İranın Təbriz Tibb Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Nümayəndə heyətini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli İranın ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrini genişləndirdiklərini bildirib. Rektor bundan öncə İran İslam Respublikasının başqa bir universitetinin əməkdaşları ilə də görüşdüyünü xatırladıb: “Biz artıq digər universitetlə də əməkdaşlığa başladıq. İranın ali təhsil ocaqları ilə əlaqələrimizi genişləndiririk. Ümid edirəm ki, bu görüşdən sonra sizin universitetlə də fəal işləyəcəyik. Həm tədris, həm də klinik yönümlü qarşılıqlı əməkdaşlıq edəcəyik. Ən əsası odur ki, sizinlə dil problemi olmayacaq və bu, çox böyük faktordur”.
Rektor G. Gəraybəyliyə təşəkkür edən İran İslam Respublikaısnın Səfirinin birici müşaviri M. Rıza Bagheripur gələcəkdə daha sıx əməkdaşlıq edəcəklərindən məmnunluğunu bildirib: “İranın və Azərbaycanın səhiyyə nazirləri arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında səhiyyə sahəsinə aid münasibətlərin genişləndirilməsi, yeni əlaqələrin qurulması məsələləri müzakirə edilib. Biz də həmin görüşdən ilhamlanaraq burdayıq. Əminəm ki, universitetlərimiz arasında əməkdaşlıq münasibətləri hər iki ölkə universiteti üçün faydalı olacaq”.
Təbriz Tibb Elmləri Universitetinin tədris işləri üzrə prorektoru Dr. Ali Taghizadieh təmsil etdikləri universitet haqqında məlumat verib. O bildirib ki, adıçəkilən universitet Təbrizdə bir nömrəli ali təhsil ocağı hesab edilir: “Təbriz Tibb Universitetində zəngin biliyə malik professor-müəllim heyəti var. Bir çox ölkələrdən xarici tələbələri burada təhsil alırlar. Biz sizinlə həkim, müəllim və tələbə mübadiləsi etməyə hazırıq. Xüsusilə də, sizin koxlear implant, uşaq cərrahı həkimlərinizi tanımaq istərdik”.
Bakıya dəfələrlə gəldiyini deyən İran Tibb Universitetləri Konsorsiumun rəhbər müavini Dr. Saeid Aslanabadi bu səfərin daha səmərəli olacağına inandığını qeyd edib. Onun sözlərinə görə, əgər universitet mütəxəssisləri arasında qarşılıqlı əlaqə yaranarsa, bunun hər iki ölkənin tibb sahəsi üçün müsbət nəticəsi olar.
Qonaqlara təşəkkür edən rektor Gəray Gəraybəyli qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, ATU rezidentləri bir çox ölkələrə, xüsusən də, Türkiyə və Almaniyaya rotasiyaya gedirlər. Amma İranın tibb univesitetlərinin səviyyəsi haqda geniş məlumatları olmadığından, rezidentlər bu ölkəyə müraciət etmirlər: “Məncə, bu istiqamətdə də işlər aparılmalıdır. Bizim Tədris Cərrahiyyə Klinikamızda nadir cərrahi əməliyyatlar icra olunur. Təbii ki, hər dəfə tələbələri ordan bura, burdan ora aparmaq mümkün deyil. Amma indi texnika çox inkişaf edib. Biz teleyayım edə bilərik. Videokonfransın köməyi ilə bizim tələbələr sizin, sizin tələbələr isə bizim əməliyyatı canlı izləyə bilərlər”.
Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov da iştirak edib. Görüşdən sonra qonaqlar ATU-nun klinikaları ilə tanış olublar.