həm də müalicə sahəsində çalışan mütəxəssislərin masaüstü kitabı olacağı gözlənilir.