Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirinin əmri ilə təsdiq olunmuş yekun attestasiya komitəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.3. və 4.7 bəndlərinə uyğun olaraq hər ilin oktyabr ayında rezidentlərin dövri və yekun attestasiyası keçirilir. Bu il isə oktyabrın 4-5-də attestasiya keçirilib:
“Prosesdə ümumilikdə 1043 nəfər rezident iştirak edib. Onlardan 12-si minimal 30 balı toplaya bilmədikləri üçün dövri attestasiyadan keçə bilməyiblər. Yekun attestasiyanın keçirilməsi ilə əlaqədar Səhiyyə Naziri cənab O.Şirəliyevin əmri ilə 131 nəfərdən ibarət komissiya yaradılıb. Bu komissiya üzvləri bütün 40 ixtisası əhatə edir və onlar buraxılış yekun attestasiyasının II mərhələsi- kliniki bacarıqları qiymətləndirəcəklər”.
Rektor G.Gəraybəyli artıq iki ildən çoxdur Tibb Universitetində tələbələrin biliklərinin yeni üsulla qiymətləndirildiyini xatırlatdı. Belə ki, yeni qaydalara görə, ənənəvi qapalı testlər indi açıq suallarla əvəz olunub: “Biz bu qaydanı rezidentlərin yekun attestasiyasına da şamil etmək fikrindəyik. Növbəti tədris ilindən attestasiyada bu sistemə keçid planlaşdırılır”. Sonda rektor Gəray Gəraybəyli görüş iştirakçılarına imtahanlarda uğurlar dilədi.
ATU-nun rezidentura və magistrtura şöbəsinin professor Rizvan Məmmədov attestasiya imtahanlarının gedişi barədə zəruri məlumatları açıqladı. Bildirdi ki, səhiyyə nazirinin əmrinə əsasən, yekun attestasiyanın I mərhələsi 24 oktyabr 2018-ci il tarixində ATU-nun İmtahan Mərkəzində, II mərhələsi isə 29 və 30 oktyabr 2018-ci il tarixlərində müvafiq ixtisaslar üzrə cərrahi, terapevtik, stomatoloji və onkoloji klinikalarımızda və tədris binalarında keçiriləcək.
“Bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Bundan əlavə, ötən il attestasiyaya buraxılmayan 11 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 19 nəfər, habelə attestasiyaya gəlməyən 15 nəfər də (cəmi 45 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər. Beləliklə, ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçməlidir”.
Rizvan Məmmədov qeyd edib ki, ötən il olduğu kimi bu il də yekun attestasiyada iştirak edəcək rezidentlərin sayının çox olması İmtahan Mərkəzinin öz işinə daha məsuliyyətlə yanaşmasın tələb edir. Odur ki, yekun attestasiyanın keçirilməsi üçün nəzarətçilər daha diqqətli olmalı, bütün rezidentlər şəxsiyyət vəsiqələrini təqdim edərək imtahana buraxılmalıdırlar. İmtahanın II mərhələsinin təşkilində klinika rəhbərləri də yaxından iştirak etməlidirlər. Onlar kafedra müdirləri ilə birlikdə rezidentlərin klinikalara və imtahan otaqlarına daxil olmalarını təmin etməli, müvafiq ixtisaslar üzrə attestasiyaların keçirilməsi üçün auditoriyaların təşkilinə, lazım olan əyani vəsaitlərlə onların təmin edilməsinə kömək göstərməlidirlər.
Görüşdə yekun attestasiyanın yüksək səviyyədə təşkili ilə bağlı zəruri məsələlər müzakirə olunub.