Səmərəli istirahət uğurlu fəaliyyətin başlanğıcıdır
Təbiətin gözəlliklərinə əlavə bir gözəllik qatan yaşayış məntəqələri bir-birini əvəz edir. Xüsusilə, Xaçmaz şəhərində aparılan quruculuq, abadlıq işləri diqqətimizdən yayınmır. Orijinal tikililər, müasir və milli memarlıq abidələri göz oxşayır.
Belə bir duyğu, hiss, həyəcan, qürur içində maşınımız Nabrana tərəf irəliləyir. Sükan arxasında əyləşən Əli bəy füsunkar mənzərələrlə daha yaxından təmas qurmağımız üçün tez-tez əyləci basmalı olur.
Avqustun əvvəllərinə təsadüf edən ezamiyyətimiz zamanı ən çox yadda qalan məqam havaların xeyli sərin keçməsi idi. Yol boyu fərqli mənzərə ilə qarşılaşırdıq. Doğma Xəzərin sahili boyunca görməyə alışdığımız izdiham gözə dəymirdi. Dənizin nəzərəçarpacaq dərəcədə bulanması az müddət əvvəl burada güclü yağışın olmasından xəbər verirdi.
Nabranın könüllərə rahatlıq gətirən bir guşəsində salınmış "Təbib" istirahət düşərgəsinə çatanda ehtimalımızın doğruluğuna şübhə yeri qalmadı. Hələ də havadan yağışın qoxusu gəlirdi. İslanmış otlar nəm torpağa əyilmiş başlarını yavaş-yavaş yuxarı qaldırır, sanki zəif günəş şüalarını canlarına çəkirdilər.
Elə bizimlə hal-əhval tutan düşərgənin sakinləri də söhbəti qəfil başlayan yağış və tufanın üzərinə yönəldir, təbiət hadisəsinin törətdiyi fəsadların operativ şəkildə aradan qaldırılmasından, bir neçə saat işıqsız qalmalarına baxmayaraq düşərgə rəhbərliyinin səyi nəticəsində çətinlik çəkmədiklərindən, xörəyin ocaqda hazırlanmasından, çayın köz samovarında qaynadılmasından danışırdılar. Həmin vaxt universitet rəhbərliyinin istirahət mərkəzi ilə təcili əlaqə yaratması, mövcud durumla maraqlanması da istirahətçiləri xeyli məmnun etmişdi. Bir sözlə, Azərbaycanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Tibb Universitetinin əməkdaşlarının dincəldiyi "Təbib" düşərgəsi təbiətin sınağından da üzüağ çıxmışdı.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirik. Hər dəfə istirahət mərkəzindən yazı hazırlayərkən ayrı-ayrı müsahiblərimiz eyni məzmunlu fikri təkrarlayırlar: "İllər öncə bu düşərgəni ələ keçirmək üçün çalışan qüvvələr vardı. Lakin universitetin rektoru, akademik Əhliman Əmiraslanov öz qətiyyəti və nüfuzu sayəsində bütün maneələrin qarşısını aldı. Bununla da ərazi Tibb Universitetinin balansında qaldı. Əməkdaşların sevimli istirahət zonası kimi yenidən quruldu, inkişaf elədi, bu gün mötəbər bir mərkəz kimi fəaliyyətdədir". Müxtəlif yaş qruplarından olan insanlardan tez-tez eşitdiyimiz bu fikirləri biz də qəsdən təkrar tirajlayırıq ki, yaddaşımız korşalmasın. Yəni sahib olduğumuzun qədrini bilək. Şükürlər olsun ki, bilirik də. Universitetimizin əməkdaşları cüzi məbləğ müqabilində onlara yaradılan bu şəraiti həmişə yüksək qiymətləndirirlər.
Sevindirici haldır ki, rəhbərliyin "Təbib" düşərgəsində dincələn əməkdaşlara göstərdiyi qayğı Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun timsalında hər addımbaşı hiss olunur. O, əməkdaşların rahat istirahəti, asudə vaxtlarını səmərəli keçirmələri üçün əlindən gələni əsirgəmir. Vaxtaşırı düşərgəyə baş çəkərək ümumi vəziyyətlə yerindəcə tanış olur, sakinlərin arzu və təkliflərini dinləyərək problemlərin həllinə çalışır.
Düşərgənin rəisi Malik Əbülhəsənov isə sadəliyi, işgüzarlığı ilə istirahətçilərin rəğbətini qazanıb. Gecəsini-gündüzünü düşərgənin təmizliyinə, təmirinə, əməkdaşların rahatlığına və mədəni-kütləvi tədbirlərin keçirilməsinə həsr edir.
Buradakı təbii mühit də, yaradılan şərait də ilk növbədə insanların mənalı istirahətinə xidmət göstərir. Ona görə də biz daha çox istirahətçilərin ürək sözlərini, arzu və təkliflərini dinləməyə üstünlük verir, hal-əhval tutduğumuz sakinlərdən necə istirahət etdiklərini soruşuruq.
Biofiziki və bioüzvi kimya kafedrasının professoru Əhliman Süleymanov: Buradakı istirahətin əvəzi yoxdur. Uzun illərdir bir yerdə işlədiyimiz professor-müəllim heyəti ilə bərabər dincəlmək ürəkaçandır. Ünsiyyətimiz səmimidir. Necə deyərlər, cavanlar bizdən, biz isə qocalardan nümunə götürürük. Ümumiyyətlə, builki xidmət çox yaxşıdır. Düşərgənin rəisi Malik müəllimdən və bütövlükdə işçi personaldan olduqca razıyıq. Sağ olsunlar ki, bizi belə xoş üzlə qarşılayıb qulluğumuzda dururlar.
Əməkdaşlara yaradılan şərait göz önündədir. Təbii ki, ən yaxşı şəraitin belə gələcəkdə daha yaxşı olmasını arzulayırsan. Ona görə təkliflərimizi də rəhbərliyə çatdırırıq. Cahangir müəllim bura gələndə xahiş etdik ki, IV korpusda əlavə bir hamamın və sanitariya qovşağının tikilməsini nəzərdə tutsunlar.
Tibbi biologiya və genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfov: İstirahətimiz çox yüksək səviyyədə gedir. Düşərgədə yaradılmış şərait, ərzaq təminatı qənaətbəxşdir. Hər il əməkdaşların səmərəli istirahəti naminə çox böyük işlər görülür. Burada dincəldiyimiz müddətdə universitetimizin rektoru, akademik Əhliman Əmiraslanovun, Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımovun diqqətini hər an hiss edirik və bu bizi ruhlandırır. Əminik ki, yay istirahətimizin qayğısına qalanlar var. O biri ali məktəblərin də düşərgələri var, ora da gedirik, müqayisə edirik. Cahangir müəllim camaatla söhbət elədi, hər kəsin təklifini dinlədi.
IV korpusda sanitariya qovşağının tikilməsini təklif etdik. Başqa təkliflər də oldu. Ümidvarıq ki, univrsitetimizin maddi imkanları artdıqca düşərgənin daha da müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq. Onu da deyim ki, daim sakinlərin arasında olan Malik müəllimin təşkilatçılığı özünü doğruldur. Səmərəli istirahət uğurlu fəaliyyətin başlanğıcıdır. İnşallah, sentyabrda yüksək enerji və xoş ovqatla işə qayıdacağıq.
İctimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov: Artıq 14 ildir ki, istirahətimi ailəmlə birlikdə burada keçirirəm. "Təbib" istirahət düşərgəsindəki dəyişikliklər, xidmətin səviyyəsi, hər il otaqlara əl gəzdirilməsi bizi qane edir. Biz adətən düşərgəyə II mərhələdə gəlirik. Builki şərait demək olar ki, əvvəlki illərdən xeyli fərqlənir. Bura gənc nəsil üçün, xüsusilə uşaqlar üçün, nəvələr üçün çox maraqlıdır. Onlar öz aralarında şahmat, voleybol, futbol, tennis yarışları keçirirlər, müxtəlif oyunlar oynayırlar. Eyni zamanda düşərgədəki səliqə-səhman, nizam-intizam hamının ürəyincədir. Əraziyə maşın buraxılmır, kənar şəxsin düşərgənin ərazisinə daxil olmasını görməmişik. Malik müəllimin, işçilərin xüsusi rolunu mütləq qeyd etməliyik. İşıq sistemində nasazlıq olan kimi dərhal aradan qaldırılır. Hərdən qonşu düşərgələrə də gedirik. Açığını deyim ki, müqayisədə "Təbib" istirahət düşərgəsinin üstünlüklərini görmək qürurvericidir. Qida təminatı, ərzaqların keyfiyyəti də hamını razı salır. Mən şəxsən öz adımdan, ailəmin adından , nəvələrimin adından universitetimizin rəhbəri, akademik Əhliman Əmiraslanova, Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımova öz minnətdarlığımı bildirirəm. Kənarda istirahət etmək imkanları olmayanlara bu şəraitin yaradılması olduqca xeyirxah işdir.
Sitologiya, embriologiya və histologiya kafedrasının dosenti Elmira xanım Bünyatzadə: Bilirsiniz ki, bizim "Təbib" istirahət düşərgəmiz sözün əsl mənasında təbibdir. Yəni bir tərəfdən dəniz, bir tərəfdən meşə, bir tərəfdən də kükürdlü su doğrudan da insanların sağlamlığına çox müsbət təsir eləyir. Bir də gərək buranın fanatı olasan. Onda hər daşı, çınqılı, qumu da əzizləyirsən. İstəyirsən ki, onları sığallayıb, təmizləyib qoyasan yerinə. Bu il nəzərəçarpacaq yeniliklərin şahidi oluruq. Çox böyük əziyyət hesabına mətbəxi yenidən düzəltdilər. Təmir işləri aparılıb, korpusların fasadları rənglənib. Həyətimiz, bacamız tər-təmizdir. Ərazidə ağaclar, güllər əkilib. İnsanların mənalı istirahəti üçün hər cür şərait yaradılıb. İstirahətə nəvəmlə gəlmişəm. Özünə yeni dostlar tapıb. Onu güclə içəri salıram, buranın təbiətinə elə vurulub ki, heç şəhərə qayıtmaq istəmir.
İctimai fənlər kafedrasının dosenti Yavər Vəliyev: Nabranın ən gözəl guşəsində istirahət edirik. Çox gözəl əhval-ruhiyyə vardır. Bu yaxınlarda Cahangir müəllim gəlmişdi. Dedi ki, Əhliman müəllim məzuniyyətdən qayıdan kimi ilk növbədə əməkdaşların Nabranda necə istirahət etmələri ilə maraqlanıb. Elə bunun özü düşərgə sakinlərinə göstərilən diqqət və qayğının göstəricisidir. Yaradılan şəraitə görə akademik Əhliman Əmiraslanov başda olmaqla universitet rəhbərliyinə minnətdarıq. Ümumiyyətlə, qayğı çox yüksəkdir. Sakinlər arasında səmimiyyət, mehribançılıq hökm sürür. Sanki hamı eyni bir ailənin üzvüdür. Azər müəllim də sağ olsun, uşaq-ların təhlükəsizliyini yüksək səviyyədə qoruyur.
I cərrahi xəstəliklər kafed-rasının dosenti Eldar Əliyev: İstirahətimiz yaxşıdır. Dəniz yanımızda, meşə yanımızda. Burada bizim üçün gözəl şərait yaradılıb. Nəvəmlə dincəlirəm, idmanla məşğul olmağa da kifayət qədər vaxtımız qalır. Voleybol, tennis, badminton oynayırıq. Günlərimiz maraq-lı keçir. Bir həkim kimi onu da deyim ki, açıq havada və dənizdə olmaq, tez-tez gəzintiyə çıxmaq uşaqların müqavimətini artırır. Qışda onların xəstələnmək ehtimalı azalır.
Təklifimiz də ondan ibarətdir ki, gələcəkdə xörəklər ümumi yeməkxanada verilsin. Məişət qayğılarına vaxt getməsin. Bu, həm də ərzaq itkisinin qarşısını alar, elektrik sərfiyyatını azaldar.
I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti İsrail Məhərrəmbəyli: 10-cu ildir burada ailəmlə dincəlirəm. İlbəil dəyişikliklər, yeniliklər müşahidə olunur. Mətbəx yenilənib, kiçik yaşlı uşaqlar üçün yeni yelləncəklər quraşdırılıb. Təmizliyinə söz ola bilməz. Sanitar vəziyyət yüksək səviyyədədir. İsti su, soyuq su daimidir.
Cari ildə hər korpusun qabağında çardaqların tikilməsini arzulayırıq. İnanırıq ki, ATU-nun Cərrahi Tədris Klinikası istifadəyə verildikdən sonra "Təbib" istirahət düşərgəsində daha böyük yenidənqurma işlərinin aparılmasına imkan yaranacaq.
Bədən tərbiyəsi və idman kafedrasının müəllimi, istirahət düşərgəsində təlimatçı-xilasedici Azər Bağırov: Hər il düşərgəmiz müasir tələblərə uyğunlaşdırılır, bura gələnlər hansısa yeniliyin şahidi olurlar. Bu il də bulaqlar düzəldilib, yeməkxana əsaslı təmir edilib. Yeməklərin keyfiyyəti daha da yaxşılaşdırılıb. Çimərlikdə də təmizlik işləri aparılıb. Geyinib-soyunma otaqları quraşdırılıb. Bundan əlavə idman yarışları təşkil edirik. Vergilər Nazirliyinin pansionatı ilə futbol üzrə yoldaşlıq görüşü, Texniki Universitetin tələbələri ilə voleybol üzrə yoxlama yoldaşlıq görüşü keçirmişik. Bu yarışlar böyük marağa səbəb olub. Stadionda demək olar ki, boş yer yox idi. Dama, şahmat, tennis, domino, nərd yarışları da maraqla qarşılanır. Bu ərəfədə tennis, dama yarışları keçirdik. Tennis yarışına 26 nəfər qatılmışdı. Qaliblər mükafatlandırıldı. Dama yarışında 28 nəfər, şahmat yarışında isə 17 nəfər yeniyetmə iştirak edirdi.
Onlarda könüllü iməciliklərdə iştirak etməyə də həvəs yaratmışıq. Böyüyə-kiçiyə hörmət, dövlət əmlakına münasibət, təhlükəsizlik məsələlərinə dair söhbətlər aparırıq.
Ancaq hərdən işıqların sönməsi narahatlıq yaradır. İki generator alınsa narahatlıq aradan qalxar. Dam örtüklərinin təzələnməsinə, idman ləvazimatlarının və elektrik mişarının alınmasına da ehtiyac var.
"Təbib" istirahət düşərgəsinin rəisi Malik Əbülhəsənov: Əvvəllər istirahət 4 mərhələli idi. İndi 3 mərhələlidir. İstirahətin müddəti 15 gün idi, indi 16 gün olub. Arada bir gün də fasilə verilir. Biz də bundan istifadə edib təmizlik işi aparırıq. Düşərgə əvvəlcədən dərmanlanır, hər növbə dəyişəndə daha geniş təmizlik işləri aparılır. Əvvəllər qurd əlindən tərpənmək olmurdu. Keçən il qarşısını aldıq, bu il isə imkan vermədik ki, əmələ gəlsin. Universitet rəhbərliyinin nəzarəti altında çalışırıq ki, istirahətçilərin təlabatını ödəyək. Planlaşdırırıq ki, payızda iməcilik keçirək. Bu təklifə könüllü qoşulanlar var. Burada əsasən meyvə ağacları əkməyi nəzərdə tutmuşuq.
Qida məhsullarının təzəliyinə və keyfiyyətinə xüsusi fikir veririk. Müqavilə əsasında süd alırıq. İstirahətçilərə yeməkdən əlavə gündə 2 dəfə süd verilir. Sakinlərin asayişi qorunur, sakitliyə əməl olunur. Əlavə olaraq iki bulaq, bir köşk tikmişik. Gələcəkdə köşklərin sayını artıracağıq. Ümumiyyətlə, məqsədimiz budur ki, hər il istirahətin keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli yüksəlsin.
Ürək sözlərini bizimlə bölüşən hərbi tibb fakültəsinin həkimlər kursunun rəisi Qabil Hüseynov, TXTK-nin tədris hissə müdiri Aqil Musayev, I cərrahi xəstəliklər kafedrasının assistenti Əmrah Əhmədov və məhkəmə təbabəti kafedrasının assistenti Eldar Ələkbərov da onlara göstərilən qayğıdan, baş aşpaz Afidə Kazımovanın bişirdiyi xörəklərin keyfiyyətindən məmnunluqla söz açdılar.
Biz də universitetin bütün əməkdaşlarına mənalı istirahətdən sonra uğurlu fəaliyyət arzulayaraq düşərgədən xoş təəssüratla ayrıldıq.