Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “I Azərbaycan-Türkiyə ürək-damar cərrahiyyəsi” konfransı keçirilib.
Konfransda ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov dünyada ürək-damar xəstəliklərinin ölüm hallarının əsas səbəbi olduğunu deyib: “Xəstəlik vaxtında aşkarlanarsa və zəruri tədbirlər görülərsə, müsbət nəticələr əldə etməklə yanaşı, ölüm hallarının qarşısı alına bilər. Konfransın əsas məqsədi ürək-damar cərrahiyyəsində tətbiq olunan müasir metodların müzakirəsi və təcrübə mübadiləsidir”.
Açılış nitqindən sonra ATU-nun professoru, damar cərrahı Məhəmməd Kərimov və professor Kamran Musayevin sədrliyi altında sessiyalar işinə başladı.
Konfransda Dəniz Göksedef “Süni ürək cihazları ürək transplantasiyasına alternativ ola bilərmi?”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının invaziv kardiologiya şöbəsinin müdiri Qalib İmanov və Dəniz Göksedef kardiocərrahın baxışı “Çox damar koronar xəstələrində cərrahiyyə və ya stentləmə?”, İsmail Yürekli “Periferik arteriya xəstəliklərinin müalicəsində eyni vaxtlı hibrid müdaxilələr”, Bahadır İnan “Aritmiyaların müalicəsində cərrahiyyənin yeri varmı?”, Məhəmməd Kərimov “Varikoz xəstəliyinin müalicəsinə müasir baxış”, Kamran Musayev “3D texnalogiyasının ürək cərrahiyyəsində istifadəsi: Bakı təcrübəsi”, Anar Əmrah “TAVİ: Bakı təcrübəsi”, Rəşad Mahmudov “Koronar və karotis cərrahiyyəsinə müasir baxış”, Mirəli Məcidov “Koronar cərrahiyyədə full arterial revaskulyarizasiya”, Yasmin Rüstəmova “Atrial fibrilyasiyanın müalicəsində kardial görüntüləmə metodlarının rolu”, İsmail Göyüşov “Atrial fibrilyasiyanın invaziv müalicəsi” mühazirələrlə çıxış ediblər.
I Ürək –damar cərrahiyyəsinə həsr edilmiş konfransda kardiovaskulyar xəstəliklərin diaqnostikası, müalicəsi və dünyadakı müasir yanaşma taktikaları müzakirə edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 4 Davamedici Tibbi Təhsil Balı verilib.