Böyük elmi şurada

Sentyabrın 25-də Böyük Elmi Şuranın 2018-2019-cu tədris ilində ilk yığıncağını açan Azərbaycan Tibb Universitetinin rektoru, profes­sor Gəray Gəraybəyli əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə şura üzvlərini təbrik etdi.

 

Gündəlikdə duran məsələlərin müzakirəsindən öncə bu günlərdə dünyasını dəyişən Azərbaycan dili kafedrasının sabiq müdiri, dosent Akif Miriyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Bundan sonra genişləndirilmiş iclasın gündəliyini diqqətə çatdıran rektor  “Azərbaycan Tibb Universitetində 2017/2018-ci tədris ilinin yekunları və 2018/2019-cu tədris ilində universitet kollektivi qar­şısında duran vəzifələr” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevə verdi.

 

S.Əliyev əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

 

2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunduğunu vurğulayan S.Əliyev 2014/2015-ci tədris ilinə nisbətən ali təhsil müəssisələrinə tələbə  qəbulunun keyfiyyət göstəricilərində  dayanıqlı artım dinamıkasının müşahidə olunduğunu söylədi: “Belə ki, son 5 ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26.5 faiz, 400 baldan çox toplayanların sayı 35.1 faiz, 500 bal toplayanların sayı 51.5 faiz, 600 baldan çox toplayanların sayı isə 81.3 faiz arib. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu ilin qəbul imtahanlarında 3127 nəfər abituryent 600 baldan yuxarı nəticə göstərib. Həmin göstərici ötən il 2472 nəfər, 2016-ci ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-ci ildə isə 1725 nəfər olub. Bu tədris ilində 29 nəfər abituryent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər idi”.

 

Prorektor onu da qeyd etdi ki, xarici dillərdə tədris aparacaq kadrların hazırlanmasına kafedralarımızda xüsusi diqqət yetirilməlidir: “İşçilər yeniləşdirilərkən gənc nəslin ana dili ilə yanaşı, xarici dillərin heç olmasa birini (ingilis, rus və s.) kamil bilməsi nəzərə alınmalıdır. Həmçinin, universitet rəhbərliyi gənc müəllimlərin xarici dil bilgilərinin təkmilləşdirilməsi sahəsində ciddi iş aparır. Düşünürəm ki, universitet öz maliyyə məsələlərini yaxşılaşdırdıqdan sonra gənc müəllimlərin universitetdənkənar pedaqoji və dil cəhətdən hazırlanması məsələsinə yenidən baxacaqdır. Lakin professor-müəllim heyətinə xarici dillərin universitetin müvafiq kafedrasında tədrisi davam etdirilməli, ehtiyac duyulduğu halda məsələnin həlli üçün universitet rəhbərliyinə müraciət edilməlidir”.

 

Cari tədris ilində universitetin I kursuna 576 xarici ölkə vətəndaşının saziş əsasında ödənişli təhsil hüququ ilə qəbul olunduğunu (keçən il 573 nəfər) diqqətə çatdıran prorektor qeyd etdi ki, universitetin xarici tələbələrlə iş üzrə müvafiq qurumlarının işi böyük elmi şurada dəfələrlə müzakirə olunmuş və onun işinin yaxşılaşması üçün hesabat ilində əməli tədbirlər həyata keçirilmişdir: “Xarici əlaqələr üzrə yeni prorektor təyin olunmuş, fakültə dekanı və dekan müavinləri dəyişdirilmiş, gənc və perspektivli kadrla əvəzlənmiş, həmçinin xarici əlaqələr şöbəsinə də yeni müdir təyin olunmuşdur. Hazırda həmin fakultənin işində müəyyən dönüş yaranmışdır. Lakin əldə olunanlarla kifayətlənmək olmaz”. 

 

Məruzəsində elmi-tədqiqat işlərinin nəticələrinə, univer­sitetin tədris binalarında, kli­nikalarında, yataqxanalarında və həmçinin “Təbib” istirahət düşərgəsində müəyyən əsaslı və cari təmir işlərinin görülməsinə də yer ayıran prorektor keçən tədris ilinin payız və yaz semestrlərinin imtahan ses­siyalarının nəticələri üzərində xüsusi dayandı: “2017/2018-ci ilin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 6 nəfər akademik məzuniyyətdə olmuşdur. Yaz semestri ərzində öz ərizələrinə görə 11 tələbə universitetdən xaric edilmişdir.Beləliklə, 6514 tələbə imtahanda iştirak etmişdir, 340 nəfər imtahanda iştirak etməmişdir. İmtahan verməli olanlardan 5667 nəfəri bütün imtahanlarda müvəffəq qiymətlər alaraq, sessiyanı başa vurmuşdur (86,9%, keçən il 94,1%). İmtahan sessiyasını «əla» qiymətlərlə başa vuranlar – 994 nəfər (15,2%, keçən il 18%), «əla» və «yaxşı» qiymətlərlə – 2177 nəfər (34,4%, keçən il 34,9%), qarışıq qiymətlərlə – 2496 nəfər (38,3%, keçən il 31,6%) təşkil etmişlər. 507 nəfər (7,7%, keçən il 5,8%) «qeyri-kafi almışdır ki, bunlardan da 328 nəfərin yalnız bir fənndən, 95 nəfərin 2 fənndən, 84 nəfərin isə 3 və daha artıq fənndən akademik borcu qalmışdır.

 

Ümumiyyətlə, universitetimizin kəmiyyət göstəricisi 91,7% (2016/2017-cı tədris ili -  94,1%), keyfiyyət göstəricisi 51,3% (2016/2017-cı tədris ili - 58%) olmuşdur və göründüyü kimi kəmiyyət və keyfiyyət göstəricisi azalmışdır”.

 

S. Əliyev universitetimizə bu il qəbul olunmuş tələbələrin test imtahanlarında yüksək nəticələr göstərməsini xüsusi qabardaraq bildirdi ki, universitet rəhbərliyi universitetə yüksək balla daxil olan və Prezident təqaüdçüsü adına layiq görülən tələbələri daimi diqqətdə saxlamağın, onları ictimai işlərə cəlb etməyin, hətta lazım olarsa, kafedralarda elmin müasir tələblərini nəzərə almaqla onlarla əlavə dərs aparmağın zəruriliyini elmi şura üzvlərinin nəzərinə çatdırır.

 

S.Əliyev çıxışının sonunda bir sıra kafedra müdirləri və kafedraların ayrı-ayrı əməkdaşları tərəfindən tədrisin təşkili, dərs cədvəlinin optimal tərtib olunması, ayrı-ayrı fənlərə ayrılan dərs yüklərinin artırılması, fənnin semestr ərzində tədris ardıcıllığı və s. məsələlər üzrə universitet rəhbərliyinə müraciət olunduğunu söyləyərək həmin müraciətlərin diqqətlə öyrənildiyini və imkan daxilində tətbiqinin nəzərdə tutulduğunu söylədi. 

 

Məruzə ətrafında çıxış edən kafedra müdirləri Arif Əfəndiyev, İbadulla Ağayev  və Fariz Camalov hesabatı müsbət qiymətləndirdilər. Eyni zamanda tədris prosesində mövcud olan problemlərdən də danışaraq öz təkliflərini irəli sürdülər.

 

Universitet üzrə mərkəzləşmiş Apellyasiya Komissiyasının sədri, professor Surxay Musa­yev apellyasiya araşdırmalarının nəticələri haqqında şura üzvlərinə məlumat verərək narahatçılıq doğuran bəzi məqamlara toxundu. Bir çox testlərdə sualların şərtinin konkret olmaması, cavab etalonunda doğru cavab variantının səhv verilməsi, test suallarında 2, bəzən 3 düzgün cavabın olması, bəzi testlərə  çox çətin açıq sualların salınmsı və bəzi testlərin məzmunundakı mücərrədliklə bağlı iradlarını diqqətə çatdırdı.

 

Hesabat və çıxışlarda səslənən fikirləri yekunlaşdıran rektor bugünkü elmi şuraya bütün kafedra müdirlərinin dəvət olunmasının heç də təsadüfi olmadığını, müzakirəyə çıxarılan məsələnin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Azərbaycan Tibb Universitetinin ölkə universitetləri arasında həmişə layiqli yer tutduğunu vurğulayaraq qeyd etdi ki, bizim əsas məqsədimiz və borcumuz bu ənənələri qoruyub saxlamaqdır.

 

Hazırkı şəraitin 30, 50 il əvvəlki şəraitdən tamamilə fərqləndiyini söyləyən G.Gəraybəyli dedi ki, yeni dövrün ən vacib xüsusiyyətlərindən biri də rəqabətdir: “Bu rəqabət bazar iqtisadiyyatı dövründə hər bir sahəyə təsir etdiyi kimi, təhsil sahəsinə də təsirsiz ötüşmür. Ölkəmizdə və ölkə xaricində fəaliyyət göstərən hər bir universitetin məhsulu tələbələrdir, hazırladığı kadrlardır. Biz tələbələrə sadəcə olaraq xidmət təklif edirik. Əgər hər hansısa bir xidmətin keyfiyyəti aşağıdırsa - istər məişət xidməti olsun, istər elmi xidmət olsun, istərsə də həkimlik xidməti olsun - o yerə getmərik. Ona görə də biz ilk növbədə dünyada gedən prosesləri izləyərək tədrisin keyfiyyəti haqqında düşünməliyik”.

 

Elə bu gün səhər Təhsil Nazirliyi ilə Avropa Şurasının təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində birgə həyata keçirdiyi beynəlxalq layihənin açılışında iştirak etdiyini şura üzvlərinin diqqətinə çatdıran rektor həmin layihəyə səhiyyə ixtisasının salınmamasından  təəssüfləndiyini də dilə gətirdi. Bildirdi ki, layihədə 4 seçilmiş ixtisas üzrə proqramların standartlaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yaxşılaşdırma prosesinə aid hüquqi sənədlərin hazırlanması, eləcə də tələbələrin və müəllimlərin sərbəst mübadiləsi nəzərdə tutulur. Təhsilin keyfiyyətinin universitetimiz üçün də prioritet məsələ olduğunu vurğulayan G.Gəraybəyli əvvəlki illərlə müqayisədə qəbul planının nəzərə çarpacaq dərəcədə azalmasına diqqət yönəldərək bu prosesin kadr məsələlərinə, xüsusən də müəllimlərin akademik yükünə ciddi təsir etdiyini dedi.

 

G.Gəraybəyli qəbul planının azalmasına, qəbul imtahanlarının nəticəsinə görə bütün yerlərin dolmasına baxmayaraq, 9 nəfərin qeydiyyatdan keçmədiyini, yəni bizim universitetdən imtina etdiyini,  təkrar sorğu əsasında onların əvəzinə daha az bal toplayan abituriyentlərin universitetə göndərildiyini söylədi. Eyni zamanda müalicə fakültəsinə ödənişsiz əsaslarla daxil olmuş 2 nəfərin öz ərizələri ilə universitetdən imtina etməsini,  digər tərəfdən demək olar ki, hər semestrin əvvəlində 5-10, bəzən 15 nəfərə yaxın müxtəlif kurs tələbələrinin universitetdən getməsini təəssüflə qeyd etdi. Bütün bu halları  keyfiyyət uğrunda rəqabətin nəticəsi kimi dəyərləndirərək, “ancaq xidmətin daha yüksək səviyyəyə qaldırılması sayəsində bu axın azalacaq” – deyən rektor universitetimizə qəbul olmaq üçün xarici ölkə vətəndaşlarının qarşısına qoyulan tələblərə, o cümlədən  ingilis dillindən dərs deyən müəllimlərlə bağlı problemlərə də toxundu. Eyni zamanda Türkiyə universitetləri ilə çox yaxşı əlaqələrin qurulmasından məmnunluqla söhbət açdı.

 

Kurasiya sistemində olan dəyişiklər haqqında tələbələrin və müəllimlərin reaksiyasına münasibət bildirən rektor  uzaqgörən tələbələrin bu sistemi çox yaxşı qiymətləndirdiyini, ancaq bəzilərinin “biz yoruluruq”, “kursa çatmırıq”  kimi cəfəng səbəblər göstərdiyini vurğuladı. Kliniki kafedralarda, xüsusən də cərrahiyyə yönümlü kafedralarda çalışan bəzi müəllimlərin bu siztemdən niyə razı qalmadıqlarına da aydınlıq gətirdi: “Təbii ki, bir neçə yerdə işləyən, xəstə qəbul edən, əməliyyata gedən adam üçün bu sistem əlverişli deyil. Kliniki kafedralarda işləyən müəllimlərin əksəriyyəti imkan yarandıqca 1 ştat vahidinə keçiriləcək, yəni yeni kadrların işə qəbulu və digər strateji xətlər elə istiqamətə yönələcək ki, kliniki kafedralarda 0.25, 0.5 ştat vahidində qalan olmasın”.

 

Hərbi Tibb Fakültəsində ke­çid balının 500-ə qaldırılma­sı ilə fakültənin sayda itirsə də, keyfiyyətdə qazandığını deyən universitetin rəhbəri yekun nitqində test imtahanlarının təkmilləşdirilməsi yollarından da danışdı. “Elektron Universitet”ə keçidlə, professor- müəllim heyətinin bal-reytinq attestasiyasından keçməsi ilə bağlı tövsiyələrini verdi, kadr və digər məsələlərə dair fikirlərini də şura üzvləri ilə bölüşdü.

 

Stomatologiya (müalicə-profilaktika və digər fakültələr üçün) kafedrasının müdiri, professor Tamara Hüseynovanı kafedrada məsləhətçi-professor vəzifəsinə seçən,  elmlər doktoru işinin mövzusunu, elmi məsləhətçisini təsdiqləyən Böyük Elmi Şura müsbət rəy alan dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin əlyazmalarını çapa tövsiyə etdi və müsabiqə məsələlərinin həlli ilə öz işini yekunlaşdırdı.