Ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfrans sona çatdı

29-30 iyun tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfrans keçirildi.

 

Bu gün bağlanış mərasimi baş tutan konfransda çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov son illər bir sıra sahə və ixtisaslar üzrə yeni cəmiyyət və assosiasiyaların yaradıldığını bildirdi. O qeyd etdi ki, onlardan biri də Ədliyyə Nazirliyinin verdiyi şəhadətnaməyə əsasən ötən il sentyabrın 29-dan ictimai birlik qismində rəsmi fəaliyyət göstərən Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətidir: “İki gündür davam edən konfrans çərçivəsində həm də cəmiyyətin təqdimat mərasimi keçirilir. Cəmiyyətin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə əməkdaşlıq etmək və bu sahənin inkişaf perspektivlərinə baxışlarını dünya mütəxəssisləri ilə birlikdə müzakirə etməkdir”.

 

ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov bildirdi ki, ölkədə ağız və üz-çənə cərrahiyyəsi ilə əlaqədar ilk namizədlik dissertasiyası 1936-cı ildə müdafiə olunub: “20 il keçəndən sonra ağız və üz-çənə cərrahiyyəsi ilə əlaqədar kafedra yaradılıb. 1961-ci ildə 60 çarpayıdan ibarət I ixtisaslaşmış şöbə, 1974-cü ilsə isə 20 çarpayıdan ibarət II ixtisaslaşmış şöbə fəaliyyətə başlayıb. 1977-ci ildə 25 çarpayıdan ibarət uşaq şöbəsi açılıb. 2007-ci ildə ağız və üz-çənə cərrahiyyəsi sahəsində ilk dərslik çap olunub”.

 

Professor Çingiz Rəhimov ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsinin tarixi, inkişaf yolları, bu günkü vəziyyəti haqqında da məlumat verdi: “Hazırda təbabətin bu sahəsində 6 elmlər doktoru, 25-dən çox elmlər namizədi, 250-dən çox mütəxəssis fəaliyyət göstərir. Onlar dünyanın müxtəlif ölkələrində keçirilən forum və elmi-praktik seminarlara dəvət alıb və həmin tədbirlərdə məruzələrlə çıxış ediblər”.

 

Tədbirin sonunda konfrans iştirakçıları ATU-nun fəxri diplomu ilə təltif olunublar.