ATU - da fizioterapiya günü qeyd olunur

ATU-nun Tədris Cərrahiyyə Klinikasında son müalicə metodları tətbiq olunur

8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu günə aid xüsusi tədbir keçirilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsi tərəfindən təşkil olunan toplantıda qeyd olunub ki, fizioterapiya bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitədir. Bu metoddan daha çox oynaq xəstəliklərində, dayaq-hərəkət sistemi xəstəliklərində, həmçinin, bir çox xəstəliklərin bərpa periodunda istifadə olunur.

 

Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsinin müdiri Nurlana Əliyeva bildirib ki, fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Bu zaman fiziki üsullar qismində günəş şüasının spektri, elektrik dalğaları, maqnit dalğaları və ultrasəs dalğalarından istifadə etməklə müalicə nəzərdə tutulur.

 

Fizioterapiya 2 əsas bölməyə - elektroterapiya və reabilitasiya hissələrinə ayrılır. Elektroterapiya tibbi avadanlıqlarla müalicə üsuludur. Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılması deməkdir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır.

 

Tədbirdə qeyd olundu ki, son zamanlar zərbə-dalğa terapiyası müalicə üsuluna çox üstünlük verilir. Elə ATU Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsində bir çox xəstəliklərin müalicəsi zamanı zərbə-dalğa terapiyasından istifadə edilir. Bu zaman müalicə çox aşağı tezlikli səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər hərəkət edir. Elə prosedur zamanı yaxşılaşma müşahidə olunur. Pasiyentdə kəskin və xroniki ağrılar azalır, yerli iltihab və şiş azalır, əhvalı yaxşılaşır. Həmçinin, cihazın təmas nahiyəsində qan axınının artır.

 

Lakin zərbə-dalğa terapiyasından hər xəstənin müalicəsində istifadə oluna bilməz. Bu metod yalnız daban mahmızı və ya pəncə fassiti, epikondilit, osteoxondroz, osteoartroz, çiyin-kürək periartropatiyası, koksiqodiniya, əzələ-tonik sindrom, sınıqların gec bitişməsi və yastıayaqlılıq zamanı tətbiq oluna bilər.

 

Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsi son model tibbi avadanlıqla təchiz olunub. Şöbədə müasir müalicə üsullarından istifadə olunur. Pasyent xəstəliyin kəskin dövründən sonra mütləq bərpa və reabelitasiya periodunu keçməlidir. Bu, aparılmış malicəni möhkəmləndirmək üçün vacib şərtdir. Belə xəstələr ATU-nun Tədris Cərrahiyyə Klinikasında yüksək səviyyəli tibbi xidmət almaqla həm müalicə olunacaq, həm də artıq xərclərdən qurtulmuş olacaqlar.

 

Bütün dünyada Fizioterapiya Gününün qeyd olunması insanlara bir daha bu müalicə metodlarını xatırladır və xəstəliklə bağlı zəruri bilgiləri hər kəsə çatdırmaqla maarifləndirir.