Bir neçə il öncə Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası kafedrasında tətbiq edilən yenilik artıq öz müsbət nəticələrini verməkdədir. Bu barədə kafedranın müdiri, professor Vaqif Şadlinski bildirib. Onun sözlərinə görə, dəyişikliyə görə, semestr ərzində tələbələr 3 dəfə kollokvium verirlər. Bu həftə də kafedrada növbəti kollokvium üçün imtahan keçirilir.
“Bu kollokviumun nəticələri tələbənin semestr ərzində əsas göstəricisi hesab olunur. Semestr ərzində qazandığı qiymətlərin ən önəmli olan bu kollokviumun nəticələridir. Gündəlik sorğu istisna olmaqla, kollokvium qiymətləri digər sorğuların birləşdirilməsi nəticəsində bilet əsasında yazılır. Əgər gündəlik qiymətlərlə, kollokvium qiymətləri üst-üstə düşəsə, onda tələbənin qiyməti həmin göstərici qəbul olunur. Kollokvium balı gündəlik qiymətdən bir bal artıq hesab edilir. 15 həftəlik qiymət son kollokvium zamanı elektron sorğu vasitəsilə İmtahan Mərkəzinə göndərilir. 3 kollokviumun nəticəsində bu tələbələrin imtahana buraxılıb- buraxılmayacağı dəqiqləşdirilir”.
V.Şadlinski bildirir ki, tələbə, mühazirələrin 40 faizdən çoxunu, yəni anatomiyadan 3 mühazirə buraxan tələbə imtahana buraxılmır: «Çünki anatomiyada mühazirələrin sayı azdır. Bu tələb həm Bolonya sisteminə görə, həm də ATU-nun Elmi Şurasına əsasən belə formalaşdırılıb”.
Balların verilməsinə gəlincə, tələbənin semestr ərzində ilkin balı ümumi hesablanır. Bu zaman minumum 10 bal dərsə davamiyyətə, 10 bal referatların verilməsinə, 10 bal isə minimum qiymətə görə təyin olunub. “Dərsə davamiyyət və referata görə maksimum 10 bal nəzərdə tutulub. Lakin biliyin qiymətləndirilməsinə daha artıq bal, hətta 30 bal da vermək olur”.
Professorun özlərinə görə, tələbələrin biletinin qiymətləndirilməsi məqsədilə keçirilən imtahanda obyektivliyin təmin olunması üçün biletlər 12 variantda hazırlanır. Bilet suallarından təkrarçılığın qarşısını almaq üçün fərqli mövzulardan istifadə olunur.
Professor son vaxtlar yazılı imtahan zamanı tələbələrin müxtəlif növ gizli cavablardan, müəyyən aparatlardan istifadə etməsindən gileyləndi. Onun sözlərinə görə, tələbələr imtahan zalına girməzdən əvvəl telefonları təhvil versələr də, digər cihazları otağa keçirirlər. Bəzən isə biletlərin dəyişdirilməsinə nail olurlar. Buna görə V.Şadlinski imtahana nəzarətin gücləndirilməsinin vacib olduğunu bildirir.
İimtahanda iştirak edən tələbələr yeni sistemin tətbiqindən razı qaldıqlarını, imtahan suallarının keçilən kursdan kənara çıxmadığını bildirdilər.
Müalicə profilaktika fakültəsinin I kurs tələbəsi , 118A 7A Pünar Musayeva imtahanların bu formada təşkilini bəyənir: “Çünki şifahi sorğu-sual zamanı bəzən insan özünü itirir, fikirni tam izah edə bilmir. Amma belə olanda rahatlıqla fikrimizi cəmləşdirib suallara cavab yazırıq”.
ATU-nun I müalicə profilaktika fakültəsinin I kurs tələbəsi Validə Əhmədova anatomiya kafedrasında dərs və sınaqların təşkilindən razılığını bildirdi: “Dərsin mənimsənməsi üçün kafedrada hər cür avadanlıq var. Bu tip imtahan prosesi çox rahatdı. Sualların hamısı keçdiyimiz mövzuları əhatə edir”.
Müalicə profilaktika fakültəsinin I kurs tələbəsi Elçin Namazov da imtahan prosesinin onu qane etdiyini bildirir: «Suallarda bütün dərslər əhatə olunur. Çətinlik çəkdiyimiz sualları müəllimlərlə müzakirə edə bilirik. İmtahanın yazılı olması yaxşıdır. Amma məncə, 4sual üçün 90 dəqiqə vaxt verilməsi azdır, vaxt məhdudiyyətinə görə biliklərimizi tam ifadə edə bilmirik”.
Qeyd edək ki, ATU-nun insan anatomiyası kafedrasında kollokvium bir həftə ərzində - dekabrın 22-dək davam edəcək.