Azərbaycan Tibb Universiteti (ATU) dünyanın müxtəlif ölkələri, o cümlədən qonşu ölkələrdəki ali məktəblərlə sıx əməkdaşlıq əlaqələri yaradıb. Tbilisi Dövlət Tibb Universiteti ilə qurulan münasibətlər buna bariz nümunədir.
Bu gün Gürcüstanın əsas ali məktəblərindən olan bu universitetin nümayəndə heyəti ATU-nun qonağı olub.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov çıxış edərək ATU-nun tarixi haqqında qonaqları məlumatlandırıb. Qeyd edib ki, hazırda ölkənin aparıcı ali məktəbi olan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb: “ATU hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır”.
N.Zeynalov qonaqlara ATU-nun nəzdindəki klinikalar haqqında da geniş məlumat verdi. Onun sözlərinə görə, universiteitn Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarında tələbələrin keyfiyyətli təhsili, praktiki məşğələlər, laboratoriya işlərinin aparıılması üçün lazımi maddi-texniki baza var. ATU-nun klinikalarla yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qeyd edib ki, Tibb Universiteti əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir.
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev hazırda universitetdə 2000-ə yaxın xarici tələbənin təhsil aldığını bildirdi. Onlar arasında Türkiyə, İran, İraqdan olan gənclərin üstünlük təşkil etdiyini qeyd etdi. Xarici tələbələrin qəbulu prosesindəki yeniliklər barədə məlumat verən O.İsayev onu da bildirdi ki, artıq 5 aydır əcnəbi vətəndaşlar yeni üsulla – Skype-la müsahibə əsasında universitetə qəbul olunur.
Tbilisi Dövlət Tibb Universitetinin Xarici tələbələrlə iş üzrə dekanı, professor MD.PhD. Davit Tophuria ətraflı məlumat üçün təşəkkürünü bildirdi və təmsil etdiyi məktəb haqqında məlumat verdi. Onun sözlərinə görə, Tbilisi Dövlət Tibb Universitetinin də yaranma tarixi ATU kimi ötən əsrin 30-cu illərinə gedib çıxır. Hazırda 5 mindən çox tələbəsi olan bu universitetdə təhsil alanların 10 faizi əcnəbilərdir. Beş əsas fakültəsi olan universitet Azərbaycan Tibb Universiteti ilə tələbə və təcrübə mübadiləsinin yaranmasında çox maraqlıdır.
Tbilisi Dövlət Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Khatuna Todadze də iki ali müəssisə arasında münasibətlərin sıxlaşdırılması, davamlı birgə layihılərin icra olunmasının, mövcud əlaqələrin aktivləşdirilməsinin tərəfdarı kimi çıxış etdi.
Müzakirələrdən sonra tərəflər arsında mövcud olan əməkdaşlıq sazişinin şərtlərinin yenilənməsinə dair razılıq əldə olundu.