Avqustun 16-dan etibarən Azərbaycan Tibb Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verilib. 2018/2019-cu tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər.
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan ATU nümayəndələri ilə söhbət edib, hansısa narahatlığın olub-olmaması ilə maraqlanıb.
G.Gəraybəyli qəbula gələn valideynlərlə də görüşüb, övladlarının ATU tələbəsi adını qazanması münasibətilə onları təbrik edib. Rektor birinci kurs tələbələrinə təhsildə uğurlar arzulayıb, xalqımız üçün layiqli kadr kimi yetişməyi diləyib.
Qeyd edək ki, bu günə olan məlumata görə, ATU-nun Müalicə-profilaktika fakültəsi üzrə 333 nəfər qeydiyyatdan keçib. Bunlardan 32 nəfəri rus, 101 nəfəri Azərbaycan bölməsində təhsil alacaq gənclərdir.
Digər fakültələri qeyd etsək, əczaçılıq fakültəsi üzrə 43 nəfər qeydiyyatdan keçib. Onlardan 42-si dövlət sifarişi, 1 nəfəri ödənişli əsaslarla qəbul olunublar. Bunlardan da 12-i rus, 31-i Azərbaycan bölməsindən olan tələbələrdir.
Stomatologiya fakültəsi üzrə bu rəqəm 27-dir. Qeydiyyatdan keçənlərin 15-i rus, 12-i Azərbaycan bölməsində təhsil alacaq. Bunlardan 16 nəfəri dövlət, 11 nəfəri ödənişli əsaslarla təhsil alacaq gənclərdir.
İctimai Səhiyyə fakültəsində qeydiyyatdan keçən 32 tələbənin 24-ü dövlət sifarişi, 8 nəfəri ödənişli əsaslarla oxuyacaqlar.
Qeyd edək ki, müqəddəs Qurbanlıq bayramına görə, bu həftə iki gün qeyri-iş günü olduğundan, ATU rəhbərliyi həftə sonu – 25-26 tarixlərində də qeydiyyat prosesini təşkil edib. Həftəsonu qəbul komissiyası saat 9.00-dan 15.00-a qədər davam edəcək. Ümumilikdə, ATU-da qeydiyyat prosesi avqustun 28-ə qədər aparılacaq.