ATU-nun əməkdaşı antiyaş tibbinə aid konfransda iştirak edib

Sentyabrın 3-də Bakıda “XXI əsrin antiyaş tibbi - qarşısının alınması və fərdiləşdirilməsi” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının baş müəllimi Leyla Süleymanova da aktiv iştirak edib. 
Konfransda Makrobiosis Anti-yaş və Estetik mərkəzin icraçı direktoru, tibb üzrə elmlər namizədi, əməkdar həkim Faizə Əliyeva giriş nitqi ilə ççıxış edib.

 

Rusiya Federasiyasının "Immunculus" Tibbi Tədqiqat Mərkəzinin elmi rəhbəri, tibb elmləri doktoru, professor Aleksandr Borisoviç Poletayev Immunculus texnologiyasının nəzəri əsasları barədə məlumat verib. Onun sözlərinə görə, immun sistemi tək virus və bakteriya ilə "döyüşçü" kimi deyil, həmçinin orqanizmin müxtəlif funksiyalarının əsas tənzimləyicisidir. A.B.Poletayev tədqiqatların ELI- test immunoferment analizinin üsulları (ELISA-Enzyme-Linked Immuno Sorbent Assay) haqqında da məlumat verdi.

 

Tanınmış italyan alimi, eksklüziv immünoloji sitotoksik testinin (ərzaq dözümsüzlüyü) müəllifi, Beynəlxalq Klinik Qidalanma Akademiyasının prezidenti Carmelo Rizzo müasir qidalanma mövzusu haqqında çıxış edib. Professor Rizzo ərzaq dözümsüzlüyünün sağlamlığa təsiri, həmçinin kompleks klinik halların təhlili haqqında geniş məruzə edib.

 

Rusiya Federasiyasının autistik spektrin pozğunluğunun müalicəsi və yeni diaqnostika metodlarının işlənib hazırlanması və tətbiqi istiqamətinin rəhbəri Alina Anatolyevna Poletayeva ASP-da (autistik spektrin pozğunluğunun) əvvəllər bilinməyən patogenetik əlaqələrin aşkarlanması ilə əlaqədar olaraq yeni diaqnostik markerlərin axtarışı haqqında danışıb. O, sinir sisteminin və daxili orqanların antigenlərinə bir sıra autoantitellərin spektrini istifadə edərək, ASP olan uşaqlar üçün tərtib olunan diaqnostika alqoritmi, həmçinin korreksiya üçün ərzaqlara qarşı dözümsüzlük, mikroelementlərin tərkibi və bağırsaq mikrobiotasının diaqnostika üsulları haqqında geniş məruzə etdi.

 

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.