Otorinolarinqologiya üzrə beynəlxalq elmi-praktik konqres işə başlayıb

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqresi işinə başladı. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü qarşısına əklil qoyub və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Dövlət himninin səslənməsi ilə start verilən tədbirin əvvəlində iştirakçılara Şərq aləmində qurulmuş ilk demokratik respublikanın tarixi haqqında sənədli film nümayiş etdirildi.

 

Konqresdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Cümhuriyyət ilində Tibb Universitetində bir çox önəmli tədbirlərin keçirildiyini xatırlatdı. Bunlar sırasında yerli və beynəlxalq mütəxəssislərin iştirakilə baş tutan konqreslər, konfranslar, seminarları vurğuladı: “Lakin ATU-nun Otorinolarinqologiya kafedrası tərəfindən ilk dəfə olaraq bu miqyasda beynəlxalq konqres təşkil olunub. Toplantıda Türkiyədən, Rusiya Federasiyasından, Almaniyadan, Tacikistandan, Özbəkistandan və Gürcüstandan dəvət olunan mütəxəssislər otorinolarinqologiya üzrə xəstəliklərin diaqnostikası və müalicəsində ən son yeniliklər barədə danışacaqlar, bu sahədə apardıqları müalicə və diaqnostik metodlar haqqında məruzə edəcəklər. Məqsəd sözügedən sahələrin gələcək inkişaf perspektivlərini iştirakçılarla birgə müzakirə etmək, Azərbaycanda bu sahələrin inkişafına daha da dəstək olmaqdan ibarətdir”.

 

ATU-nun otorinolarinqologiya kafedrasının müdiri professor Vəfa Pənahian kafedranın tarixi və inkişafı haqqında geniş məlumat verdi.

 

Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynov konqres iştirakçılarını AXC-nin 100 illik yubileyi münasibətilə təbrik etdi. 
Tədbirdə müzakirə olunacaq elmi işlərin Azərbaycan otolarinqologiyasının inkişafında öz yerini tapacaından əmin olduğunu bildirən N.Hüseynov konqres iştirakçılarına uğur arzuladı.
İstanbul Mədəniyyət Universitetinin qulaq, burun, boğaz cərrahiyyəsi kafedrasının professoru Mahmud Təyyar Kalcıoğlu dəvət üçün ATU rəhbərliyinə təşəkkür etdi. Qonaq Azərbaycan və Türkiyə arasında təhsil və səhiyyə sahəsindəki dərin əlaqələrin mövcudl olduğunu, bu konqresin həmin əlaqələrin daha da sıxlaşmasına xidmət edəcəyini bildirdi.

 

Rusiya Federal Otorinolarinqologiya Elmi-Klinik Mərkəzinin direktoru, professor Nikolay Arkadeviç Dayxes qarşılıqlı təcrübə mübadiləsinin bu sahənin inkişafına, yeni diaqnostika və müalicə metodlarının öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

Çıxışlardan sonra qonaqlara bədii hissə təqdim olundu. Rəsmi hissə Azərbaycan Tibb Universitetinin himninin səslənməsi ilə yekunlaşdı.

 

Konqres proqramda nəzərdə tutulmuş qaydada yerli və xarici mütəxəssislərin otorinolarinqologiyanın müxtəlif sahələri üzrə məruzələri ilə işini davam etdirdi. Panellərdə “Orta qulaq xəstəlikləri”, “Daxili qulaq xəstəlikləri”, “Foniatriya”, “Endoskopik Otorinolarinqologiya”, “Pediatrik Otorinolarinqologiya” mövzularına dair mühazirələr dinlənildi. Konqresdə həmçinin “Rinoplastika”, “Baş və boyun cərrahiyyəsi” kimi aktual mövzular ətrafında müzakirələr təşkil olundu.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktik Konqresi iştirakçılarına 12 Davamedici Tibbi Təhsil Balı veriləcək.