Son illər daha çox insan dişlərini müalicə etdirmək, plomb və qapaq qoydurmaq əvəzinə, implantlara üz tutur. Müasir stomatologiyada implantlardan geniş istifadə olunur.
ATU-nun ortopedik stomatologiya kafedrasının dosenti Azad Tağıyev deyir ki, implantlara qədər stomatologiyada diş protezlərindən istifadə olunurdu. Bu isə xəstələr üçün narahatçılıq yaradırdı: “Protezdən istifaə edən xəstələr çeynəmə funksiyasını tam bərpa etmirdilər. Protez estetik baxımdan da problem yaradırdı. İmplantlar diş protezlərin çatışmazlıqlarını aradan qaldırdı. İmplant çənə sümüyünə yerləşdirilmiş süni bir diş köküdür. İmplant dişlər daha estetik, daha funksionaldır”.
Həkim bildirir ki, implantasiya itirilmiş dişlərin bərpası üçün müasir metodlardan biri kimi daha çox populyarlıq qazanıb. İmplant müalicəsi Avropa ölkələrində artıq zəruri bir hala çevrilib.
ATU-nun Stomatoloji Klinikasında implantların yerləşdirilməsi üçün hər cür şərait və avadanlıq var: “ATU-nun ortopedik stomatologiya kafedrasında bir neçə həkim implantlarla məşğul olur. İmplantologiya stomatologiyanın cərrahi və ortopedik bölmələrini əhatə edir. Cərrahiyyə mərhələsi bitdikdən sonrakı hissədə ortopedlər implant üzərində iş aparırlar. Yəni, implantın funksiyası və dişlərin estetikası bərpa edilir”.
A.Tağıyevin sözlərinə görə, rəhbərliyinin təşəbbüsü ilə kafedrada iş müasir stomatologiya standartlarına uyğunlaşdırılıb. Tədris prosesində islahatlar aparılıb, dərs proqramları dəyişdirilib. Artıq implantologiya ilə bağlı hissə proqrama da əlavə olunub. Bu sahəyə aid mühazirələr təşkil olunur. Hazırda implantologiyanın müasir metolarına dair bölmələrin dərs vəsaitlərinə salınması istiqamətində iş aparılır.