Aparılan araşdırmalardan məlum olub ki, son zamanlar, 10 il və daha çox şəkərli diabetdən əziyyət çəkənlərdə bu xəstəlik və onun fəsadları barədə informasiya azdır. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsində yatan xəstələrin hər birinə şəkərli diabet haqqında geniş məlumat verilir.
Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsinin həkim-rezidenti Günel Musayeva məlumat verib.
O bildirib ki, burada əsas məqsəd diabet xəstələrinin bu mövzuda maariflənməsidir: “Optimal diabet baxımında əhəmiyyətli olan qan şəkəri nəzarətinin mümkün olduğu qədər xəstənin özü tərəfindən aparılması və idarəsi, yediyi qidaların tərkibi və miqdarı barədə məlumatlanmaq, idman zamanı, öncəsi və sonrası qan şəkərinə nəzarət, ayaq və dəriyə qulluq bu problemlə üzləşənlərin bilməsi vacib olan əsas amillərdir. Bundan əlavə hər bir diabet xəstəsinə məlum olmalıdır ki, yaranan yanaşı, yeni xəstəliklər zamanı düzgün davranma və tibb mərkəzinə vaxtında müraciət etmək çox vacibdir. Belə ki, yarana biləcək hər bir problem şəkərli diabetdən əziyyət çəkənlər üçün risk faktoru ola bilər. Misal üçün I tip diabet xəstələrində sidikdə aseton iyi gələrsə bu bir ketoasidoz siqnalı ola bilər ki, bu zaman da həkim konsultasiyası mütləqdir”.
Həkim qeyd edib ki, hipoqlikemiya, insulin inyeksiya texnikası, reproduktiv yaşlı diabet xəstələrində kontrasepsiya üsulları, hamiləlikdə diabetin aşkarlanması, idarəsi və bu kimi bir sıra digər məsələlər haqqında hər bir diabet xəstəsinə məlumat verilməlidir. Belə ki, misal üçün insulin inyeksiya texnikasına əməl olunmazsa bu bölgə lipoatrofiya və lipohipertrofiya ola bilər ki, bu da risk faktorlarındandır.
Xəstəlik haqqında bütün məlumatların bir dəfəyə xəstəyə verilməsi vaxt və bilik yüklülüyü baxımından çətindir deyən G.Musayeva qeyd edib ki, bunu nəzərə alaraq, stasionar və ya ambulator müalicə alan hər bir xəstəyə bu məlumatlar tədricən çatdırılmalıdır: “Bunu nəzərə alaraq klinikamızda oxşar diabet tarixi, ağırlaşması və hətta uyğun bədən çəkisi olan insanlara bu biliklər qrup şəklində tədris olunur. Məşğələlər xəstələrdə özünə inam hissini artırır və daha yaxşı nəticə verir”.
G.Musayeva onu da qeyd edib ki, diabetdən əziyyət çəkənlərdə qan şəkəri 350 mg/dldən çox və ya 40 mg/dl-dən aşağı olduqda, iştaha itkisi, ürəkbulanması, qusma müşahidə edildikdə həkimə dərhal müraciət etmək mütləqdir.