ATU-nun müəllimi dünya və Avropa çempionatında hakimlik etdi

Kyokuşin Dünya Birliyinin (Kyokushin World Union) təqvim planına əsasən, Bolqarıstanın Varna şəhərində 12-17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Kyokuşin (mütləq həqiqət) karate üzrə dünya çempionatı keçirilib. Kişilər, qadınlar və veteranlar arasında isə Avropa çempionatı baş tutub.

 

Turnirdə 37 ölkədən 750 idmançı və 50 beynəlxalq dərəcəli hakim iştirak edib. Turnirlərdən üç gün əvvəl hakimlər üçün ənənəvi seminarlar və test imtahanları keçirilib. Azərbaycanın ədalət təmsilçisi, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Qələndər Aslanov da hakimlik üçün rəsmi dəvət alıb.

 

Dünya Kyokuşin Birliyi Hakimlər kollegiyasının üzvü olan Q. Aslanov artıq ikinci dəfə dünya çempionatının tatami meneceri seçilib. Bu etimadı doğruldan təmsilçimiz öz həmkarlarını döyüş qaydalarındakı dəyişikliklərlə tanış etməklə, 3 gün təcrübi sınaqlardan keçirib. Çempionatda xüsusən də, gərgin keçən yüngül və orta çəkili idmançıların yarımfinal və final döyüşlərini idarə etmək üçün ən yaxşı hakimlərdən ibarət briqada təyin olunub. Ədalət təmsilçimiz mərkəz hakimi olaraq müxtəlif çəkilərdə qadın və kişilərin 40-dan çox döyüşlərini idarə etmək üçün tatamiyə çıxıb. Gərgin döyüşlər zamanı bir çox mübahisəli anlar yaşanıb. Həmin anlarda Q. Aslanov qaydalara uyğun olaraq peşəkar videoçəkilişləri izləməklə düzgün qərarlar verib.

 

Qələndər Aslanov əvvəlki illərdə keçirilən Avropa və dünya çempionatlarında qərəzsiz hakimliyinə və test imtahanlarında “mükəmməl” yüksək bal aldığına görə sertifikatlarla təltif olunub.