Böyük Elmi Şuranın noyabrın 27-də keçirilən iclasını açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
Əvvəlcə “ATU-nun I müalicə-profilaktika fakültəsində tədrisin vəziyyəti və gənc mütəxəssislərin hazırlanmasının yaxşılaşdırılması işində kollektiv qarşısında duran vəzifələr” haqqında hesabat məruzəsi ilə fakültənin dekanı, dosent Qorxmaz Əhmədov çıxış etdi.
Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolundan danışan fakültə dekanı bildirdi ki, inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar.
O, 3-ü nəzəri və 16-sı kliniki olmaqla özündə 19 kafedranı birləşdirən fakültənin kafedralarında 443 nəfər professor-müəllim heyətinin çalışdığını dedi: “Əməkdaşlarımızdan 1 nəfər Azərbaycan MEA-nın həqiqi, 1 nəfər müxbir üzvü, 2 nəfər Rusiya TEA-nın həqiqi üzvüdür. Fakültədə 64 nəfər professor, 146 nəfər dosent və 233 nəfər baş müəllim, assistent və müəllim tədrislə məşğuldur. 202 nəfər yardımçı personal təlim-tərbiyə prosesinə köməklik göstərir”.
Hazırda 181 qrupda 2158 tələbənin təhsil aldığını, bunlardan 397 nəfərin xarici ölkə vətəndaşı olduğunu söyləyən Q.Əhmədov tədrisin keyfiyyəti və səmərəsini yüksəltmək, hazırlanan gənc mütəxəssislərin tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün dekanlıq və fakültənin fəaliyyət istiqamətlərindən söhbət açdı.
Hesabat məruzəsində fakültə dekanlığının müntəzəm olaraq tədris prosesinin gedişinə nəzarət etməsinə, tələbələrin dərsə davamiyyətini yoxlamaq məqsədilə tez-tez reydlər keçirməsinə də toxunuldu.
Dekanın sözlərinə görə, son imtahan sessiyasının I-VI kurslar üzrə kəmiyyət göstəricisi 94.19%, keyfiyyət göstəricisi isə 55.29% olmuş, keçən ilin müvafiq semestri ilə müqayisədə kəmiyyət göstəricisi 8.1% artmış, keyfiyyət göstəricisi isə 8.3% azalmışdır.
Son iki il ərzində uğurla fəaliyyət göstərən vahid Apellyasiya komissiyasının imtahan sessiyası zamanı meydana çıxan xırda narazılıq və şikayətləri mütəşəkkil, operativ və obyektiv şəkildə həll etdiyini diqqətə çatdıran dekan 2017/18-ci tədris ilində davamiyyət kriteriyalarının dəyişərək qayıb limitinin 20%-ə salınmasını və əlavə olaraq mühazirələrdə iştirak etmə faizinin nəzərə alınmasını çox vacib addım kimi dəyərləndirdi.
Hesabatda tədris-metodik işin təkmilləşdirilməsi məsələsi də öz əksini tapdı. Bildirildi ki, son bir il ərzində kafedra əməkdaşları tərəfindən 12 dərslik, 5 monoqrafiya, 19 dərs vəsaiti və 7 metodik vəsait nəşr edilmişdir: “Çox pozitiv haldır ki, artıq bəzi kafedralarımızda dərslik hazırlanarkən kollektiv əməkdən istifadə olunur, yəni bir müəllifin deyil, kafedranın elmi potensialından maksimal dərəcədə istifadə etməklə, vahid tədris vəsaiti yaranır və nəticə etibarı ilə, həm hər bir müəllim tədris etdiyi fənnin yenilənmiş materialını mənimsəyir, həm də tələbələr üçün bir fəndən bir neçə dərsliyin olması problemi tədricən aradan götürülür”.
Fakültədə professor-müəllim heyətinin elmi-pedaqoji səviyyəsinin artırılması istiqamətində də müəyyən işlər görülüldüyünü deyən Q.Əhmədov bu tədris ilindən etibarən, IV və V kurslarda kurasiya sistemi ilə keçən praktiki məşğələlərin artıq kurasiya şəklində deyil, qoşa saat formatında aparıldığını vurğuladı.
O da bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə 1 qrant layihəsi “Histologiya, embriologiya və sitologiya” kafedrasında uğurla icra olunur: “Bu fondun imkanlarından daha geniş istifadə etmək məqsədəuyğun olardı. Buna bizim elmi potensialımız imkan verir.
Hesabat dövründə kafedra əməkdaşları tərəfindən 413 elmi məqalə və 483 tezis çap olunmuşdur. Məqalələrin 32.44%-i xarici ölkə məcmuələrində dərc edilmişdir. Bu dövrdə 4 tibb üzrə elmlər doktoru və 20 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə olunmuş, 42 doktorluq, 105 fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqatlar davam edir”.
Hesabatda tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına və onlarda milli qürur, vətənpərvərlik ruhunun formalaşdırılması, torpaqlarımızın azadlığı uğrunda ardıcıl mübarizə əzmi, mənəvi sərvətlərimizə, ekoloji mühitə qayğıkeş münasibətin aşılanmasına da yer ayrıldı.
Təhsilin keyfiyyət təminatı standartlarından birinin monitorinq və onun tərkib hissəsi olan tələbə məmnunluğu olduğunu vurğulayan Q.Əhmədov çıxışının sonunda fakültə kollektivinin bundan sonra da bütün bilik və bacarıqlarını yüksək ixtisaslı, mənəvi cəhətdən saf, milli dövlətçiliyimizə sədaqətlə xidmət edən mütəxəssislərin hazırlanmasına sərf edəcəyinə əminliyini söylədi.
Məruzə ətrafında çıxış edənlər hesabatı qənaətbəxş qiymətləndirərək müzakirə olunan məsələyə münasibət bildirdilər. I mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva müəllimlərin bal-reytinqinin qiymətləndirilməsində tələbələrin rolunu nisbətən azaltmağı təklif etdi.
I daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov ürək, qan-damar sistemi xəstəliklərinin proqramını özündə tam əhatə edən “Klinik kardiologiya” adlı dərs vəsaitini çap etdirdiklərini, eyni zamanda bir neçə fənn üzrə dərs vəsaitinin yazılması prosesinə başlanıldığını söylədi. O, qayıb limitinin tətbiq edilməsi nəticəsində mühazirənin keyfiyyətinə tələbatın artdığını da diqqətə çatdırdı.
Tətbiqinə yeni başlanılan aralıq imtahanlarının keçirilməsindən, testlərə açıq sualların salınmasının üstünlüklərindən danışan histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov bildirdi ki, bu zaman tələbələr özləri də layiq olduqları qiyməti aldıqlarını hiss edirlər.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalov I müalicə-profilaktika fakültəsi ilə işgüzar münasibətləri asanlaşdıran amillərdən söhbət açdı.
Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva universitetimizdə çox istedadlı, fikirlərini xarici dildə sərbəst ifadə edə bilən tələbələrin olmasını məmnunluqla vurğuladı.
Müzakirələrə yekun vuran rektor tədrisin təşkilində və nəzarətində dekanlığın üzərinə düşən vəzifələrə diqqət yönəldərək ilk növbədə kafedralarla sıx əlaqələrin vacibliyini önə çəkdi. Qeyd etdi ki, bu əlaqələr tədris prosesinin təşkilində və nəzarətində, tələbənin probleminin yerindəcə dərhal həll olunmasında özünü mütləq göstərməlidir: “Bildiyiniz kimi, artıq semestrin ortasındayıq. Bu semestr ərzində bir çox yeniliklərin tətbiqiinə başlanılıb. Kurasiya sistemindəki yeniliklə əlaqədar dekanlıqlar və rektorluq bir çox problemlərlə rastlaşıb. Tələbələrin haqlı iradları əsasən cədvəllərin bir qədər avtomatik surətdə, köhnə üsulla, necə var elə də tərtib olunması ilə bağlıdır. Cədvəllərin tərtibi zamanı zəzərə alınmalıdır ki, kafedralarımızın bazaları bir yerdə yox, iki, hətta 3-4 yerdə yerləşir. Bu məsələnin diqqətdən kənarda qalması tələbənin birinci dərsi klinikada, ikinci dərsi tamamilə başqa bir bazada, üçüncü dərsi yenə klinikada keçməsi ilə nəticələnir və narazılıq yaradır. Biz operativ şəkildə 17-yə qədər qrup birləşməsinin cədvəlində dəyişiklik etdik və bu problemləri bir qədər nizamladıq. Bütün dekanlıq işçilərinə üzümü tutub demək istəyirəm ki, bizim əsas işmiz problemlərin qabaqcadan proqnozlaşdırılımasına və onların profilaktikasına yönəlməlidir. Hesab edirəm ki, elektron jurnalın yaranması və istifadəyə verilməsi bu məsələlərdə bizə böyük köməklik göstərəcək”.
Testlərin yazılması və imtahanların keçirilməsində də dekanlıqların xüsusu rolunun olduğunu vurğulayan G.Gəraybəyli artıq bu ildən tətbiqinə başlanılan bal-reytinq attestasiyasının ilk nəticələri barədə fikirlərini də şura üzvləri ilə bölüşdü. 140 nəfərə yaxın müəllimin attestasiyadan keçdiyini, 7-8 nəfərin bal-reytinq nəticələrinin uğursuz olduğunu diqqətə çatdıraraq Elmira xanımın çıxışında səslənən təklifə də münasibət bildirdi: “Qəbul etsək də, etməsək də prinsiplər dəyişibdir. Bir vaxtlar universitet tələbələrdən asılı deyildi. İndiki durumda isə hər birimiz tələbələrdən daha çox asılıyıq. Bu gün tələbə bizim üçün yox, biz tələbə üçünük. Bu nöqteyi-nəzərdən bizim işimizə tələbələrin qiymət verməsi təbii qarşılanmalıdır. Dünyada təsdiq olunmuş xüsusi şkalalar, xüsusi qiymətləndirmə üsulları var ki, bunların vasitəsilə tədrisin və ayrı-ayrı kafedraların işini qiymətləndirmək mümkündür. Mən inanmıram ki, hansısa bir faizi istisna olmaqla, müəllimlərin bal-reytinq sorğusunda iştirak edən tələbələrin hamısı qərəzlidir”.
G.Gəraybəyli bal-reytinq attestasiyasının keçirilməsində dekanlıqların rolunu xüsusi vurğulamaqla yanaşı, gələcəkdə daha çox tələbənin sorğuya cəlb edilməsi ilə müəllimin ortaq reytinq balının müəyyənləşəcəyini də söylədi.
Beynəlxalq təhsildə tələbəyə fərdi yanaşmanın əsas kriteriyalardan biri kimi qəbul edildiyini deyən rektor bu sahədə mövcud olan problemləri də şura üzvlərinin nəzərinə çatdırdı. Bəzi müəllimlərin öz fəaliyyətlərini öyrətməkdə yox, soruşmaqda görməsini ciddi tənqid edən rektor aralıq imtahanları zamanı bir neçə kafedrada testlərə daha çox vaxt aparan sualların salınmasını “kiçik sobataj” adlandırdı.
Yekun çıxışında kafedra müdirlərinin seçkisində alternativ namizədlərin olmasının, elmi işlərin, o cümlədən dissertasiyaların təsdiqi zamanı problem komissiyasının, fakültə elmi şurasının rolunun zəruriliyinə toxunan universitet rəhbəri bir daha vurğuladı ki, bütün hallarda əsas məqsəd təhsilin keyfiyyətini yüksəltməkdir.
ATU-da “qonaq professor” (visiting professor) vəzifəsinin təsis edilməsini, elmlər doktoru işinin mövzusunu və elmi məsləhətçisini, dissertasiya işinin adının dəyişdirilməsini təsdiqləyən, xarici dillər kafedrasının professoru, filologiya ü.e.d. Tamilla Xəlilovanı kafedrada məsləhətçi-professor vəzifəsinə seçən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri və müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.