ATU-da 20 Yanvar hadisələrinin ildönümü anılıb

Milli düşüncəmizi dəyişən gecə

“Hər bir böyük xalqın tarixində elə günlər, elə hadisələr, elə səhifələr olur ki, bu hadisələr sonradan xalqın millət kimi formalaşmasına, azadlıq və müstəqillik yolunda uğurlu addımarın atılmasına, dünya miqyasında tanınması və nüfuz qazanmasına töhfə verir. Xalqımızın və Azərbaycanın müasir tarixinin 20 Yanvar səhifəsi məhz belə günlərdəndir”. Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş toplantıda rektor, professor Gəray Gəraybəyli tərəfindən səsləndirilib.

 

Professor G.Gəraybəyli bildirib ki, xalqın hər bir nümayəndəsi kimi həmin gün küçələrdə olan, azadlıq uğrunda vuruşan ATU təmsilçiləri də həmin soyuq yanvar gecəsini unutmayacaq: “İndi burada əyləşənlərdən bəziləri həmin vaxt tələbə, bəziləri müəllim idi. Hər birimiz o günləri daim yaddaşımızda saxlayacağıq. Xalqmızın başına gətirilən bu faciə heç vaxt yaddaşımızdan silinməyəcək”.

 

Sonra ATU rektoru Gəray Gəraybəyli 20 Yanvar gecəsi baş verənlər haqqında danışaraq bu hadisələri “ən böyük terror hadisəsi” adlandırdı. “Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya bir neçə istiqamətdə daxil olan, zirəkli texnika ilə silahlanmış quldur qüvvələri əliyalın insanlara qarşı vəhşilik göstərərək, kütləvi qırğın, terror törətdilər. Səhərisi gün insanlar küçələrə axışdılar. Həmin gün insanlar danışmırdı, küçələrə qeyri-adi şükut çökmüşdü. Terror qurbanlarının kütləvi dəfni, sonrakı günlər baş verənlər yaşından asılı olmayaraq, hər bir azərbaycanlının düşüncəsində mühüm dəyişikliklərə səbəb oldu”. Rektor qeyd etdi ki, məhz 20 yanvar hadisələri milli düşüncəmizdə köklü dəyişikliklərə səbəb oldu.

 

G.Gəraybəyli xatırlatdı ki, məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyi nəticəsində Azərbaycan xalqına qarşı törədilən bu terror hadisəsi hüquqi qiymətini aldı. Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birgə yanvarın 20-də Moskvada - bu terroru törədən imperiyanın düz mərkəzində - Azərbaycan səfirliyinə gələrək, hadisəni kəskin pisləmişdi: “Olaylara ilk siyasi qiyməti də məhz ulu öndər Heydər Əliyev vermişdi. İndi bu barədə hər kəs danışa bilər.

 

Amma həmin gün bu işi görmək çox çətin və təqdirəlayiq idi. Televiziyaların işləmədiyi, rabitənin kəsildiyi bir dövrdə bu addımı atmağı yalnız böyük şəxsiyyətlər bacarardı”.

 

Çıxışının sonunda rektor Gəray Gəraybəyli 20 yanvar hadisələrindən sonrakı dövrdə, müstəqillik illərində Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu və böyük nailiyyətlər əldə etdiyini vurğuladı.

 

ATU-nun Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov 29 ildın sonra da 20 Yanvar hadisələrinin hörmətlə anıldığını bildirdi. Onun sözlərinə görə, bir əsrdə eyni bir millətin digərinə qarşı 3 dəfə soyqırım həyata keçirməsi - tarixdə rast gəlinməyən bi haldır və təəssüf ki, Azərbaycan tarix boyunca bu faciəni yaşamalı olub.

 

ATU-nun Ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru Cabbar Hacıyev 20 Yanvar hadisələrinin Azərbaycan xalqı üçün həm faciəvi, həm də şərəfli bir tarix olduğunu bildirdi: “Xalq haqq, ədalət istəyirdi, torpaqlarının qorunmasını istəyirdi. 60 minlik qoşunun Bakıya hücumu nəticəsində nə qədər gənc, tibb işçiləri qətlə yetirildi. Hhəmin gecə işıqlar söndürülsə də, biz qəzet yandırıb onun işığında əməliyyat edirdik. O cür riskli vəziyyətdə heç kəs özünü düşünmədi. Bu da bizim şərəf tariximizdir”.

 

Universitetin II müalicə-profilaktika fakültəsinin 2-ci kurs tələbəsi Leyla Gəncəliyeva 20 Yanvar faciəsi və həmin gecə həlak olanların xatirəsinin gənc nəsil tərəfindən daim yad olunacağını, bu terrorla bağlı həqiqətlərin bütün dünyada tanıdılması üçün fəaliyyət göstərəcəklərini bildirdi.