Bu gün Türkiyənin Adnan Menderes Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali tibb məktəbindəki mövcud təhsil sistemi, həyata keçirilən islahatlar və planlaşdırılan layihələr haqqında geniş məlumat verib.
Rektor G.Gəraybəyli ATU-nun Türkiyənin bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu bildirib. Qeyd edib ki, ATU-nun tələbələri Türkiyə ali məktəbləri tərəfindən dəstəklənən mübadilə proqramlarında iştirak edirlər. Lakin bəzən proqramların uyğunsuzluğu müəyyən problemlər yaradır: “Bu baxımdan, universitetdə proqramların təkmilləşdirilməsi və standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılır. ATU-nun Stomatologiya fakültəsinin proqramı Türkiyədə bu sahədə tədris proqramına tam uyğundur. Lakin digər fakültələrdə hələ də çətinliklər qalmaqdadır. Bu problemlərin həlli ilə bağlı tədbirlər görülür”.
Rektor G.Gəraybəyli bildirdi ki, mübadilə proqramı üzrə Türkiyədə təhsil alan ATU tələbələri ikili diplom da ala bilərlər. Bu praktikanın tətbiqi ilə əlaqədar ATU-nun nümayəndə heyəti Hacettepə Universitetinin proqramı ilə tanış olub və yaxın vaxtlarda bu sahədə dəyişikliklərin olması nəzərdə tutulub.
ATU rektoru Adnan Menderes Universiteti ilə də aktiv əlaqələrin formalaşacağından əminliyini ifadə edib. Və bu məqsədlə əməkdaşlığa dair protokol sazişinin hazırlanıb imzalanmasını təklif edib.
Adnan Menderes Universitetinin tibb fakültəsinin dekanı Serpil Demirağ görüşün təşkili üçün rektora təşəkkürünü bildirərək təmsil etdiyi ali məktəb haqqında məlumat verdi. Onun sözlərinə görə, Adnan Menderes Universitetinin tibb fakültəsində 1200 tələbə təhsil alır: “Son iki ildə tibb fakültəsi daha da inkişaf edib. Bizim klinika da fəaliyyət göstərir, burada ATU-dan rezidentlər də var. Biz də Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın formalaşdırılması və inkişafında çox maraqlıyıq”.
Daha sonra əməkdaşlığa dair protokolla bağlı müzakirə aparıldı. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov bu sənədə müəllim və tələbə mübadiləsi, iki ali məktəbin elmi əməkdaşlarının qarşılıqlı elmi işlər aparması və s sahələrə əməkdaşlığa dair məsələlərin salınmasını təklif etdi.
Qedy edək ki, Görüşdə millət vəkili, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Sona Əliyeva, Adnan Menderes Universitetinin tibb fakültəsinin dekan müavini Bekir Dağlı, Adnan Menderes Universitetinin xəstəxanasının baş direktoru Oktay Paşa iştirak edirdilər.
Müzakirələrdən sonra iki universitet arasında əməkdaşlığın ilkin sahələrinə dair razılıq əldə olundu.