Yüksək bal toplayan abituriyentlər ATU-nu seçdilər

RƏNA ƏLİYEVA

25 may 2001-ci ildə Bakıda anadan olub.  2007-ci ildə 134 saylı məktəbin I sinfinə gedib. 2009-cu ildən təhsilini 172 saylı məktəbdə davam etdirib. Daha sonra FRİTL-Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olub. Liseydə oxuduğu müddətdə - 2015-2016-cı illərdə EGMO (Europian Girls Mathematical Olympiad) da Azərbaycanı təmsil edən 4 iştirakçıdan biri olub.

Valideynlərinin hər ikisi ali təhsillidir. Ailə üzvləri 4 nəfərdən ibarətdir. Bacısı hazırda Rusiyada psixologiya üzrə təhsil alır. Son iki ildə „Hədəf“ kurslarında qəbul imtahanına hazırlaşıb. Hər ay mütəmadi olaraq sınaq imtahanlarında iştirak edib.

2018-ci ilin yaz qəbul imtahanında IV qrup üzrə 700 bal toplamağa nail olub. 

Rəna Əliyeva bu nailiyyətin əldə olunmasında məktəb, kurs müəllimlərinin və ailəsinin ona böyük dəstək olduğunu bildirir.  O, qeyd edir ki, ali məktəbə qəbul üçün yüksək bal toplamaq üçün aşağı siniflərdən dərsləri yaxşı oxumaq olduqca vacibdir.

Arzusu gələcəkdə beyin cərrahı olmaq və insanların sağlamlığı keşiyində durmaqdır.

 

NƏRMİN ƏHƏDOVA

30 iyun 2001-ci ildə Bakıda anadan olub. 2007-ci ildə  Bakı şəhər Səbail  rayonunda yerləşən 6 saylı məktəbin I sinfinə gedib. 2018-ci ildə həmin məktəbi bitirən Nərmin qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.

Qazandığı bu uğura görə 11 il ərzində təhsil aldıgı 6 saylı məktəbin müəllim kollektivinə təşəkkür edir.

Nərmin Əhədovanın atası mühəndis, anası ingilis dili müəllimidir. Babaları, əmisi, dayısı isə həkimdir. Məhz yaxın qohumlarının həkim olması ona uşaqlıqdan bu müqəddəs peşəni sevdirib.

Arzusu gələcəkdə təhsilini Avropanın nüfuzlu ali tibb məktəblərinin birində davam etdirmək, xalqının sağlamlığı keşiyində durmaqdır.

 

ELNARƏ SARIYEVA

2001-ci ildə Bakıda anadan olub. 2018-ci ildə Xirdalan şəhər 7 nomrəli tam orta məktəbi əla qiymətlərlə bitirib.

Oxuduğu müddətdə çoxsaylı uğurlara imza atıb. Biologiya fənni üzrə olimpiadalara qatılıb və müəyyən yerlər tutub . Məktəbdə keçirilən tədbirlərdə yaxından istirak edib və  təltifnamələrlə qiymətləndirilib. Qəbul  imtahanında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin mualicə işi fakültəsinə daxil olub. Elnarə bildirir ki, usaqlıqdan ən böyük  arzum həkim olmaq idi  və mən bu yolda ilk uğuruma zəhmət cəkərək nail oldum: “Bu yolda ailəm, həm də müəllimlərim daim mənə dəstək oldular. Mən həm də məktəbin ilk Prezident təqaüdçüsüyəm. Hazırda ən böyük arzum universiteti qırmızı diplomla bitirmək, Azərbaycanın ən məşhur və ən yaxşı həkimlərindən biri olmaqdir.”

 O, qeyd edir ki, atasının əmisi  Bəhrəm Sarıyev də tanınmış həkimlərdən olub,  Tibb Universitetində dərs deyib. O da B.Sariyevin davamçısı olmaq, xaricdə təhsilini davam etdirmək arzusundadır.  Atası işsiz, anası fizika müəllimidir. Qardaş və basısı isə hələ orta məktəbdə oxuyurlar.

 

LƏMAN ƏLİYEVA

2001-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Atası Ayaz Əliyev Sumqayıt şəhər 1 saylı xəstəxanasında həkim-kardioloq, anası Samirə Ramazanova isə 2 nömrəli şəhər poliklinikasında həkim-terapevt vəzifəsində çalışır. Qardaşı Rəşad ötən il yüksək bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olub.

Ləman ibtidai təhsilini Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə alıb. Sonrakı təhsilini Təbiət elmləri təmayüllü gimnaziyada davam etdirib. O, bu illər ərzində təhsil sahəsində bir çox nailiyyətlərə imza atıb, xeyli sertifikatlara, diplomlara, fəxri fərmanlara layiq görülüb.  Belə ki, Ləman Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə iştirak edərək 3 sertifikat, 1 diplom və gümüş medal qazanıb, qiymətli hədiyyələrlə təltif olunub.

O, Təhsil Nazirliyi tərəfindən keçirilən “Əlaçı” intellektual bilik yarışında iştirak edərək finala qədər yüksəlib.

Ləman hər zaman dərslərinə böyük maraq göstərib, fənləri dərindən mənimsəməyə çalışıb. Bunun nəticəsidir ki o, bütün fənlərdən əla qiymətlər alaraq məktəbi qızıl medalla bitirib, attestat imtahanında 100% nəticə göstərdiyi üçün qızılı attestata layiq görülüb.

Ləman qəbul imtahanında 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.  Valideynlərinin peşəsini seçən Ləmanın arzusu  gələcəkdə sayılıb-seçilən ginekoloq-cərrah olmaqdır.

 

ŞƏBNƏM NƏBİZADƏ

2001- ci ildə hüquqşünas  ailəsində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər “İstedad“ Liseyinə daxil olub. Şəbnəm aşağı siniflərdə  əla qiymətlərlə oxumaqla yanaşı, xüsusi istedadı ilə seçilib, müsabiqə və bilik yarışlarında uğurlar qazanıb. Belə ki, Sumqayıt şəhəri üzrə keçirilən riyaziyyat olimpiadasının və inşa müsabiqəsinin qalibi olub.

2015-ci ildən etibarən o, respublika və beynəlxalq miqyaslı olimpiadalara qatılaraq uğurlar əldə edib.

Şəbnəm  VIII sinifdə oxuyarkən Məktəblilərarası I Fənn Müsabiqəsində fizika fənni üzrə qalib olaraq qızıl medalla təltif edilib. 2016-cı ildə  Respublika Fənn Olimpiadasında fizika fənni üzrə gümüş medala layiq görülüb.

X sinifdə oxuyarkən Şəbnəm İndoneziyada keçirilən Yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadasında fizika, kimya və biologiya fənlərindən ölkəmizi təmsil edib və bürünc medal qazanıb. Elə həmin tədris ilində o, Respublika Fənn Olimpiadasında fizika fənni üzrə bürünc medala layiq görülüb.

Şəbnəm I sinifdən etibarən məktəb əlaçısı olub, orta məktəbi qızıl medalla bitirib.

Qəbul imtahanında IV qrup üzrə 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.  Şəbnəm ailədə həkim olmağa hazırlaşan ilk şəxs deyil, onun bacısı Gülşən də həmin fakültənin III kurs tələbəsidir.

O, qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdardır.

 

YUSİF XƏLİL

21 sentyabr 2001-ci ildə Bakıda anadan olub. I sinifdən VII sinfədək Bakıda oxuyub.  VII sinifdən etibarən təhsilini Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə davam etdirib. 2018-ci ildə həmin liseyi qızıl medal və qızılı attestatla bitirib. Məktəbdə oxuyarkən müxtəlif məktəkdaxili tədbirlərdə, kiçik akademiya işlərində, bilik yarışlarında, debatlarda, o cümlədən Respublika olimpiadalarında iştirak edib. Fizika fənni üzrə olimpiadada IX sinifdə zona mərhələsinin qalibi, X sinifdə final iştirakçısı, XI sinifdə isə bürünc medal sahibi olub. Qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Arzusu dünyaca məşhur cərrah olmaq, ilklərə imza atmaqdır.

 

SARA FƏTƏLİ    

2001-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə  5 nömrəli tam orta məktəbə daxil olub və ilk uğurlarına burada imza atıb. Belə ki, dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, IV sinifdə riyaziyyat fənni üzrə olimpiadada şəhər üzrə 4-cü yer tutub. O, 2011-ci ildə “İstedad” liseyinə daxil olaraq  uğurlarının böyük bir hissəsini orada qazanıb. V və VI siniflərdə riyaziyyat fənni üzrə olimpiadada III yerə layiq görülüb.

Sara VII sinifdə Azərbaycan dili üzrə olimpiadada III yerə sahib olub,  Qafqaz Universitetində mükafatlandırma mərasimində diplom və hədiyyələr qazanıb. VIII sinifdə isə Fənn Müsabiqələrində biologiya fənni üzrə gümüş medala layiq görülüb. Bundan əlavə, Təbiət Elmləri Təmayüllü Gimnaziyada təşkil olunmuş olimpiada hazırlıq qruplarında riyaziyyat fənni üzrə iştirak edib. O, IX sinifdə “Sabahın Alimləri” müsabiqəsində layihə ilə iştirak edib və Amerika Universitetinin  fəxri fərmanı ilə təltif olunub, Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə II yeri tutub.

 “Lider” və “Hədəf” kurslarının təşkil etdiyi bilik yarışında I yeri tutan Sara məktəbi əla qiymətlərlə başa vurub və qızıl medala layiq görülüb. Qəbul imtahanı zamanı 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Sara uğurlarını universitetdə oxuduğu zaman da davam etdirəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini bildirir. O, uğurlarına görə özünü ilk öncə anasına və müəllimlərinə borclu sayır.

 

XƏTAİ HÜSEYNLİ  

2001-ci il avqustun 30-da Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. 2007-ci ildə Bakı şəhər, Nizami rayonu Məzahir Rüstəmov adına 32 saylı məktəbə daxil olub və həmin məktəbin IX sinfini qırmızı şəhadətnamə ilə bitirərək təhsilini 22 saylı məktəbdə davam etdirib. 2018-ci ildə bu məktəbi əla qiymətlərlə bitirərək 681 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Həkim olmaq istəyi onda daha çox dəqiq elmlərə olan marağının əsasında yaranıb və öz təşəbbüsü ilə IV qrupa hazırlaşıb. Hazırda əsas hədəfi öz ixtisası üzrə peşəkar səviyyədə təkmilləşmək və  tibb elmində uğurlu yeniliklərə imza atmaqdır.

 

LƏMAN QASIMOVA

14 avqust 2001-ci ildə Bakıda anadan olub. 2007-ci ildə ibtidai sinfə gedib. 2017-ci ildə biologiya fənni üzrə Res­publika Olimpiadasında iştirak edib. 2018-ci ildə Əliağa Vahid adına 1 saylı Masazır tam orta məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il qəbul imtahanında 696 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Anasının həkimlik sənəti ilə məşğul olması Ləmanın bu sənəti seçməyində böyük rol oynayıb. Bacısı Züleyxa Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin III kurs tələbəsidir. Ləmanın ən böyük arzusu cərrah olmaqdır.

 

SEYİDNİSƏ MİRİYEVA

12 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Nizami rayonu 129 nömrəli məktəbin I sinfinə gedib. IX sinfi Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində oxuyub və 2018-ci ildə XI sinfi qızıl medalla bitirib. Olimpiada iştirakçısı olib. Kimya fənni üzrə II  yeri tutaraq gümüş medal qazanıb. Uşaqlıqdan həkim olmağı arzulayıb. Bu il qəbul imtahanından 692 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.

„Sevincimin həddi-hüdudu yoxdur.”-deyən S.Miriyeva üzərində zəhməti və əməyi olan müəllimlərinə, valideynlərinə təşəkkürünü bildirir.

Atası Cəfərağa Miriyev H.Əliyev adına Bakı Neft Emalı Zavodunda işləyir, anası isə müəllimədir.

 

FƏRİD MƏMMƏDOV

21 oktyabr 2000-ci ildə Şəki şəhərində anadan olub. 2007-ci ildə Şəki şəhər 7 saylı tam orta məktəbin I sinfinə gedib və 2018-ci ildə həmin məktəbi fərqlənmə attestatı və şəhadətnaməsi ilə bitirib. Təhsil aldığı müddətdə 2 dəfə Respublika fənn olimpiadalarının final turunun iştirakçısı olub. “Əlaçı” intelektual oyunu və başqa intelektual verilişlərdə iştirak edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş  ‘’Ölkəmizi tanıyaq’’ layihəsinin iştirakçısı olub. Şəki Hazırlıq Mərkəzinin qəbul imtahanlarında I yeri tutub.

2018-ci ildə qəbul imtahanında IV ixtisas qrupu üzrə 690 bal toplayaraq  ATU-nun müalicə işi fakültəsində təhsil almaq hüququ qazanıb.

Gələcəkdə yüksək səviyyəli təhsil alaraq ürək-damar cərrahı olmaq niyyətindədir.

 

GÜNEL BABAZADƏ       

16 noyabr 2000-ci ildə Oğuz şəhərində anadan  olub. 2007-ci ildə   Oğuz şəhər 3 saylı tam orta məktəbin I sin­finə gedib. VI sinifdə oxuyarkən “Çağ öyrətim” kurslarının keçirdiyi bilik yarışında iştirak edərək II yeri tutub.                                                                           

VI sinfin sonlarında imtahan verərək  Oğuz şəhər 3 saylı  tam orta məktəb-liseyin texniki təmayülünə qəbul olub. X-XI sinifdə oxuyan zaman Oğuz  Tədris Mərkəzinin hazırlıq kurslarına gedib. Təhsil aldığı müddətdə biologiya fənni üzrə məktəb olimpiadalarında iştirak edib.

Uşaqlıqdan həkim olmaq arzusunda olub. Məqsədinə çatmaq üçün gecə-gündüz çalışıb və orta məktəbi fərqlənmə ilə bitirib. Qəbul imtahanında 683 bal toplayaraq ATU-nun müalicə işi fakültəsinə daxil olub.

Arzusu gələcəkdə xalqımıza, dövlətimizə layiq bir həkim olmaqdır. Qazandığı müvəffəqiyyətə görə Oğuz şəhər 3 saylı tam orta məktəb-liseyin  və  Oğuz Tədris Mərkəzinin müəllim kollektivinə minnətdarlığını bildirir.

 

VASİF BAYRAMOV  

7 avqust 2001-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olub. 2007-ci ildə Nücü kənd orta məktəbinin I sinfinə gedib, 2008-ci ildən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 1 saylı tam orta məktəbdə təhsilini davam etdirib.

2011-ci ildən etibarən Sumqayit şəhəri Təbiət Təmayüllü Gimnaziyada təhsil alıb. 2018-ci ilin ali məktəblərə qəbul imtahanında 682 bal toplayaraq ATU-ya qəbul olub.

Atası Sumqayıt Şəhər Təcili Yardım Stansiyasında həkim vəzifəsində çalışır.

Vasif gələcəkdə elə atasının yolunu davam etdirərək daha yüksək  nəticələrə nail olmaq istəyir.

 

ARZU ƏLİYEVA

2001-ci ildə Naxçıvan Muxtar Respublikasının Tumbul kəndində anadan olub. Orta təhsilini Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbdə alıb. Oxuduğu müddət ərzində çoxsaylı uğurlar qazanıb və təhsilini yüksək qiymətlərlə başa vurub. Arzu bu il qəbul imtahanında 691 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.

Ailə üzvləri 4 nəfərdən ibarətdir. Atası taksi sürücüsü, anası isə evdar qadındır. Böyük qardaşı Naxçıvan Dövlət Universitetinin biologiya fakültəsində oxuyur.

Həkim olmaq onun uşaqlıq arzusu olub.

Arzularının gerçəkləşməsi yolunda yavaş-yavaş irəliləməsindən məmnundur: “Ailəmə, xalqıma, millətimə yararlı, savadlı, vicdanlı, tanınmış oftalmoloq olmaq istəyirəm. İnşallah Rəbbim o günü də qismət edər”.

Arzu qazandığı bütün uğurlarına görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir. Qəzetimiz vasitəsilə onlara dərin təşəkkürünü bildirir.

 

Selcan CAHANGİROVA

Selcan Tərlan qızı Cahangirova 23 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Nizami rayonu 129 saylı məktəbin I sinfinə gedib. IX sinifdən etibarən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsilini davam etdirib və 2018-ci ildə qızıl medalla məzun olub. Respublika Fənn Olimpiadalarında iştirak edib. Biologiya fənni üzrə 2017-ci ildə qızıl medal və 2018-ci ildə gümüş medal qazanıb.

Bu il 692 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.

Həkim olmaq Selcanın uşaqlıq arzusu olub. Məqsədinə çatdığı üçün hər zaman onu dəstəkləyən, üzərində əməyi olan ailəsinə və müəllimlərinə dərin təşəkkürünü bildirir.

 

Fuad Həsənli

20 dekabr 2001-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2007-ci ildə Bakı şəhər 204 saylı tam orta məktəbin I sinfinə getmişdir. Fuad aşağı siniflərdə əla qiymətlərlə oxumaqla yanaşı, xüsusi istedadı ilə seçilmiş, müxtəlif məktəbdaxili tədbirlərdə, bilik yarışlarında fəal iştirak etmişdir. 2016-cı ildə IX-XI sinif şagirdləri arasında keçirilən ”Sabahın alimləri” Respublika Fənn müsabiqəsində “Biologiya” nominasiyası üzrə iştirak etdiyinə və layihə təqdim etdiyinə görə sertifikatla təltif olunmuşdur. Elə həmin ildə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak etmişdir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı olub.

2017- ci ildə IX-XI sinif şagirdləri arasında keçirilən ”Sabahın alimləri” Respublika Fənn müsabiqəsində “Tibb və sağlamlıq” nominasiyası üzrə iştirak etdiyinə və layihə təqdim etdiyinə görə sertifikatla və Respublika üzrə III yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur. 2017-2018-ci tədris ilində “Gənc kimyaçılar” müsabiqəsində  Xətai rayonu üzrə I yerə layıq görülüb. Bu il keçirilən Kimya fənni üzrə Respublika Fənn Olimpiadasının  Final mərhələsinin qalibi olmuşdur.

Həkim olmaq istəyi onda daha çox dəqiq elmlərə olan marağının əsasında yaranıb və öz təşəbbüsü ilə IV qrupa hazırlaşıb. DİM-in keçirdiyi 3-cü sınaq imtahanında maksimum nəticə əldə edərək 700 bal toplamışdır. 2018-ci ilin yaz qəbul imtahanında IV qrup üzrə 690 bal toplayaraq ATU-nun müalicə işi fakültəsinə qəbul olunub

2018-ci ildə həmin məktəbi qızıl medal və qızılı attestatla bitirib.

Ailə üzvləri 4 nəfərdən ibarətdir. Fuad ailənin ilk övladıdır. Fuadın fikrincə, zəhmətsiz uğur yoxdur. O bildirir ki, universitetə daxil olmağın sevinci və qüruru bütün əziyyətləri unutdurur. Gələcəkdə arzusu dünya səviyyəli, tanınmış cərrah olmaqdır.

 

Rahib İSMAYILOV

Rahib İsmayılov 29 iyul 2000-ci ildə Bərdə rayonunun 32-lər kəndində anadan olub. 2006-cı ildə Xanqaraqoyunlu kənd tam orta məktəbin I sinfinə gedib və 2017-ci ildə XI sinf i fərqlənmə attestatı ilə bitirib. 2016-2017-ci ildə qəbul imtahanında 615 bal toplayıb və istədiyi nəticəni əldə etmədiyi üçün biliyini yenidən sınamaq qərarına gəlib və nəticədən razı qalıb. Belə ki, 2017-2018-ci ildə 687 bal toplayaraq ATU-nun müalicə işi fakültəsinə qəbul olub.

Rahib bildirir ki, bu uğuru güclü iradəsi, əzmkarlıgı və ailəsinin və müəllimlərinin köməyi ilə qazanıb.

 

NƏRMİN ƏLİYEVA

Bu il qəbul imtahanından 687 bal toplayaraq müalicə işi fakültəsinə qəbul olub. Bir çox yarış və olimpiadalarda iştirak edib. Kimya üzrə yarışda rayon turunda 1-ci dərəcəli diplomla təltif olunub. 2017-ci ilin məzunudur.

Ötən il də qəbul üçün sənədlərini  verib və  stomatologiya (dövlət sifarişli) ixtisasına qəbul olub, lakin arzusunu gerçəkləsdirmək üçün bir daha şansını sınayıb və istədiyi nəticəni əldə edib.

Nərmin deyir ki, mən nəslimizin ilk həkimi olacam və bununla da qürur duyuram: “İnsanların sağlamlığının keşiyində dayanmaq ən böyük arzularımdan biridir. Yüksək səviyyədə təhsil alaraq öz peşəmin  mükəmməl bilicisi olmağa çalışacağam”.

 

FƏRİD ƏHMƏDZADƏ         

15 aprel 2001-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olub. 2007-ci ildə Kakalos kənd tam orta məktəbin I sinfinə, 2014-cü ildə Pensər kənd 2 saylı tam orta məktəb-liseyin VII sinfinə daxil olub. 2018-ci ildə həmin məktəb-liseyi əla qiymətlərlə bitirib. Orta məktəb illərində bir çox intellektual yarışlarda  iştirak edərək I ye­ri tutub. Respublika fənn olimpi­adaların­da kim­ya fənni üzrə iştirak edib, rayon və zona mərhələsinin qalibi olub. Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən  regionun orta məktəblərinin şagirdləri və kollec tələbələrinin də iştirak etdiyi fənn olimpiadasında kimya üzrə I yeri tutub.

Abituriyentlər üçün keçirilən sınaq imtahanlarında həmişə 650-dən yuxarı bal toplayıb. Bu il qəbul imtahanlarında ardıcıl olaraq 674 və 686 bal toplayaraq ATU-nun müalicə işi fakültəsinə daxil olub.

  Həkim olmaq, əhalinin sağlamlığının qeydinə qalmaq onun uşaqlıq arzusudur. Gələcəkdə yüksək ixtisaslı, savadlı cərrah olacağına əmindir.

 

GÜNEL AĞALI

4 sentyabr 2001-ci ildə Bakıda anadan olub. 2007-ci ildə 287 saylı Zəkalar Liseyində 1-ci sinfə gedib. Orta məktəb illərində bütün fənləri sevərək oxuyub. 2015-ci ildə məktəblilərarası I fənn müsabiqəsində fizika fənni üzrə 100% nəticə ilə qızıl medala layiq görülüb. 2016-cı ildə Respublika olimpiadasının final mərhələsində fizika fənni üzrə gümüş medalla təltif olunub. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı şəhəri Baş Təhsil İdarəsinin birgə təşkil etdiyi fənn olimpiadasında kimya fənni üzrə II yerə layiq görülüb. Orta məktəbi qızıl medalla bitirib.  Bu il qəbul imtahanında 685 bal toplayaraq həkim olmaq arzusunu gerçəkləşdirmək imkanı qazanıb.

Günel qeyd edir ki, uşaqlıqdan arzusunda olduğu bu müqəddəs peşənin incəliklərini öyrənmək üçün Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçib: ”Gələcəkdə ürək cərrahı olmaq ən böyük arzumdur. Hədəfim təkcə tanınmış həkim olmaq deyil, həm də bu sahənin tanınmış alimi olmaqdır”.

 

ELMİRA HÜSEYNOVA

16 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olub. 2007-ci ildə Gəncə şəhər Mirzə Abbas Abbaszadə adına 20 saylı tam orta məktəbin I sinfinə gedib. 2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 2009-cu ildən fortepiano üzrə musiqi təhsili də almağa başlayıb və 2016-cı ildə Telman Hacıyev adına 2 saylı musiqi məktəbini əla qiymətlərlə başa vurub. .

Başladığı işləri mükəmməl şəkildə bitirməyə çalışır: “Bütün atdığım addımlarda ailəm hər zaman yanımda olub. Mən təhsilimi musiqi üzrə davam etdirmək istəmədiyimi bildirərkən evdə hər kəs təəccübləndi. Heç kim həkim olacağımı gözləmirdi. Əslində özüm üçün də bir qədər sürpriz oldu. Qəfildən həkim olmaq qərarına gəldim.

Məşhur bir ifadə var: “İnanmaq bacarmağın yarısıdır”.  Mən bu yola inanaraq çıxdım”.

Anası tibb bacısıdır. Bacısı isə Bakı Mühəndislik Universitetində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. Atası isə çox erkən xərçəng xəstəliyindən dünyasını dəyişib.

İnsan sağlamlığının ən böyük dəyər olduğunu dərk edən Elmira, bəlkə də, ən çox insanların erkən həyatlarını itirməməsi üçün bu peşəni seçib. Amma həkim olmaq arzusunu onda tibb bacısı işləyən anası yaradıb.

Oxuduğu orta məktəbi çox sevdiyini qeyd edir: “Lakin məktəb qədər çox sevdiyim bir yer də var - Kəpəz Hazırlıq Kursları. Mən burada universitetə qəbul olmaq üçün hazırlaşırdım. Müəllimlərim yəqin ki, son zamanlar onlara qarşı etdiyim kaprizlərimi unutmuş olarlar. Çünki onların ürəyinə yatan bir nəticə göstərdim, 680 bal topladım. Bu nəticəni isə böyük zəhmətin hesabına əldə etdim. O sevinci yaşamaq üçün dəyərdi.”

 

NƏBİ HACIYEV

2001-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhər 72 saylı məktəb-liseyin I sinfinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirib və elə həmin il 678 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.

Məktəb illərində idmana da böyük maraq göstərən Nəbi V sinifdə KIK-BOKS idman növü ilə məşğul olub. Yarışlarda iştirak edərək I, II, III yerləri tutub. XI sinifdə biologya olimpiadasında iştirak edərək respublika mərhələsinə çıxıb və IV yeri tutub.

 

İLKANƏ QULUZADƏ     

2000-ci il yanvarın 7-də Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt şəhər  9 №-li  tam orta məktəbin I sinfinə gedib. 2007-ci ildən təhsilini Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbdə, 2009-cu ildən isə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində davam etdirib. 2017-ci ildə tam orta təhsilini başa vurub.

Bacı və qardaşları Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində təhsillərini davam etdirirlər.

2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 603 bal toplayıb. Lakin istədiyi nəticəni ala bilmədiyi üçün bu il keçirilən imtahana hazırlaşıb.

2018-ci ildə yaz imtahanında 635 bal, yay imtahanında isə 678 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.

Əldə etdiyi nəticədə öz əzmi və iradəsi ilə yanaşı, valideynlərinin, xüsusilə, anasının böyük rolu olduğunu deyir: “Fikrimcə, məqsədə nail olmaq üçün xırdalıqları göz ardı etmədən, güclü iradə və əzmlə çalışmaq lazımdır”.

 

MURAD CƏBRAYILOV         

2001-ci ildə Şabran şəhərində anadan olub. 2007-ci ildə Tofiq Abbasov adına Şabran şəhər 1 saylı tam orta məktəbin I sinfinə daxil olub. IX-X siniflərdə məktəb üzrə ilin ən yaxşı şagirdi seçilib. Təhsil aldığı müddət ərzində rayonda keçirilən bilik yarışlarında fəal iştirak edib.

2017-ci ildə keçirilən Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə II  yerə layiq görülüb,  diplom və gümüş medalla təltif olunub.

2018-ci ildə oxuduğu məktəbi gümüş medalla bitirib. Qəbul imtahanında 681 bal toplayaraq ATU-nun müalicə işi fakültəsinə daxil olub.

Ailə üzvləri altı nəfərdən ibarətdir.

Atası Mənsur Cəbrayılov ali təhsillidir. II qrup əlildir.

Anası Nahidə Cəbrayılova müəllimədir.

Bacılarından Nərmin ADU-nun xarici dilin tədrisi metodikası ixtisası üzrə magistratura pilləsinin II kurs, Saniyə  Üzeyir Hacıbəyli adına BMA-nın musiqişünaslıq ixtisası üzrə II kurs, Nəsrin isə ARPDİA-nın siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsidir.