Fransa ölkəmizlə Tibb təhsili üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bu məqsədlə Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ATU-da tələbələrlə görüş keçirib

 

Dekabrın 19-da Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşü keçirilib. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov çıxış edərək görüşün məqsədi və məramı barədə iştirakçılara məlumat verib. Bildirib ki, ATU-nun beynəlxalq əlaqələr coğrafiyası kifayət qədər genişdir və 50-dən artıq ölkəni əhatə edir: “Universitetimiz həmin ölkələrin universitetləri, xəstəxanaları, elmi mərkəzləri ilə əməkdaşlıq edir. Müəllim və tələbə mübadiləsi, elmi layihələr, müxtəlif istiqamətdə təcrübə paylaşımı ilə universitetimizin beynəlxalq əlaqələrini daha da genişləndirir və inkişaf etdiririk.”- deyən prorektor tarixi köklərə malik əlaqəsi olan belə ölkələrdən birinin də Fransa olduğunu vurğulayıb.

 

O, ATU-nun Fransada fəaliyyət göstərən universitetlərlə əlaqələrindən də söhbət açaraq  qeyd edib ki, Fransanın ölkəmizdəki səfirliyi və universitetimnizin rəhbərliyi bu əlaqələri daha da genişləndirmək istəyir: “Məhz onların təşəbüsü ilə belə bir tədbir düzənlənib. Bu səbəbdən  səfirliyin əməkdaşlarını universitetimizə dəvət ermişik. Fransanın Azərbaycandakı səfrinin 1-ci müşaviri cənab Dominuque Gentils və digər əməkdaşlar Fransa təhsili və orada fəaliyyət göstərən ali məktəblərdə necə təhsil almağın yolları barədə sizə ətraflı məlumat verəcək.”

 

Fransanın Azərbaycandakı səfirinin 1-ci müşaviri D.Gentils çıxışında bu tədbiri təşkil etdiyi etdiyi üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalova təşəkkürünü bildirib: “Mənim üçün burada olmaq və Fransa təhsili ilə bağlı sizlərə məlumat vermək böyük şərəfdir. Məqsədimiz digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığı genişləndirməkdir. Artıq iki dövlət arasında bir sıra mühüm layihələrə imza atmışıq. Yəqin bilirsiniz ki, Azərbaycanda “Azərbaycan- Fransa İnstitutu” fəaliyyət göstərir. İnstitut ölkələrimiz arasında bəzi layihələrin həyata keçirilməsində müstəsna rola malikdir. Amma bu vaxtadək tibb sahəsində böyük layihəmiz həyata keçməyib. Bildiyiniz kimi, Fransa tibb sahəsində inkişaf etmiş ölkələrdən biridir. Artıq Azərbaycanla Fransa arasında tibb sahəsində əməkdaşlığa imza atmağın vaxtıdır. Hesab edirəm ki, zalda əyləşən hər bir tələbə Fransada təhsilin keyfiyyətinin yüksək olduğunu yaxşı anlayır.  Ona görə də təhsillə bağlı ən yeni məlumatları diqqətinizə çatdırmaq üçün hər zaman yanınızdayıq və istəyirik ki, Fransa ilə Azərbaycan arasında bu sahədə uzun müddətli əlaqələr yaradaq. Çünki tibbə dair yenilikləri dünyadan təcrid olunmuş formada tətbiq etmək qeyri-mümkündür. Bu səbəbdən əsas məqsədimiz azərbaycanlı həkimlərin Fransada təhsil alması və onların bu sahədə təkmilləşməsidir.”

 

Universitetlərlə əməkdaşlıq üzrə atteşe Maurun Raab ölkəmizdə bir sıra layihələrin həyata keçirilməsinə rəhbərlik etdiyini, o cümlədən “Campus France” ofisinin idarə olunmasında yaxından iştirak etdiyini qeyd edib. O cümlədə Fransada təhsil almaq istəyən tələbələr müraciət etdikləri təqdirdə onlara ətraflı məlumat veriləcəyini, admnistrativ prosedurlarda yaxından köməklik göstəriləcəyini bildirib.

 

Sonra tələbələrə Fransa təhsili ilə bağlı geniş məlumatı səfirliyin əməkdaşı Qəmər Əfşani verib. O, Fransada tibbi təhsilin hansı mərhələlərdən və pillələrdən ibarət olduğu, əgər təhsil alacaqları təqdirdə  hansı vacib prosedurlardan keçməli olacaqları barədə izahat verib.

 

Digər əməkdaş Leyla Əliyeva da səfirliyin nəzdində fəaliyyət göstərən fransız dili kursları ilə bağlı tələbələri məlumatlandırıb.

 

Sonra ATU-nun məzunu olmuş, Fransada tibb təhsili almış Araz Bayramov çıxış edib. Xatırlatdı ki, 16 il öncə Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşları ATU-da belə bir tədbir düzənləyəndə bu ölkədə tibbi təhsilini almağa qərar vetib: “Baxıram zala, sizlərlə qürur hissi keçirirəm. Görürəm ki, Fransada təhsil almaq istəyən tələbələrin sayı çoxdur. Mən də 16 il öncə Azərbaycanın Fransadakı Səfirliyi ATU-da Fransada təhsillə bağlı keçirdiyi tədbirdə qərara gəldim ki, bu ölkədə təhsil alım. Düzdür o zaman tələbə yoldaşlarımdan mənə inanmayanlar da oldu. Amma məqsədimə çatmaq üçün üzərimdə çalışdım, xeyli mütaliə etdim. Ona görə sizlərə də qəribə gəlməsin və özünüzə inanın və Fransada təhsil almaq üçün üzərinizdə çalışın. Hazırda Fransanın Azərbaycandakı Səfirliyiondə fransız dili kursları fəaliyyət göstərir. İlk öncə dili mükəmməl öyrənin, sonra Fransada necə təhsil almağın yollarını arayın. Fransada tibb təhsili tamamilə fərqli istiqamətdədir. Fərqli yanaşma var, hər şey detalları ilə öyrədilir. Hər cür incəlikəri öyrənmək üçün elmi araşdırma və mükəmməl təcrübə keçmək imkanları var. Bu səbəbdən qızımın da Fransada tibb təhsili almasını istəyirəm. Onun üçün səfirliyin nəzdində fəaliyyət göstərən fransız dili kurslarına gedir. Hər halda Fransada təhsil alsanız və təcrübə keçsəniz qazanacaqlarınız çox olacaq.”

 

Tədbirin sonunda səfirliyin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verib.