Nevrologiya ixtisası üzrə IV kurs rezidenti Aytən Mürsəlova əvvəlcə “Giyen-Barra Sindromu” barədə qısa məlumat verərək bildirib ki, əmələ gəlmə səbəbləri əsasən bəzi infeksiyalar, peyvəndlər və cərrahi əməliyyatlar olan bu xəstəlik ilk növbədə periferik sinirləri zədələyir: “Yəni immun sisteminin pozulması nəticəsində yaranan bu xəstəlik zamanı bədəndə olan anticisimlər sinirləri zədələməyə başlayır. Nəticədə ətraflarda zəiflik, keyimə, udma və vegetativ, həmçinin ürək ritmi pozulmaları, təzyiqin oynaması kimi bir çox simptomlara rast gəlinir. Xəstəlik 4 həftə ərzində inkişaf edir, sonra isə tədricən yaxşılaşmağa doğru gedir”.
Adı çəkilən xəstəliyin epidemiologiyasından da danışan A.Mürsəlova bundan sonra ətraflarında olan zəiflik və keyimə, sərbəst yerişin pozulması, beldə və budlarda ağrılar, ümumi halsızlıq, baş ağrıları, arterial təzyiqin yüksəlməsi şikayətləri ilə klinikaya müraciət edən və hal-hazırda nevrologiya şöbəsində “Giyen-Bara Sindromu” diaqnozu ilə stasionar müalicə alan 46 yaşlı kişinin üzərində aparılan klinik təhlili diqqətə çatdırıb.
O, proqressivləşən əzələ zəifliyi və arefleksiyanı diaqnozu təsdiqləyən əsas əlamətlər kimi səciyyələndirib. Eyni zamanda digər dəstəkləyici əlamətlərə də diqqət yetirildiyini deyərək xəstəyə tətbiq olunan müayinə və müalicə üsulları haqqında da məlumat verib və mövzuyla bağlı sualları cavablandırıb.
Klinik təhlildə professor-müəllim heyəti, həkimlər, rezidentlər iştirak ediblər.