Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin izləyiblər. Şuranın üzvləri ATU-nun İmtahan Mərkəzinə baxış keçiriblər və burada aparılan imtahanın gedişi ilə tanış olublar.
ATU-nun İmtahan Mərkəzinin direktoru, dosent Şahin Bayramov universitetdə iki imtahan zalı və ümumilikdə 220 kompüterin olduğunu bildirdi. Qeyd etdi ki, son dövrlər imtahanların formatında dəyişiklik olub: “Artıq ikinci ildir ki, III kursdan yuxarı kursların tələbələrinə 50 sual verilir. Hər sual 1 balla qiymətləndirilir. II kurslarda isə tələbəyə 25 sual verilir və hər suala 2 bal verilir, yəni cəmi 50 bal toplamaq mümkündür”.
Digər dəyişiklik I və II kursların imtahanlarına tətbiq edilib. Belə ki, təməl fənlər üzrə sınaqlarda klassik testlə - yəni, qapalı tipli suallarla yanaşı, açıq tipli suallar da verilir. Həmin fənlərdən 10 açıq, 15-i qapalı tipli suallar salınır. Klassik üsullu test variantında hər suala 5 cavab variantı verilir. Lakin açıq suallı testlərdə tələbənin özü cavabı tapıb yazır.
Ş.Bayramovun sözlərinə görə, açıq tipli sualların tətbiqində əsas məqsəd tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onların dərsliklərlə, kitablarla daha çox işləməsinə nail olmaqdır.
Qeyd edək ki, Şuranın sədri, millət vəkili, həkim qastroentroloq İlham Məmmədovdur. Onunla yanaşı, Şura üzvlərinin hamısı - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü - Vüqar Rəhimzadə, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva baxışda iştirak ediblər.
İctimai Nəzarət Şurasının üzvləri universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndirdilər. Şuranın sədri İlham Məmmədov bildirdi ki, cəmiyyətin bütün sahələrində olduğu kimi təhsildə də ictimai nəzarətin olması mühüm məsələdir. Bu, şəffaflığın artmasına, obyektivliyin təmin olunmasına şərait yaradır. İctimai Nəzarət Şuralarının fəaliyyəti vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın artmasına da səbəb olur. İ.Məmmədov universitetdə aparılan islahatların tələbələrin özünüinkişafına yol açdığından əminliyini bildirdi.
Şura üzvləri ATU-nun imtahan mərkəzi ilə yanaşı, Tədris Stomatoloji Klinikasının tədris mərkəzində də oldular, burada aparılan imtahanların gedişini izlədilər.